Sumqayıt İcra Hakimiyyəti sahibkarlara vəd verdi

Yanvarın 12-də Sumqayıt şəhərində bir qrup sahibkar Sülh küçəsində yerləşən dükanların sökülməsinin səbəbini öyrənmək üçün şəhər icra hakimiyyətinə gedib. İcra hakimiyyətində onlara öncə ayın 13-də gəlməyi məsləhət görsələr də, sonradan şikayətçiləri Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş məsləhətçisi Baba Əsgərov qəbul edib.

Onunla bərabər qurumun digər əməkdaşı İstehsal və Xidmət Sahələri Sektorunun baş məsləhətçisi Firudin Əsgərov da sahibkarların qarşısına çıxaraq, Sülh küçəsində heç bir söküntü işinin aparılmadığını bildirib.

Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, sahibkarlar onlara yaxınlaşan adamların özlərini təqdim etmədiyini, İcra Hakmiyyəti adından danışdığını və bildiriş təqdim etmədiklərini deyiblər. İcra nümayəndəsi söküntü ilə bağlı əməkdaşlarının ora getmədiyini, “Ən ucuz market”in digər sahibkarlara aidiyyatı olmadığını, hansısa problemlə əlaqədar boşaldıldığını söyləyib.

Sahibkarlar deyib ki, bu barədə ”

xeberle.com

” saytından da məlumat oxuyublar. F.Əsgərov sahibkara “Ay bala, xəbər nədi, “jivoy” adamlar var burda” – deməklə yazılanları təkzib edib.


Onun bu sözündən sonra sahibkarlar icra hakimiyyətinin binasını tərk ediblər.

Xeberle.com saytı Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən yayıb ki, şəhərdəki  “Ən ucuz market”dən başlayaraq Heydər Əliyev prospektinə qədər 17 dükan və “Cavid” Ticarət Mərkəzi söküləcək.  Sumqayıt şəhər İH məlumatın yalan olduğunu bildirir. Saytın rəhbərliyindən Meydan TV əməkdaşına xəbərin doğru olduğunu və İcra Hakimiyyətinin rəsmi açıqlama yaydığı bildirilib.

Sahibkarlar İcra Hakimiyyətində görüşdə olduqları vaxt Sumqayıt şəhərində fəaliyyət göstərən yerli telekanal “Dünya TV” sahibkarlardan bir neçəsinin dükanında çəkiliş aparıb. Özünü arxitektor kimi təqdim edən şəxs dükanların kanalizasiya və kommunikasiya xətlərinin üzərində yerləşdiyini deyib.

Hazırda söküntüsündən danışılan 17 dükanın rəsmi qeydiyyat sənədləri var və sahibkarlar deyir ki, 2013-cü ildə həmin küçənin abadlaşdırılması zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin Şəhərsalma Şöbəsinə hər biri 30-50 min manat ödəyib. Məhz onların vəsaiti hesabına abadlaşdırılan küçənin daş örtüyü, işıqlandırılması və səki daşları dəyişdirilib. Dükanlara eyni rəngli qapı-pəncərə qoyulub.  Keçmiş icra başçısı Eldar Əzizovun fəaliyyəti zamanı, yəni məhz 2013-cü ildə Prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşdırılması üçün 5 milyon manat vəsait ayrılmışdı.

Ana səhifəVideoSumqayıt İcra Hakimiyyəti sahibkarlara vəd verdi