Zakir İsmayılovun mənzili

Mənbə: Foto: Meydan tv

Başlıq: Zakir İsmayılovun mənzili

Sumqayıt sakini: Ticarət obyektimi işlətməyə imkan vermirlər

Məqalə yeniləndi:  18 Oktyabr 2019

“İcra Hakimiyyəti Ali Məhkəmənin qərarını yerinə yetirmir”

Sumqayıt sakini şəhərin İcra Hakimiyyəti tərəfindən ticarət obyektinin bağlanması ilə bağlı şikayət edib.

Şəhər sakini Zakir İsmayılov yaşadığı 36-cı məhəllə, ev 1/22, mənzil 32 ünvanında açdığı ayaqqabı dükanının bağlanması ilə bağlı məhkəmələrə də müraciət edib.

Ali Məhkəmə şəhər icra hakimiyyətinin bu addımını qanunsuz sayan qərar çıxarsa da, bu qərar yerinə yetirilməyib.

Meydan TV-yə danışan Zakir İsmayılov bildirib ki, dükanı 1995-ci ildə, Şakir Abuşovun icra başısı olduğu dövrdə açıb və evin pəncərə hissəsini qapı edib:

“O zaman dedilər ki, siz dükanı açın, sənədi sonra verərik. Mən də elə etdim. İcra hakimiyyətinin memarlıq şöbəsi gəlib şəkil şəkdi, amma hər dəfə sənəd istəyəndə, bu gün, sabah deyib uzatdılar. Sonra Bakıya göndərdiklərini, ardınca isə hələ sənəd almadıqlarını söylədilər. Nəhayət, bildirdilər ki, səni incidən yoxdursa, dükanını işlət, nə zaman incitsələr gələrsən”.

Onun sözlərinə görə, belə hal 2014-cü ilə qədər davam edib.

Zakir İsmayılov bildirib ki, o zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinə Eldar Əzizov başçı təyin ediləndən sonra, icra hakimiyyətindən gəlib binanı abadlaşdıracaqlarını deyiblər.

“Bu bəhanə ilə bildirdilər ki, qapını saxlamaq istəyirsənsə 12 min manat verəcəksən. Amma mənim o qədər pulum yox idi. Cavab verdilər ki, şəhər icra hakimiyyətinin də pulu yoxdur, obyekt işlədirsinizsə, pul verin və davam edin. Kim pul verdisə, ona toxunmadılar. Amma mənim kimi pul verməyənlərin qapısını bağlayıb, yenidən pəncərəni açdılar. Səbəb kimi də göstərdilər ki, binanın memarlığına uyğun deyil. Sual verdim ki, bəs o biri dükanlarda da uyğun deyil, niyə toxunmursunuz, cavab vermədilər”.

“Bu bəhanə ilə bildirdilər ki, qapını saxlamaq istəyirsənsə 12 min manat verəcəksən"

“Bu bəhanə ilə bildirdilər ki, qapını saxlamaq istəyirsənsə 12 min manat verəcəksən"

Mənbə: Foto: Meydan tv

Zakir İsmayılov Mənzil Məcəlləsinin 21-ci maddəsini əsas gətirib müvafiq orqanlara məktub yazdığını xatırlatdı:

“Məcəllədə göstərilir ki, vətəndaş öz yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirə bilər. Ancaq icra başçısının müavini Sahib Quliyev rekonstruksiyanı əsas gətirib, yenə icazə vermədi. Halbuki, Sumqayıtda bu cür binaların birinci mərtəbəsində dükan açanlar çoxdur. Necə oldu ki, onlara rekonstruksiya tətbiq olunmur, amma mənə çatanda yada düşür? Hamısında qapı var, yalnız məndə pəncərədir. İcra hakimiyyətinin rəsmiləri binanın yaxşı görkəmindən danışırlarsa, hamısı qapı, biri isə pəncərə olanda hansı görkəm yaranır?”

Zakir İsmayılov iddia edib ki, onunla bağlı sənədlər saxtalaşdırılıb:

“Ali Məhkəmə lehimə 2017-ci ilin martında qərar verib, sentyabra qədər icra hakimiyyəti qərarı icra etmədiyinə görə Sumqayıt İnzibati İqtisad Məhkəməsinin hakimi Zaur Pirverdiyev icra vərəqəsi açıb icra idarəsinə göndərir. Amma 10 ay icra hakimiyyəti Ali Məhkəmənin qərarını icra etmədiyi üçün icra idarəsi şəhər məhkəməsinə məktub göndərir ki, icra hakimiyyəti məsuliyyətə cəlb olunsun. O zaman şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov idi, prosesi də özü aparırdı. Təsəvvür edin ki, şəhər məhkəməsinə 2018-ci ilin iyununda 2017-ci ilin tarixi ilə qərarını gətirib elə tərtib etdilər ki, guya Zaur Pirverdiyevin icra vərəqəsindən əvvəl hazırlanıb”.

Ali Məhkəmənin qərarı

Ali Məhkəmənin qərarı

Mənbə: Foto: Meydan tv

Onun sözlərinə görə, bundan başqa icra hakimiyyətinin müavini Faiq Kərimov 2018-ci ilin iyununda artıq işdən azad edilmişdi, amma sənədi avqusta tərtib edib onun imzasını qoyublar.

“Mən sənədi Faiq Kərimova göstərdim. O imzasının saxtalaşdırıldığını söylədi. Bu məsələdə Eldar Əzizovun vaxtından çalışan icra başçısının müavini Sahib Quliyev məsuliyyət daşıyır. Çünki bütün məktublara o cavab verir. Mən ona Ali Məhkəmənin qərarını göstərsəm də, öz dediyinin üstündə dayandı. Təsəvvür edin ki, Ali Məhkəmənin qərarını məruzə edirlər, amma buna baxmayaraq keçmiş müavinin imzasını saxtalaşdırıb qərar çıxardırlar, tarixi də səhv yazırlar”.

Zakir İsmayılov Ali Məhkəmənin qərarının yerinə yetirilmədiyi və sənəd saxtalaşdırıldığına görə Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərova və Baş prokuror Zakir Qaralova müraciət edəcəyini bildirib:

qapısı olan dükanlardan biri

qapısı olan dükanlardan biri

Mənbə: Foto: Meydan tv

“Prezident dəfələrlə sahibkarlığa dəstəyin vacibliyini və məmurların xalqın xidmətçisi olduğunu vurğulayıb. Ancaq şəhər icra hakimiyyətinin Ali Məhkəmənin qərarına bu münasibətini görəndən sonra gələcəyə ümidsizlik yaranır”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, Zakir İsmayılov icra başçısının Qəbul Şöbəsinə yazılsın və məktubla müraciət etsin:

“Məktubuna Ali Məhkəmənin qərarını da əlavə etsin. Şəhər İcra Hakimiyyətində bütün vətəndaşlar dinlənilir və problemləri həll edilir”.

Məhkəmə qərarı

Məhkəmə qərarı

Mənbə: Foto: Meydan TV

Faiq Kərimovun saxtalaşdırılan imzası

Faiq Kərimovun saxtalaşdırılan imzası

Mənbə: Foto: Meydan tv

İnzibati İqtisad Məhkəməsinin İcra İdarəsinə məktubu

İnzibati İqtisad Məhkəməsinin İcra İdarəsinə məktubu

Mənbə: Foto: Meydan tv

qapısı bağlanan dükan

qapısı bağlanan dükan

Mənbə: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wgfzd0

Ən çox baxılan