Müqayis Verdiyevə hökm oxundu
Sentyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində abadlıq işlərini həyata keçirmiş iş adamı Müqayis Verdiyevə hökm oxunub. O, əvvəldən qalmış şərti cəzası da birləşdirilməklə, 4 il azadlıqdan məhrum edilib.
İş adamı abadlıq işlərinin həyata keçirilməsi zamanı sərf olunuş tikinti mallarının, avadanlıqların pullarını ödəməməkdə, onların sahiblərini aldatmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 162 (əmək mühafizəsi qaydalarını pozma), 178 (dələduzluq) və 222-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.
M.Verdiyev başqa sahibkarları aldatmaqdan əlavə, həm də adamları əmək müqaviləsi olmadan işlətməkdə təqsirləndirilir. Lakin işadamı ittihamı qəbul etmir. Bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti abadlaşdırma işləri üçün sifarişi versə də, vəsaiti ödəməkdən imtina edib.
M.Verdiyevin sözlərinə görə, dövlətin ayırdığı vəsaiti o yox, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi mənimsəyib. Ona icra hakimiyyəti pul verməyib ki, o da materialların pulunu ödəsin.
Zərərçəkmiş sahibkarlar da məhkəmədə dindirilərkən icra hakimiyyətini günahlandırıblar. Bildiriblər ki, materialların alınması, qiyməti və s. barədə danışıqlar icra hakimiyyətinin nümayəndəsi ilə aparılıb.
Zərərçəkmiş sahibkarlar M.Verdiyevdən şikayətçi olmadıqlarını deyiblər.
Məhkəmənin gedişində icra başçısı Zakir Fərəcovun dindirilməsi barədə vəsatət qaldırılsa da, təmin olunmayıb.
Sumqayıtda abadlıq-quruculuq işləri üçün bu şəhərin icra hakimiyyətinə 2016-cı ildə Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılmışdı. Bu vəsaitin necə xərclənməsi barədə sənəd-sübut yoxdur. Hətta abadlıq işlərinin hansı şirkətə və hansı əsaslarla həvalə olunduğunu, tenderin necə keçirildiyini də öyrənmək mümkün deyil. Çünki ortada tenderə dair heç bir sənəd yoxdur.