“Tikintiyə etiraz etdiyimiz üçün hədələnirik”
Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122-ci binada yaşayan sakinlər həyətlərində aparılan tikintiyə etiraz edərək məhəlləyə toplaşıblar. Onların sözlərinə görə, bu tikili həyətdəki yaşıllıq sahəsi – kiçik parkın məhvinə səbəb olur. Sakinlər deyirlər ki, dəfələrlə bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət etsələr də, nəinki ölçü götürülmür, əksinə özləri hədə-qorxuya məruz qalırlar. Belə ki, qanunsuz tikiliyə etiraz edən sakinlərin iş yerlərinə zəng edilir, onların işdən çıxarılması tələb olunur.
Yaşlı sakinlərin toplaşdığı həyatyanı sahənin dağıdılmasına etiraz edən vətəndaşlar aldıqları hədə-qorxu ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiklərini bildiriblər. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin hərəkətlərindən ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət ünvanlayıblar.
Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Meydan TV-yə deyib ki, qeyd olunan ərazidə illər öncədən vətəndaşın mülkiyyətində olan köşk yerləşib:
“Torpaq sahəsi qanuni sənədlərə əsasən həmin mülkiyyətçiyə aiddir. Vətəndaş mülkiyyətində olan ərazidə aidiyyəti qurumların razılığı əsasında yüngül konstruksiyadan ibarət obyekt quraşdırır. Onu da bildirək ki, qeyd olunan ərazidə sakinlərin hərəkətinə maneə yaranmır”.
Qocayev sakinlərə təzyiq göstərilməsi ilə bağlı deyilənləri də əsassız sayıb:
“Belə bir hal varsa, icra hakimiyyətinə müraciət edə bilərlər”.