Hadisə yerinə gələn qonşuların da xəsarət aldığı bildirilir
Oktyabrın 28-nə keçən gecə Sumqayıtda bir ailənin iki üzvü qətlə yetirilib, daha ikisi isə yaralanıb. Hadisə səhərə yaxın saat 5 radələrində Corat bağları ərazisindəki evlərdən birində, 73 yaşlı Dağbəyi Fərəcovun ailəsində baş verib.
Dağbəyi Fərəcov və onun 38 yaşlı qızı Suzanna Karakaş odlu silahla qətlə yetirilib. Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş isə yaralanıb. Onların vəziyyətinin ağır olduğu, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikləri bildirilir.
Hadisə yerinə gələn qonşular – Etibar və Mehman Sarıyevlərin də xəsarət aldığı bildirilir. Etibar Sarıyev sahə müvəkkilidir.
Hadisəni Sumqayıt Şəhər Prokurorluğu da təsdiqləyib. Prokurorluqdan verilən məlumata görə, artıq kriminalist və ekspertlər hadisə yerinə, meyitlərə baxış keçirib, digər zəruri hərəkətlər aparıb:
“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisənin ailəyə yaxın şəxs tərəfindən törədildiyi ehtimal olunur.
Dağbəyi Fərəcov Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü olub.