Ölənlərdən üçü uşaqdır
Sumqayıt şəhərində faciə baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.
Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumat əsasında dərhal şəhər prokurorluğunun əməkdaşları və məhkəmə-tibb eskpertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib və altı meyit aşkarlanıb. Araşdırmalarla ölən şəxslərin həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlu, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızı, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlu, 2010-cu il təvəllüdlü Abbasova Zenfira Qüdrət qızı və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızı olduqları müəyyənləşib.
Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə görə onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunduğundan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaq aparılır.
Dəm qazından zəhərlənmə hadisəsi Lənkəranda da baş verib. Martın 4-də Sputnik Azərbaycan-ın
məlumat
ına əsasən, rayonda iki zəhərlənmə hadisəsi qeydə alınıb.
Şəhərin Füzuli küçəsində baş verib 1970-ci il təvəllüdlü Kazımzadə Elmira qızı, 2002-ci il təvəllüdlü Kazımzadə Sevinclə hamamda çimərkən dəm qazından zəhərləniblər.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dəm qazından zəhərlənən ana və qızı ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, E.Kazımzadə və S.Kazımzadənin vəziyyəti kafi olaraq dəyərləndirilir.
Digər dəm qazından zəhərlənmə hadisəsi isə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə biri uşaq olmaqla 3 nəfər zəhərlənib. Belə ki, Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər. Hər üç şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölkə üzrə dəm qazından çoxlusayda zəhərlənmələr və nəticədə ölümlər baş verir. Bu hadisələrin sayı xüsusən qış aylarında artır.
2017-ci və 2018-ci ilin statistikası və hadisələrin xronologiyası əsasən:
– 29 yanvar Xaçmaz rayonunun Qarabağlı kəndində Namiq Tağıyev dəm qazından ölüb.
– 18 fevral 7 mikrorayon ərazisində yaşayan, 1957-ci il təvəllüdlü Həbib Həsən oğlu Əliyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.
– 15 mart Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı Xırdalanda dəm qazından boğularaq ölüblər.
– 20 mart Bakıda cərrah-proktoloq Rasim Həbibov dəm qazından ölüb.
– 12 avqust paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun vanna otağında dəm qazından boğularaq öldüyü ehtimal olunur.
– 20 noyabr, Lənkəran sakini, 1976-cı il təvəllüdlü Elnur Sabir oğlu Məhərrəmov dəm qazından ölüb.
– 31 dekabr Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızı dəm qazından boğularaq ölüblər.
– 2018-ci il 10 yanvar Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında kirayədə qalan Təbiət Zərbalıyev hamam otağında dəm qazından boğularaq ölüb.
– 19 fevral 2018-ci il Gəncənin Nəriman Nərimanov prospektində yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.
– 26 fevral 2018-ci il Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
– 2 mart 2018-ci il hüquqşünas Əyyub Kərim dəm qazından boğularaq ölüb.