Məcburi köçkün: “Əlimizdəki sənədlər onların məhkəmə qərarından üstündür”
“Uzun illərdir Sumqayıtda yaşayıram. Kasıb, fağır bir şəhər sakiniyəm. Elə bundan istifadə edib başıma açmadıqları oyun qalmayıb”, – Murad Muradov belə deyir.
O, iş adamı, Qubadlıdan olan məcburi köçkün Yadulla Cümşüdov və onun qardaşı – Sumqayıt səhiyyə şöbəsinin əməkdaşı Vidadi Cümşüdovdan gileylidir. Deyir ki, bu adamlar onun ailəsinə qarşı qanunazidd hərəkətlər edirlər:
“Bu şəxslər haqda heç kim qanuni ölçü götürmür. Sumqayıtın 21-ci mikrorayonunda yerləşən, mənə məxsus daşınmaz əmlakı qanunsuz zəbt ediblər. Burada yaşayan Yadulla Fətulla oğlu Cümşüdov və onun yaxın qohumları Fətullayev Sadıq Yadulla oğlu, Şəkər Əyyub qızı Yusifova, Fətulla Yadulla oğlu Fətullayev, Natiq Yadulla oğlu Fətullayev və Arzam Sadıq qızı Fətullayeva kifayət qədər imkanlı şəxslər olmalarına (torpaq sahələri, evləri, bahalı avtomaşınları, biznes əlaqələri, yaxşı təminatları var) baxmayaraq, mənim mülkiyyətimə göz dikiblər”.
İstədiyim yeri zəbt edə bilərəm
Şikayətçi bildirir ki, Yadulla Fətulla oğlu Cümşüdov himayədarlarının köməkliyi ilə illərdir onun əsəblərilə oynayır:
“Heç bir dövlət qurumunu saymırlar. Hər yerdə məcburi köçkün olmalarını qabardıb heç bir qanunu saymırlar. “İstədiyim yeri zəbt edə bilərəm” deyirlər və məsuliyyətsiz hərəkətlər edirlər. Halbuki vəziyyətdən sui-istifadə etməklə illərdir özlərinə xeyli sayda daşınar və daşınmaz əmlaklar alıblar. Ona görə də Cümşüdovların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci, 134-cü, 320-ci və digər maddələri ilə məsuliyyətə cəlb edilmələrini xahiş etmişik”.
Köçkün adından sui-istifadə edib, əmlakıma yiyələniblər
M. Muradov başına gələnlərlə bağlı Sumqayıt şəhər Məhkəməsinə də müraciət edib. Deyir, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Y.Cümşüdov və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakdan çıxarılmaları qət edilib:
“Ancaq qanunlarımıza hörmətsizlik edən Y.Cümşüdov barədə qanuni tədbir görülmür. Y.Cümşüdov və ailə üzvlərinin Sumqayıt şəhərində geniş biznes şəbəkəsi var. Çox imkanlıdılar. Onların pul gücü ilə, həm də şantaj, hədə-qorxu gəlməklə hərəkət etmələrinə və mülkiyyətimdə olan əmlakımı ələ keçirmələrinə yol verilməməlidir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.
Sağlam olsa da, əlil müavinəti alır
Şikayətçi bildirir ki, Y.Cümşüdov sağlam adam olmasına baxmayaraq, əlil kimi özünə pensiya da düzəltdirib:
“Müvafiq komissiya bunu yoxlasa, dediklərimin həqiqət olduğu və saxtakarlıq yolu ilə dövlət büdcəsindən oğurluq etdiyi üzə çıxacaq. Y.Cümşüdov bir ildən artıqdır ki, qanuni qüvvəsini almış məhkəmə aktı qərəzli şəkildə icra etmir, müxtəlif formalı ərizələr verərək məhkəmələrin, hüquq-mühafizə orqanlarının fəaliyyətini iflic etməklə məşğuldur”.
Qanunla…
“İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 12.1-ci maddəsində deyilir ki, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. M. Muradov məhkəmənin qərarından 1 ildən artıq vaxt keçdiyini söyləyir. Buna baxmayaraq, qərar icra edilməyib.
“Ya icra məmurlarını geri çağırtdırırlar, ya da hay-küy salırlar”.
M. Muradov deyir ki, əslində icra məmurlarından şikayətçi deyil. Çünki onlar qərarı dəfələrlə icrta etməyə çalışıblar:
“Ərazimizi zəbt edənlər çıxmırlar. Müxtəlif üsullara əl atırlar. Ya icra məmurlarını geri çağırtdırırlar, ya da hay-küy salırlar. Nəticədə mülkümüzdən çıxmırlar ki, çıxmırlar. Onlar iddia edirlər ki, guya 1994-cü ildən həmin torpaqlarda yaşayırlar. Halbuki, bizim əraziləri 2010-cu ildə zəbt ediblər. Yəni məcburi köçkün məsələsinin bura aidiyyatı yoxdur. Üstəlik, arxalarında Qubadlı rayon İcra Hakimiyyəti durur. Odur ki, onlara kimsə toxuna, dəyə bilmir”.
