Sumqayıt sakini: Küçədə siçan qalmayıb, hamısı bizim evdə yaşayır

Yaşayış üçün yararsız evdə yaşayan sakinlər dövlətdən qayğı görmədiklərini deyirlər

Source: Meydan Tv


Yaşayış üçün yararsız evdə yaşayan sakinlər dövlətdən qayğı görmədiklərini deyirlər

Çatlamış döşəmədən siçanlar köhnə evin künclərinə doğru qaçır, dəmirdən dirək evin tavanının aşmaması üçün “mübarizə” aparır. Bu ikimərtəbəli evdə yaşayan Naibə və oğlu soyuq qış günlərində sağ qalmaq üçün elektrikli qızdırıcının qarşısında oturub.

Sumqayıtda yaşayan Naibə Allahverdiyeva uzun illər öncə həyat yoldaşını itirib. Öz övladı olmasa da, ona həyatda yoldaşlığı qəyyumluğa götürdüyü oğlu edir.


“Yaxşı həkimin yaxşı qiyməti var”

“Yoldaşım rəhmətə gedənə qədər birlikdə yaşamışıq. 10 il Özbəkistanda yaşamışıq. 90-cı illərdə milliyyətçilik düşəndə qayıtdıq gəldik vətənimizə. İmkanımız yaxşı da deyildi, Azərbaycana gəlmək düşərli olmadı, ərim astma oldu. Orada isti quru yerdə yaşayıb, nəmişlik yerə köçmək olmazmış. Xəstəliyi daha da artdı. Çox keçmədi ki, nəmişliyin ucbatından ölüb getdi”. – Naibə Allahverdiyeva Azərbaycanda məskunlaşması barədə danışır.

“Azərbaycana gələndə ümumi bir həyətdə yaşayırdıq. Qonşuda tək bir qadın vardı. Uşağı oldu, doğuş vaxtı da çox kömək elədik. Sonra uşağı evdə qoyub getdi. Biz də çölə atası deyildik ki, qəyyumluğa götürdük. Çox əziyyətlə böyütmüşəm. Miningit oldu, apardıq 8-ci km-dəki keçmiş Əli İnsanovun xəstəxanasına. Demək olar, oradan heç kim sağ çıxmırdı. İslam mənim çox böyük zəhmətim hesabına ölmədi. Onu hər gün bir cəsədin çıxdığı ölüm xəstəxanasından sağ çıxardım. Amma fəsadları – yarım əqli gerilik qaldı. İndi ağlı uşaq ağlı kimidir. Psxiatrda qeydiyyatdadır. Həm də ağır sudurğası olur. Mütəmadi dərmanlar atır. Müalicəsi doğru gedir, yanlış gedir, bilmirəm. Yaxşı həkimin yaxşı qiyməti var, analizlər od qiymətinədir. İmkan yoxdur ki, aparım Bakıya bir yaxşı həkimə göstərim”, – Naibə Allahverdiyeva oğlunun xəstəliyindən şikayətlənib.

Naibə Allahverdiya 2-ci qrup əlildir. Şəkərli diabetdən, qaraciyərinin 3-cü dərəcə yağlanmasından, hipertoniyadan və içdiyi dərmanların təsirindən yaranan ağır qastritdən əziyyət çəkir.


Evin hər yerindən plastik qablar asılıb

İki mərtəbəli həyət evinin ikinci mərtəbəsi yaşayış üçün yararsızdır. Pəncərələr qırılıb, tavan çöküb, divarlar dərin çatlarla bir neçə yerə bölünüb. Evin girişi ilk mərtəbədədir, qapı mətbəxə açılır. Plastik qablar hər yerdədir – mətbəxboyu, çarpayının altı, divarlara vurulmuş mismarlardan belə plastik qablar asılıb.

“Bax, bizim evdə torbada yeməli nəsə qoymaq mümkün deyil. Siçan elə həmin andaca daraşır. Döşəmə, divarlar, tavan deşik-deşikdir. Siçan da gəlir, siçovul da. Ona görə məcbur qalıb yeməli şeyləri plastik qablarda saxlayırıq. Heyvansevərik, küçədə bir siçan qalmayıb hamısı bizim evdə yaşayır. Belə evi isitmək də olmur. Çöldə hava necədirsə, evdə də elədir. Parket yoxdur, qumun üstünə karton qoymuşuq, üstündən də nazik xalça sərib üstündə gəzirik. Belə evdə insan orqanizmi məhv olar, elə bura ancaq siçanlar üçün əlverişlidir “, – deyə Naibə Allahverdiyeva təmirsiz evdə yaşamağın yaratdığı problemlərdən danışır.

Ana və oğul xəstəliyi səbəbindən ümümulikdə 270 manat müavinət alırlar. Onlar gileylənir ki, aldıqları müavinət ilə onların evini təmir etməsi mümkün deyil.

2019-cu ildə Naibə Allahverdiyeva oğlu adından dövlətdən ünvanlı sosial yardım almaq üçün müraciət edib. Lakin kommunal ödənişlərin yaşayış minmumumdan 10% çox olduğu əsas gətirilərək ailəyə yardım edilməyib.

Prezident İlham Əliyevin 2021-ci il il üçün yaşayış minimumu ilə bağlı sərəncamına əsasən uşaqlara 175 manat, pensiyaçılara isə 162 manat təyin edilib. 2019-cu ildə isə bu məbləğ pensiyaçılar üçün 149 manat, uşaqlar üçün isə 160 manat olub.

“Dövlətdən aldığımı dövlətə geri verirdim onsuz da. Evim uçuq-sökükdür. Bu evi qızdırmaq üçün çox qaz, işıq yandırmalı oluram. İndi bu o deməkdir ki, mən varlıyam? İnsanda insanlıq olar, gəlsinlər 1 gün mənim evimdə yaşasınlar, onda bilərlər biz necə əzab çəkirik”, – deyə Naibə Allahverdiyeva gileylənir.


Naibə Allahverdiyevanın şikayətinə deputatlardan cavab gəlib

Məsələ ilə bağlı Sumqayıt şəhərinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ünvanlı sosial yardımın təyinini sadəcə nazirlik müəyyənləşdirir. Lakin əgər vətəndaş onun adına məktub yazarsa, nazirliyə problemin həll edilməsi üçün sorğu göndərə bilər.

Sumqayıt şəhərinin digər deputatı Müşfiq Məmmədlinin köməkçisi Kamal Almuradlı Meydan TV əməkdaşının sorğusundan sonra Naibə Allahverdiyevanın özü ilə əlaqə saxlayıb:

“Aztəminalıq ailə kimi qeydiyyata götürdük. Bayram və əlamətdar günlərdə sovqat olduğu zaman nəzərə alınacaq”-, deyə deputatın köməkçisi bildirib.

Naibə Allahverdiyevanın problemi isə olduğu kimi qalır. O, ümid edir ki, dövlət və ya imkanlı şəxslər onun səsinə səs verəcək.

159867270_2769561423304362_6696628085960535085_n.png
Evin vəziyyəti
159849282_210783874123949_3507574026531947593_n.png
Evin vəziyyəti
Ana səhifəXəbərlərSumqayıt sakini: Küçədə siçan qalmayıb, hamısı bizim evdə yaşayır