Superseriya-1972: SSRİ

Düzdür, bu, superseriyanın Moskva hissəsi öncəsi, xüsusən də beşinci oyundan sonra arzulanan qədər parlaq qələbə olmayacaqdı, amma son iki oyunda məğlubiyyətdən sonra buna da razılaşmaq olardı.

Foto: Meydan Tv


Kanadalılar son oyuna çıxmayacaqları ilə hədələyəndən sonra kompromis variant qəbul olundu

Kanada və SSRİ hokkeyçiləri arasında 8 oyundan ibarət superseriyanın Kanada hissəsi heç kəsin gözləmədiyi halda sovet hokkeyçilərinin 2:1 (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) hesablı üstünlüyü ilə başa çatdı. Bunun bir mənfi cəhəti vardı ki, indi hamı onlardan superseriyada mütləq qalib gəlmələrini tələb edirdi. Bu isə əlavə psixoloji basqı yaradırdı.

Kanadalılar Moskvaya sentyabrın 20-də gəldilər. Peşəkar idmançılar kimi dünya çempionatlarına və olimpiya oyunlarına cəlb olunmadıqlarından onların demək olar ki, hamısı ilk dəfə Şimali Amerikadan kənara çıxmışdılar. Həm də SSRİ elə-belə “kənar” deyildi, tamamilə başqa siyasi quruluşa malik ölkə, Fil Espozitonun dediyi kimi, “kommilər” idi.

Kanadalıların bir çoxu Moskvada təqib maniyasına mübtəla olmuşdular. Onlar güman edirdilər ki, haqqında qorxunc əfsanələr dolaşan KQB (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən izlənilirlər, otaqlarında dinləyici qurğular var. Ueyn Keşmen öz otağındakı güzgüdə dinləyici qurğu olduğundan şübhələnib divardan qoparmış və pəncərədən atmışdı. Deyilənlərə görə, Keşmenin arvadı (kanadalılar arvadları və ya sevgililəri ilə gəlmişdilər) bəzənmək üçün qonşu otağa keçməli olurdu.

Daha qrotesk hadisə Frenk Mahovliçin başına gəldi. Otağında dinləyici qurğu axtaran Mahovliç xalçanın altında döşəməyə dörd boltla bərkidilmiş bir qutu tapdı. Tələsik boltları açmağa başlayanda isə aşağı mərtəbədən dəhşətli bir gurultu qopdu. Sən demə, aşağı mərtəbədə yerləşən konfrans zalının böyük çilçırağı həmin boltlardan asılıbmış. Kanadalılar sınan çilçırağa görə 3850 dollar ödəməli oldular ki, bu da o zamanın kursu ilə indikindən dəfələrlə böyük məbləğ idi.

Kanadalılar özləri ilə xeyli ərzaq gətirmişdilər. Bunların arasında steyk hazırlamaq üçün iri ət parçaları və pivə də vardı. Onlar “İnturist”də sovet reallığının bir hissəsi ilə – aşpazların qida rasionundan kəsməsi ilə – rastlaşanda xeyli təəccübləndilər. Steyklər xeyli kiçik görünürdü. Bir-iki gündən sonra pivələrin yoxa çıxması isə qonaqları lap qəzəbləndirdi.

***

SSRİ-də böyük hokkey stadionları çox deyildi və buna görə bütün oyunlar Moskvada, 15 min tamaşaçı tutan “Lujniki” idman sarayında keçirildi. Hər oyunda 3 min yer Kanadadan gələn azarkeşlər üçün ayrıldı. 12 min bilet isə partiya, sovet orqanları, müəssisələr tərəfindən paylanılırdı. Bu əhəmiyyətsiz görünən detal komandanı dəstəkləmə keyfiyyətinə ciddi təsir göstərdi. Belə ki, biletlər adətən vəzifəli adamlara nəsib olurdu və onlarda oyun zamanı özlərini “ağır” aparırdılar. Nəticədə 3 min kanadalı azarkeş öz komandalarını 12 min sovet azarkeşindən daha çılğın dəstəkləyirdi.

Moskvada ilk, superseriyada beşinci oyun sentabrın 22-də başladı. Şərəf lojasında Kommunist partiyasının baş katibi Leonid Brejnev, Nazirlər sovetinin sədri Aleksey Kosıgin, Ali Sovetin Rəyasət heyətinin sədri Nikolay Podqornıy, müdafiə naziri Andrey Qreçko və başqaları vardı.

