Araz Əlizadə: “Sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar”
Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan edilir.
Bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
APA-nın məlumatına görə, aprelin 27-də MM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın və elektron siqaretin də qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.
Müzakirə zamanı deputat Araz Əlizadə deyib ki, Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar.
O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib:
“Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə, sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştük dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa, turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?”