Sumqayıtlı sahibkarlar dükanlarını satmaq istəmirlər

”Dükanların qapanması 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”

Source:


”Dükanların qapanması 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”

“Sənədli dükanlarımızı sənədsiz sökmək istəyirlər. Razı deyilik. Buna görə də işləməyə imkan vermirlər”, – Sumqayıtın “Şərq bazarı” ticarət mərkəzindəki sahibkarlar belə deyirlər.

Onlar Meydan TV-yə yazaraq 66 dükanın sökülmə təhlükəsi olduğunu bildiriblər:

“Rəşid Babayev adlı bir sahibkardır. Dükanları almaq istəyir. Biz razı deyilik, satmaq istəmirik. Görünür o da istədiyini almayınca, əl çəkmək niyyətində deyil”, – deyir sahibkarlar.

“Arxalarında məmur havadarları var”

Dükan sahibləri üzləşdikləri problemlə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, polisə müraciət etdiklərini deyirlər:

“Ancaq görünür arxalarında məmur havadarları var. Bizim şikayətimizə, ərizəmizə baxan yoxdur. Halbuki heç yer olmasa da, İcra Hakimiyyəti maraqlanmalıdır”.

“Ticarətimizi iflic edib, bizə böyük ziyan vurublar”

Sahibkarlar Rəşid Babayevlə çəkişmələrinin 6 ilə yaxındır sürdüyünü deyirlər. Keçirilən bütün məhkəmələr sahibkarların xeyrinə nəticələnsə də, vəziyyətlərinin dəyişmədiyini deyirlər:

“İşləyə bilməməmiz üçün hər şeyi edirlər. Dükanlarımızın qarşısına hasarlar çəkiblər. Ticarətimizi iflic edib, bizə böyük ziyan vurublar. Aprelin 17-si özünü Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin işçisi kimi təqdim edən bir şəxs gəldi. Abadlıq və və yenidənqurma işləri çərçivəsində dükanlardan malların boşaldılması və tikinti işlərinə başlanılması üçün şərait yaratmaları haqda xəbərdarlıq-bildiriş vərəqi payladı. Bildirişdə qeyd olunurdu ki, yeni tikiləcək, müasir standartlara cavab verəcək ticarət mərkəzində guya sahibkarların da müvafiq ölçüdə ticarət sahəsi ilə təmin oluması nəzərdə tutulub”.

“İllərdir bizə zülm edən birindən xeyir gələcəyinə inanmırıq”

Sahibkarların bu deyilənlərə inanmadıqlarını deyirlər: “Heç bildirişi götürmədik də. İllərdir bizə zülm edən birindən xeyir gələcəyinə inanmırıq”.

Bundan sonra sahibkarlar İcra Hakimiyyətinə gedib memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynovun qəbuluna yazılıblar. Lakin Fəzail Hüseynovla yox, köməkçisi ilə görüşə biliblər:

“Dükanların bağlanması 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”

“Görüşdən sonra belə başa düşdük ki, Sumqayıt İcra Hakimiyyətində bizim dərdə əlac edən olmayacaq. Əksinə, bu problem elə icra hakimiyyətindən qaynaqlanır. Yüzlərlə ailə bu dükanlardan gələn gəlirlə dolanır. Məktəbdə, universitetdə uşaq oxuduruq. Belə etmələri nə dərəcədə doğrudur? Biz hüquqi dövlətdə yaşayırıq və dövlətçiliyimizi, prezidentin yürütdüyü siyasəti həmişə dəstəkləyirik. İnanırıq ki, prezident bu məsələdə sahibkarların  mülkiyyət hüquqlarının pozulmasına imkan verməz. Dükanların  bağlanması iqtisadi böhran dövründə yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir”.

“Şərq Bazarı”nın keçmiş direktoru Rəşid Babayev bu barədə danışmaq istəmədi. O, Meydan TV-yə qanunsuz heç nə etmədiyini bildirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qovayev isə belə bir problemdən xəbərsiz, məlumatsız olduqlarını dedi.

Ana səhifəXəbərlərSumqayıtlı sahibkarlar dükanlarını satmaq istəmirlər