Oyunun çox hissəsi kanadalıları üstünlüyü ilə keçdi. İkinci hissədən sonra hesab 0:3 idi (Parize, Klark, Henderson). İkinci hissənin əvvəllərində komandalar hərəyə bir dəfə fərqləndilər (Blinov və Henderson). 1:4 hesabı üçüncü hissənin ortalarına qədər davam etdi. Kanadalıların qalib gələcəyinə artıq çox az adam şübhə edirdi. Amma 50-ci dəqiqədə sovetlər 8 saniyə ərzində iki qol vurdular. Telekanallar Anisinin vurduğu ilk qolun təkrarını göstərdiyindən ikinci qol zamanı Şadrinin yalnız son zərbəsi göstərildi.

Bu iki qol kanadalıların psixoloji durumunu sarsıtdı və onlar toparlana bilmədilər. Sonrakı 5 dəqiqə ərzində sovet hokkeyçiləri daha iki qol vurdular (Qusev, Vikulov) və hesabda irəli çıxdılar – 5:4. Qalan vaxt ərzində hesab dəyişmədi, seriyada hesab 3:1 oldu. İndi yekun qələbə üçün sovet hokkeyçilərinə qalan üç oyunda bir qələbə lazım idi.

Altıncı oyunda nə birinci, nə üçüncü hissələrdə qol vurulmadı. Əsas hadisələr ikinci hissədə cərəyan etdi. Oyunun 22-ci dəqiqəsində Lyapkin sovet komandasını hesabda irəli çıxardı. Amma 26-27-ci dəqiqələrdə 83 saniyə ərzində qonaqlar üç qol vurdular (Hall, Kurnuaye, Henderson). Bu zaman ikinci və üçüncü qollar arasında cəmi 15 saniyə keçdi. 38-ci dəqiqədə Yakuşev hesabı 2:3 etdi, amma bundan sonra qol olmadı. Kanadalıların qapıçısı Ken Drayden çox yaxşı oynadı, qapısına endirilən 29 zərbədən 27-ni qaytardı.

Bu oyunda kanadalılar xüsusilə kobud oyun səgiləməyə başladılar. Onlar oyun boyu 31 dəqiqə cərimə olundular. Bunun 12 dəqiqəsi (2 dəqiqə azlıqda, 10 dəqiqə əvəz olunmaqla) Bobbi Klarkın payına düşür. O, ikinci hissədə sovetlərin ən yaxşı hücumçusu Xarlamovun topuğundan yuxarı, müdaiəsiz yerə zərbə endirdi. Zədələnən Xarlamov həmin oyunun qalan hissəsini, eləcə də növbəti oyunu buraxmalı oldu. Deyilənlərə görə, məşhur sovet şərhçisi Nikolay Ozerov məşhur “Bizə belə hokkey lazım deyil” (Такой хоккей нам не нужен) sözlərini məhz bu oyunda dedi. Bəzən isə superseriyanın səkkizinci oyununa aid edirlər.

Yeddinci oyunda hesabı isə Fil Espozito 5-ci dəqiqədə açdı. Yakuşev və Petrov ev sahiblərini irəli çıxarsa da, hissənin sonuna 2,5 dəqiqə qalarkən yenə də Fil hesabı bərabərləşdirdi. İkinci hissədə qol olmadı. Üçüncü hissədə Jilber və Yakuşevin qollarından sonra hesab 3:3 oldi. Amma Henderson sona 2 dəqiqə qalarkən Kanadaya qələbə qazandıran qolu verdu – 3:4. Oyun yenə kobudluqlarla yadda qaldı. SSRİ 14, Kanada 22 dəqiqə cərimələndi.

Kanada komandasında qapını növbə ilə Drayden və Toni Espozito (Filin kiçik qardaşı) qoruyurdular. Yeddinci oyunda növbə Toninin idi. O da Draydendən geri qalmaq istəməyərək oyunu yüksək səviyyədə keçirdi. İkinci və üçüncü hissələrdə xüsusən fərqləndi, qapısına vurulan 25 zərbənin 24-nü dəf etdi.

Son oyundan əvvəl hakimliklə bağlı tərəflər arasında mübahisə yaradı. Reqlamentə görə bu oyunu da altıncı oyundakı Qərbi almaniyalı hakimlər dueti idarə etməli idilər. Kanadalılar isə onların deyil, beş və yeddinci oyunları idarə edən çex və isveçli hakimlərin təyin olunmasını istəyirdilər.

Qonaqlar xatırladırdılar ki, Kanadada sovet tərəfinin analoji tələbinə anlayışla yanaşmışdılar. Ruslar isə eyni vəziyyətdə əks mövqe sərgilədilər. Kanadalılar son oyuna çıxmayacaqları ilə hədələyəndən sonra kompromis variant qəbul olundu. Tərəflərdən hər biri bir hakim seçdi. Kanadalılar çex Rudolf Batyanı, sovetlər isə alman Yozef Kompallanı seçdilər.

