6 tələbənin ölümü, 21 nəfərin yaralanmasına görə 41 min 250 manat verilib
Bakı-Sumqayıt yolunda 2017-ci ilin martın 9-da 6 tələbənin ölümü, 21-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərə 41 min 250 manat kompensasiya ödənilib.
İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, “İcbari sığortalar haqqında” qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.