Mənbə: Meydan.TV

"Sumqayıtda icra başçısının müavini bizi işdən çıxarmaqla hədələyir"

"Sumqayıtda icra başçısının müavini bizi işdən çıxarmaqla hədələyir"

Elsevər Məmmədov 20 ildir yataqxanada bu vəziyyətdə yaşayır. Sumqayıtda yerləşən yataqxana qəzalı və yararsız durumda olduğundan məcburi köçkünlər elə bu il buradan köçürülüb. Geriyə yerli sakinlər qalıb - uşaqlı, böyüklü 10 ailə...

"Qaçqınlara dövlətimiz 70-80 minlik yeni evlər verib. Bizi də yerli icra hakimiyyətinə tapşırıblar. İcra Hakimiyyəti də deyir ki, bizim sizə veriləsi heç nəyimiz yoxdur. Bir dənə qotur, dağılmış-uçulmuş yataqxana göstərir bizə. İt deyilik axı biz, Azərbaycanın vətəndaşlarıyıq. Hamımız İlham Əliyevə səs vermişik”, - Elsevər Məmmədov etiraz edir.

Sakinlər deyir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri onlara buradan başqa bir şəraitsiz yataqxanaya köçürüb, 6 ay sonra kompensasiya ödəyəcəklərini deyib. Ancaq onlar yağışdan çıxıb, yağmura düşəcəklərindən qorxurlar.

Yataqxananı tərk etmədiklərindən burada yaşayan 10 ailənin su, işıq, qazları qurumun tapşırığı ilə kəsilib. Hədə tək bununla bitmir.

"Təhqir edirlər ki, onlara müqavimət göstərək, bizi dubinka ilə vurub polisə aparsınlar. Onların fikri budur. Kim işləyirsə, iş yerinə zəng edirlər ki, sizi işdən çıxaracağıq. Öyrənir ki, işləyirsən? Bax, Teymur müəllim özü zəng edir ki, səni işdən çıxaracam, niyə?”, - yataqxana sakinləri deyir.

Adı çəkilən Teymur Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavinidir. İşdən çıxarma iddiası ilə bağlı xidməti otağına zəng vursaq da, dəstəyi qaldıran olmadı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözcüsü Eyvaz Qocayevsə bunların fərziyyə olduğunu dedi. O, həmçinin yataqxananın təmir olunub Sumqayıt Dövlət Universitetinin tələbələrinin istifadəsinə veriləcəyini bildirib.

“Yataqxana bildiyiniz kimi qəzalı vəziyyətdədir. Ora təmir olunduqdan sonra tələbələrin ixtiyarına veriləcək. Oradakı məcburi köçkün olmayan şəxslər də, müvafiq yerlə - yəni yataqxana ilə təmin olunacaq”, - Eyvaz Qocayev deyir.

İllər öncə evsizlikdən məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya pənah gətirən sakinlər şəraitsizliklə çoxdan tanışdılar. Ancaq məcburi köçkünlər yeni evlərinə qovuşan zaman onların problemləri birə beş artdı. Tərk olunmuş xarabalığı xatırladan bu otaqlar və susuz, işıqsız həyət.

Sakinlərin məlumatına görə, çəkilişdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və mülki şəxslər yataqxanaya gəlib, buradan çıxmalarını tələb edib. Burada yaşayanlarsa kompensasiya istəyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0yj0w7

Ən çox baxılan