14_ff113a3b_d_850.jpg
Aleksandr Raqulin Fila Espozitoya qarşı

Yeddi oyundan sonra ümumi hesab bərabər idi – 3:3. Amma vurulan və buraxılan qollarn fərqi SSRİ-nin xeyrinə idi – 27-25. Buna görə də son oyunda onları heç-heçə də qane edirdi. Düzdür, bu, superseriyanın Moskva hissəsi öncəsi, xüsusən də beşinci oyundan sonra arzulanan qədər parlaq qələbə olmayacaqdı, amma son iki oyunda məğlubiyyətdən sonra buna da razılaşmaq olardı.

Nəhayət, sentybarın 28-də superseriyanın olduqca dramatik alınan son görüşü baş tutdu. Bu oyuna maraq həddindən artıq böyük idi. SSRİ-də 50 milyondan artıq adamın baxdığı güman olunur. Bu da o zaman hələ hər evdə televiziya olmayan SSRİ üçün çox böyük rəqəm idi. Kanadanın bəzi iri şəhərlərində həyatın durduğu söylənilir, baxmayaraq ki, oyun iş günü və iş vaxtı (cümə axşamı və Kanada vaxtı ilə saat 12.00-də) keçirilirdi. Kanadanın o zaman mövcud olan 22 milyonluq əhalisinin 16 milyonunun səkkizinci oyuna baxdığı iddia olunur.

Hesabı 4-cü dəqiqədə Yakuşev açdı, üç dəqiqə sonra Fil Espozito hesabı bərabərləşdirdi. Fasiləyə qədər hər komanda daha bir dəfə fərqləndi. Lutçenkonun qoluna Park cavab verdi və ilk hissə 2:2 hesabı ilə bitdi. İkinci hissə də bir müddət eyni ssenari ilə davam etdi. Şadrinin ilk saniyələrdə vurduğu qolun əvəzini on dəqiqə sonra Uayt çıxdı – 3:3. Amma qalan vaxt ərzində Yakuşev və Vasilyev fərqlənərək ev sahiblərini irəli çıxardılar – 5:3.

Qazandıqları üstünlük sovet komandasının əleyhinə işlədi. Onlar üçüncü hissəyə çıxarkən hesabı qorumağa köklənmişdilər. Kanadalıların isə itirməli bir şeyləri yox idi və var qüvvə ilə irəli atıldılar. Fil Espozito əvvəlcə 43-cü dəqiqədə hesab arasındakı fərqi minimuma endirdi. On dəqiqə sonra isə onun ötürməsindən sonra Kurnuaye hesabı bərabərləşdir – 5:5

Bu qoldan sonra böyük qalmaqal yaşandı. Hokkey qaydalarına görə vurulan qoldan sonra qapının arxasında qırmızı işıq yanmalıdır. Amma nədənsə yanmadı. Kanada hokkeyçilərinin həmkarlar ittifaqının sədri, superseriya ideyasının “xaç atası” Alan İqlson ehtiyat oyunçular üçün yeri tərk edərək meydançanın üzərindən qarşı tərəfə keçdi, burada oturan köməkçi hakimlərə etirazını bildirdi. Dərhal hadisə yerində peyda olan milislər (sovetdə polislər belə adladırdı) İqlsonu yaxalayaraq qollarını burdular. İqlson sonralar xatırlayırdı: “ Fikirləşdim ki, vəssalam, ömrümün axırına kimi sovet həbsxanasında qalacağam”.

Amma Kanada hokkeyçiləri İqlsonun müdafiəsinə yetişdilər. Onlar bortun yanında duraraq milisləri hokkey ağacı ilə vurmağa başladılar. NHL-in ən hündürboylu oyunçusu Pit Mahovliç isə bortu da aşaraq İqlsonu milislərin əlindən aldı. Haşiyə çıxım ki, sovet həbsxanası olmasa da, İqlson sonralar maliyyə maxinasiyaları ittihamı ilə bir neçə ay Kanada həbsxanasında yatdı və milyon dollar cərimə ödədi. Üstəlik, üzv edildiyi Hokkey şərəf zalından çıxarıldı.

Oyun bərpa edildikdə sovet komandasının hesabı qorumaq istəyi açıq-aşkar hiss olunur. Statistika da bunu açıq göstərir: əgər ilk iki hissədə onlar rəqib qapısına 22 (12+10) zərbə endirmişdilərsə, son hissədə bu rəqəm cəmi 5 idi. Kanadalılar isə qələbə qazanmaq üçün əllərindən gələni edirdilər. Fil Espozito öz karyerasının ən yaxşı hissəsini oynayırdı. O, hətta əvəzolunma vaxtı çatanda da meydançanı tərk etmirdi.