İcra hakimiyyəti kimsənin arxasında dayanmayıb
Meydan TV məsələyə münasibət öyrənmək üçün Qubadlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun hüquq şöbəsinin müdiri Azər Qarayev deyib ki, icra hakimiyyəti kimsənin arxasında durmayıb, hüquqdankənar kimsənin himayədarlığını etmir:
“Məskunlaşanlar məcburi köçkünlərdir. 1994-cü ildən həmin ərazidə yaşayırlar. Həmin yerdə 36 ev tikiblər. 100-dən çox sakini var. Dəfələrlə icra hakimiyyətində qəbulda olublar. Deyirlər, onları məskunlaşdıqları ərazidən çıxarmaq istəyirlər. Bu, təbii bizi narahat edən bir məsələdir. Kimsənin çöldə qalmasını istəmərik. İş hazırda Ali Məhkəmədədir. Məhkəmə nə qərar versə, o da tətbiq ediləcək. Üstəlik, mərhum prezident Heydər Əliyevin də məcburi köçkünlərin məskunlaşması ilə bağlı müəyyən sərəncamı var. Biz istəmərik bu vəziyyətdə kiməsə ziyan dəysin, kimsə küçədə qalsın”.
Əllərindəki sənədlərin hamısı saxtadır
Yadulla Cümşüdov isə Meydan TV-yə deyib ki, həmin ərazilər vaxtilə boş səhralar olub. 1994-cü ildən orada məskunlaşıblar. Özü də əvvəlcə çadırlar qurub, içində yaşayıblar. Sonradan isə ev tikiblər:
“Həmin illərdən olmasa da, əlimizdə 1998-ci ildən həmin ərazilərdə kommunal xidmətləri ödədiyimizə dair sənədlər var. Onlar isə iddia edirlər ki, biz həmin ərazidə 2010-cu ildən məskunlaşmışıq. Xeyr, doğru deyil. 2004-cü ildən isə həmin torpaq sahələrini almışıq. Bunların hamısı ilə bağlı əlimizdə sənədlər var. O şəxslər yalan danışırlar. Arxalarında onları öyrədən himayədarları var. Əllərindəki sənədlərin hamısı saxtadır. Hətta məhkəmə qərarı da. Bizim əlimizdəki sənədlər onların məhkəmə qərarından üstündür”.
“Heydər Əliyevin də bununla bağlı tapşırığı var”
Y.Cümşüdov deyir ki, 25 ildir həmin ərazilərdə məskunlaşıblar. Bu illər ərzində həmin yerlərdə ev tikiblər:
“Qanun bizim yanımızdadır. 25 illik mülkümüzü kimsə əlimizdən ala bilməz. Hətta möhtərəm eks-prezidentimiz Heydər Əliyevin də bununla bağlı tapşırığı var. Məcburi köçkünləri məskunlaşdıqları ərazilərdən heç kim çıxara bilməz. Heç kimin buna gücü çatmaz”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, köçkünlərin evlə təmin olunması və köçürülməsi mərhələli şəkildə aparılır. Hamıya sıra çatacaq.
Oxşar işlər Avropa Məhkəməsində
Şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərlə bağlı işlərə Avropa Məhkəməsində də baxılıb. Onlardan “Akimova Azərbaycana qarşı”, “Gülməmmədova Azərbaycana qarşı”, “Mirzəyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” məhkəmə işlərini göstərmək olar.
“Akimova Azərbaycana qarşı” (Qərar 27 sentyabr 2007-ci ildə qəbul olunub) olan işdə Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulduğu qənaətinə gəlib. Məhkəmə müəyyən edib ki, ərizəçinin mənzilini qanunsuz zəbt etmiş məcburi köçkün şəxslərin çıxarılmasını qərara alan daxili qərarın icrasının qeyri-müəyyən müddətə rəsmi təxirə salınması ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edib.
“Cəfərov Azərbaycana qarşı” məhkəmə işində isə Avropa Məhkəməsi yerli məhkəmələrin ərizəçinin evindəki məcburi köçkün ailəsinin çıxarılması ilə bağlı qəbul etdiyi qərarların icrasının gecikdirilməsi, bununla da ərizəçinin mülkiyyət hüququnun pozulması qənaətinə gələrək, Azərbaycanı maddi ziyana görə 8.695, mənəvi ziyana görə 4.800 avro məbləğində cərimələyib. Qərarda o da deyilir ki, hökumət yerli məhkəmə instansiyasının qərarını icra etməli, icra etmədiyi təqdirdə ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunacaq.
Bütün bu məhkəmə işlərindən də görünür ki, Avropa Məhkəməsi şəxsi məzillərin məcburi köçkünlər tərəfindən zəbt edilməsi ilə bağlı işlərə baxıb. Qərarların hamısı şikayətçilərin xeyrinədir. Ancaq bugünkü şəraitdə həmin qərarlar icra olunmur.