Sülhməramlıların Fərrux istiqamətində möhkəmləndiyi bildirilir

Tədbir Azərbaycan ordusunun daha da irəliləməsinin qarşısını almaq üçündür”

“Azadlıq” radiosunun Ermənistan xidməti Rusiya sülhməramlılarının Fərrux kəndi istiqamətində möhkəmləndiyi haqda məlumat yayıb.

Sayt məlumatı Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalına istinadən yayıb:

“Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib”.

Bildirilir ki, Rusiyanın bu addımı Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması üçündür.

“Azatutyun” çəkiliş qrupunun bu günlərdə Fərrux kəndinin yaxınlığındakı Pirlər (ermənilər Xramort deyirlər) kəndində olduğunu da vurğulayıb:

“Yerli polis” çəkilişi qadağan edib. Kənddə vəziyyət gərgin idi. Sakinlər Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər” deyə bildiriblər. Bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb. Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə evakuasiya olunublar”.

Sayt martın 29-da Azərbaycanın Xankəndinin qaz təchizatını tam bərpa etdiyini də yazıb.

Ancaq Azərbaycan Müdafiə Nazirliyi yazılanlarla bağlı hər hansı şərh verməyib.

Nazirlik yalnız martın 28-də Rusiya Müdafiə Nazirliyinin bir gün əvvəlki açıqlamasından təəssüfləndiyini bildirmişdi.

Qurum qeyd etmişdi ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan hərbçilərinin Fərrux kəndini tərk etdiyi barədə məlumatı həqiqətəuyğun deyil.

“Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.
Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə Müdafiə Nazirliyi bildirib.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəSiyasətSülhməramlıların Fərrux istiqamətində möhkəmləndiyi bildirilir