Büdcə təşkilatlarının əməkdaşları məcburi tədbirə gətirilib
Noyabrın 6-da Sumqayıt şəhər İcra Hakimiyyəti Bayraq Günü ilə əlaqədar tədbir keçirib. Şəhər rəhbərliyinin tapşırığı ilə büdcə təşkilatlarının nümayəndələri – xəstəxana, məktəb və bağçalarda çalışanlar, eləcə də uşaqlar Bayraq Meydanına toplaşıblar.
Məktəblilərin valideynləri də bayram tədbirinə dəvət olunublar. Tədbirə qatılan Meydan TV əməkdaşının məlumatına görə, orta məkəblərdə bu iş üçün xüsusi müəllimələr ayrılıb. Həmin müəllimələr də hər sinifdən neçə valideynin tədbirə qatılacağını müəyyənləşdirib və qeydiyyat aparıblar.
Tibb işçilərinin Meydan TV-yə bildirdiyinə görə, dünəndən baş həkimlər tərəfindən tədbirə qatılmaq haqqında tapşırıq alıblar.
“Direktorlar tədbirə qatılmayan işçilərinin adını qeyd edib lazımi instansiyaya – İcra Hakimiyyətinə ötürürlər” – deyə iştirakçılar vurğulayıb.
Müxbirin sözlərinə görə, tədbirə yığışan insanlar arasında dolaşdıqca direktorların səsi eşidilirmiş. Hətta bəzi işçilər meydanı tərk etmək üçün direktorun getməsini gözlədiklərini bildiriblər.
İki saat davam edən bayram tədbirində məktəblilər şeir deyib, mahnı oxuyublar. Sonda məktəblilərin hərbi yürüşü olub. Bununla da tədbir yekunlaşıb. Polis nəzarətində olan toplantıda hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb.
İcra Hakimiyyəti binası qarşısındakı meydan Eldar Əzizovun şəhərə rəhbərliyi dövründə Bayraq Meydanına çevrilib. Ümumiyyətlə, bu ərazi iki icra başçısının rəhbərliyi dövründə tamamilə dəyişdirilib. Bundan əvvəl icra başçısı olmuş Vaqif Əliyev məşhur sarmaşıqları ilə tanınan İcra Hakimiyyəti binasının görkəmini dəyişdirib. Sarmaşıqlar üzlüklərlə əvəzlənib. Eldar Əziziov isə gələn kimi binanın önündəki asfalt yolu daşla əvəzləyib və Bayraq Meydanı yaradıb.