Sülhməramlıların keçmiş komandanı erməni əsgərinin nəşini Yerevana təhvil verib

Rüstəm Muradov, Foto: https://www.president.am/

Əhməd Şahidov: “Rüstəm Muradov erməni əsirlərinin geri verilməsi üçün Bakıya gəlib”

Rusiya Cənub hərbi dairəsinin komandan müavini, general leytenant Rüstəm Muradov noyabrın 17-də Bakıdan Yerevana gedib.

“Sputnik Ermənistan” yazır ki, o, Azərbaycan tərəfində olan erməni əsgərinin nəşini Ermənistan tərəfə təhvil verib. Sayt yazır ki, təyyarədə hərbi məhbus olmayıb. Bildirilir ki, Rüstəm Muradov bundan sonrakı proseslərdə də tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması istiqamətində danışıqlar aparacaq. Söhbət Ermənistan-Azərbaycan sərhədində, Rusiya sülhməramlılarının
məsuliyyət zonasından kənarda vəziyyətin nizamlanmasından gedir.

“Azatutyun” yazır ki, Bakıdan Yerevana aparılan meyit 16 noyabr döyüşlərinin iştirakçısı, 31 yaşlı baş leytenant Taron Civani Saakyanındır.

Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov isə bildirib ki, Rüstəm Muradov erməni əsirlərin geri verilməsi üçün Bakıya gəlib. Onun sözlərinə görə, danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana qayıdıb. Münaqişələr nəticəsində Ermənistan tərəfin bəyan etdiyi itkin düşən əsgərlərə gəlincə, məhbusların geri qaytarılması istiqamətində işlərin davam etdirildiyi bildirilir.

Əhməd Şahidov, Foto: https://www.dailymotion.com/-dan screenshot

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib. Nəticədə hər iki tərəfdən itkilər olub.

Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını, Ermənistan tərəfi isə 1 nəfər hərbçisinin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil. Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib. Noyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışıqlarından sonra sərhəddə atəşkəs elan olunub.

Noyabrın 18-də isə Tovuz rayonu istiqamətində yenidən atəşkəsin pozulduğu bildirilir.

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb. Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətSülhməramlıların keçmiş komandanı erməni əsgərinin nəşini Yerevana təhvil verib