Satıcılar bir gün işə çıxmayıblar
Fevralın 1-də Sumqayıt şəhərində yerləşən “Şərq bazarı”nın satısıları yer haqqının çox olmasına etiraz əlaməti olaraq işi dayandırıblar. Satıcılar “Karvan” Ticarət Mərkəzinə edilən güzəştlərin onlara da şamil olunmasını istəyiblər. Bu barədə Meydan TV-yə aksiyaçılar məlumat verib: “Təsəvvür edin ki, gündəlik 32 manat 60 qəpik yer haqqı ödəyirik, onun 15 manatı bazar direktoru Rəşid Babayevə verilir. 15 manatı isə şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun adamı kimi tanınan “qarabala” ləqəbli Ramin Hüseynov yığır. Qalan 2 manat həkimə, 60 qəpik isə qaravolçuya gedir. Ümumilikdə, 60-a yaxın piştaxta var, onun da 35-40 nəfəri meyvə-tərəvəz satır”.
Satıcılar bir gün işi dayandırdıqdan sonra bazar direktorunun oğlu onlarla görüşüb. Razılığa gəlinib ki, bazar direktoruna bundan sonra 15 yox, 7 manat ödənilsin. Ancaq həmin gün Ramin Hüseynov sahibkarla görüşdən imtina edib: “Ümumilikdə götürdükdə, ayda Ramin Hüseynova 25 min manatdan çox ödəyirik. Bu pulu rəis müavininə çatacağını deyir. Bu, hansı qanunda yazılıb, anlamırıq. Bazar direktoru Rəşid Babayev güzəştə getdi, ancaq Nemətovun adamları hələ bizimlə görüşmək istəmir. Dünən işə çıxmadıq, Ramin Hüseynovu gözlədik, o isə gəlmədi. Sadəcə, bazar rəhbərliyi yer haqqını yarıya qədər endirdiyi üçün bu gün işə başladıq. Amma tələbimizdə qalırıq, Süleyman Nemətov qarşısında məsələni qaldıracağıq”.
Meydan TV Sumqayıt Polis İdarəsi ilə əlaqə saxlasa da, Süleyman Nemətovla danışmaq mümkün olmayıb. Ramin Hüseynov isə bu barədə məlumat verməkdən imtina edib.