Əfqan Sadıqov haqqında həbs qərarı dəyişmədi, onun 52-ci gündür aclıq etdiyi bildirilir
“Azel.tv” saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun 52 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqovun vəziyyəti kritikdir, hər an həyatını itirə bilər.
Dekabrın 25-də Sumqayıt Apelyasiya Məhkəməsində Əfqan Sadıqovun 7 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılıb. Məhkəmənin ilkin baxış iclasında sayt rəhbərinin özü iştirak etməyib. Onun saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə internet vasitəsilə də qoşulmaq mümkün olmadığından proses onun iştirakı olmadan keçirilib.
Məhkəmədə Əfqan Sadıqovun vəkili onun yekun qərar verilənə qədər ev dustaqlığına buraxılması, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıb. Məhəmmədəli Rzayevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Bu iş üzrə məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.
“Yenə də məhkəmə ədalətə yox, sifarişə əsaslanıb qərar verdi. Adam 52 gündür aclıq edir, həyatını itirə bilər, bunların vecinə deyil. Bugünkü qərar Əfqanı ölümə tərk eləməkdir. Mən İlham Əliyevə müraciət də elədim. Bu qanunsuzluğu aradan qaldırmaq lazım idi. Reaksiya olmadı. Bu necə məmləkətdir? Bu ölkənin rəhbəri hara baxır?”, – deyə Sevinc Sadıqova bildirib.
İddia olunur ki, Ə.Sadıqov Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən onları rüsvay edən materiallar yaymaqla hədələyərək, bunun müqabilində tələb etdiyi pulu alarkən saxlanılıb. Ə.Sadıqov isə ittihamı qəbul etmir, tənqidçi jurnalist fəaliyyətinə görə sifarişlə həbs olunduğunu iddia edir.
Həyat yoldaşı S.Sadıqova da deyir ki, Sumqayıtın icra hakimiyyəti başçısı Zakir Fərəcov bu işdə sadəcə, icraçıdır, sifariş isə daha yüksək vəzifəlilərdən gəlib.
Ə.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. O, hökmün elanından dərhal sonra aclığa başlayıb. Sayt rəhbəri özünü təqsirli bilmir. Cinayət işinin materiallarında isə iddia olunur ki, Ə.Sadıqovun tələb etdiyi pulu almasını sübut edən faktlar var.
Penitensiar Xidmət Ə.Sadıqovun aclıq etməsi haqda rəsmi açıqlama verməsə də, Ombudsman Aparatı aclıqla bağlı xəbəri təsdiqləyib. Ombudsman Aparatından bildirilib ki, həyat yoldaşının müraciətini nəzərə alaraq, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri təcridxanada konfidensial qaydada Ə.Sadıqovla görüşüb. Görüş zamanı Ə.Sadıqov özü haqqındakı cinayət işi və məhkəmə hökmündən narazılığını əsas göstərərək, aclıq etdiyini bildirib.