Bir aya yaxın davam edən, səkkiz oyundan ibarət epopeyanın kulminasiyası son dəqiqədə baş verdi. Sağ cinahdan Kurnuayenin qapı ağzına ötürdüyü şaybaya Henderson zərbə endirə bilmədi, yıxılaraq qapının arxasına sürüşdü. Yan borta dəyən şayba iki sovvet hokkeyçisinin üstünə qayıtdı. Artıq təhlükənin sovuşduğunu güman etmək olardı. Amma məşhur müdafiəçi Vladimir Vasilyev şayba ilə olduqca yöndəmsiz davrandı, Espozito onu ələ keçirdi və qapı qarşısına atdı. Artıq ayaq üstə qalxan Hendersonun ilk zərbəsini Tretyak dəf etdi, ikinci zərbəsi isə qol oldu – 6:5. Bu zaman oyunun bitməsinə 34 saniyə qalırdı.

Qalan vaxt ərzində sovet hokkeyçiləri rəqib qapısı qarşısında təhlükəli heç nə yarada bilmədilər. Final fiti səslənərkən Kanada komandasının bütün heyəti – təkcə oyunçular yox, həm də texniki heyət – buz üzərinə tökülərək çılğınlıqla qələbəni qeyd etməyə başladılar. Sovet tərəfində isə məyusluq hökm sürürdü.

Superseriya Kanada hokkeyçilərini qələbəsi ilə başa çatdi: +4-3=1. Vurulan və buraxılan şaybaların nisbəti SSRİ-nin xeyrinə idi: 32-31. Ruslardan Yakuşev, kanadalılardan isə Espozito və Henderson hərəyə 7 qol vurdular. Espozito daha 6 məhsuldar ötürmə ilə qol+pas sistemi üzrə 13 xal toplayaraq ən məhsuldar oyunçu oldu. İkinci yerdə Yakuşev idi – 11 xal. Yakuşev superseriyanın ikinci yarısını xüsusilə yüksək səviyyədə keçirdi və Moskvadakı dörd oyunun dördündə də öz komandasının ən yaxşı oyunçusu seçildi.

Fil Espozitonun ümumi qələbədə töhfəsi o qədər böyük idi ki, ölkəsinə qayıtdıqda mülki şəxslər üçün nəzərdə tutulan ən ali mükafata – “Kanada ordeni”nə və ilin ən yaxşı idmançısı kimi Lu Marş mükafatına layiq görüldü. Son üç oyunda Kanadanın qələbə qollarını vuran Pol Henderson isə milli qəhrəmana çevrildi.

Fil Espozito 40 ildən sonra verdiyi müsahibədə öz qələbələrini daha emosional və istəkli olması ilə izah edir, nümunə olaraq, qol vurarkən sovet və Kanada hokkeyçilərinin fərqli davranışlarını göstərirdi. Ruslar olduqca sakit davranırdılar, kanadalılar isə hər qolu çılğınlıqla qeyd edirdilər.

Mənim fikrimcə əsas səbəb bir qədər başqa idi. SSRİ komandasının oyunçuları cəmi 5 komandadan toplanmışdı. Onların demək olar ki, hamısı ya öz klublarında, ya da milli komandada bir yerdə oynayırdılar və çoxdan komanda kimi formalaşmışdılar. Kanadalılar isə 10 klubdan toplanmışdılar və peşəkar olduqlarına görə milli komandada çıxış etmirdilər. Buna görə də ilk oyunlarda bri-birlərinə uyğunlaşmaq problemləri vardı. Amma oyundan oyuna (superseriyanın SSRİ-də keçirilən yarısından əvvəl kanadalılar İsveç millisi ilə də 2 oyun keçirdilər) komanda kimi formalaşdılar və bu da son üç oyunda həlledici rol oynadı.

Mütəxəssislərin yekdil rəyinə görə, superseriya hokkeyin inkişafına müstəsna təsir göstərdi. İki fərqli hokkey məktəbi bir-birlərindən çxo şey əxz etdilər. Tretyak həmin oyunları “hokkeydə inqilab” adlandırırdı. Fil Espozito isə 45 il sonra verdiyi müsahibədə deyirdi: biz udmadıq, ruslar uduzmadılar, hokkey qalib gəldi.

Ana səhifəXəbərlərSuperseriya-1972: SSRİ