”Sülhməramlılar məsələsi qaldırılmazdan əvvəl keçiləsi hələ çox mərhələ var”

Nik Uilks
Nik Uilks


”Silah satışı üçün lisenziyanın verilməsi üçün bizdə 3 müxtəlif qurumun təsdiqi lazımdır”


Böyük Britaniyanın qərargahı Tbilisi şəhərində yerləşən Cənubi Qafqaz üzrə hərbi attaşesi, polkovnik-leytenant Nik Uilksin APA-ya müsahibəsi


– Azərbaycanda nə qədər qalacaqsınız? Burada hansı görüşləri keçirməyi nəzərdə tutursunuz?

– Bu dəfə mən Azərbaycanda qısa müddət – iki gün qalacağam. Lakin bura gəlməyimin əsas məqsədi Britaniya Kral Hərbi Donanması tərəfindən təşkil olunmuş Dənizdə Strateji Planlaşdırma kursunu açmaq idi. Bu tədbir böyük imkanlara malik yeni hərbi-dəniz bazasında keçirilir. Kursa Azərbaycan Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyasının nümayəndələri qatılıb. Bundan başqa, mən Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovla görüşmüşəm. Bakıya gələndə hər zaman onunla görüşürəm, çünki o, bütün hərbi attaşelərlə Müdafiə Nazirliyi arasında əsas vasitəçidir. Həmişəki kimi bizim aramızda çox maraqlı söhbət oldu. Biz gələcəkdə yeni təlim imkanları barədə danışdıq. Daha sonra mən Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Fərhad Tağızadə ilə əməkdaşlığın gələcək imkanlarını müzakirə etmək üçün görüşməyi planlaşdırıram.


– Azərbaycan və Birləşmiş Krallığın müdafiə sahəsində birgə layihələr həyata keçirməklə bağlı hansısa planları varmı?

– İndi qeyd etdiyim təlim bizim hər il birgə həyata keçirdiyimiz İkitərəfli Hərbi Əməkdaşlıq Planının bir hissəsidir. Bu ilin yanvarında general-mayor Hüseyn Mahmudov Londona gəldi və biz iki ölkə arasında İkitərəfli Hərbi Əməkdaşlıq Proqramını imzaladıq. Proqram təkcə azərbaycanlı zabit və əsgərlərin Birləşmiş Krallığa gələrək təlimlərdə iştirakına deyil, həm də Birləşmiş Krallığa Azərbaycanda təlim keçmək imkanı yaradır. Lakin bizim başqa imkanlarımız da var. Çexiyada yerləşən Britaniya Hərbi Məsləhət və Təlim Qrupumuz (BMATT) mövcuddur. Bu təşkilat NATO-nun Sülh Naminə Tərəfdaşlıq (PFP) ölkələrinə treninq keçir. Burada tez-tez kurslar olur və biz Azərbaycan tələbələri üçün yerlər təklif edirik. Mən həmçinin Tiflisdə Birləşmiş Krallıq tərəfindən bir sıra təlimlər təşkil edirəm. Hər zaman bu kurslarda iştirak etmək üçün Azərbaycana yer təklif olunur. Biz mütəmadi olaraq Birləşmiş Krallıqla Azərbaycan arasında əməkdaşlıq qururuq. Qeyd etmək istəyirəm ki, bu il ilk dəfə Britaniya ordusundan olan nümayəndə heyəti Azərbaycana səfər edəcək və təlim əməkdaşlığı üçün daha çox imkanlar yaratmaq baxımından mənə yardımçı olacaq.



Təmas xəttində zorakılıq hallarının artması ilə bağlı son hadisələrdən xəbərdarsınız. Bu münaqişə ilə əlaqədar Britaniya hökumətinin mövqeyi necədir? Sizcə, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidirmi və bu, hansı formada olmalıdır?

– Birləşmiş Krallığın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi çox açıqdır. Biz tamamilə Minsk prosesini dəstəkləyirik. Hesab edirik ki, diplomatik yol Dağlıq Qarabağdakı vəziyyətin həll olunması üçün yeganə çıxış yoludur. Biz danışdığımız hər kəsi Minsk prosesini davam etdirməyə çağırırıq. Yerləşdirilə biləcək sülhməramlılar barədə danışmaq mənim işim deyil. Bu, Minsk prosesi nəticəsində qərar veriləcək məsələdir. Hesab edirəm ki, sülhməramlılar məsələsi qaldırılmazdan əvvəl keçiləsi hələ çox mərhələ var.


– Bir müddət əvvəl Britaniyaya məxsus “Accuracy International” şirkətinin Ermənistana silah satması barədə məlumatlar yayıldı. ATƏT qaydalarına əsasən üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmamalıdırlar. Britaniya hökuməti bu məsələni necə tənzimləyir?

– Bu sual bizə dəfələrlə ünvanlanıb. Biz də dəfələrlə bu barədə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə məlumat vermişik. Həmin silahlar Birləşmiş Krallıq hökuməti və ya Britaniya şirkəti tərəfindən Ermənistana satılmayıb. Onlar Britaniyadan olmayan başqa şirkətə, daha sonra isə kimsə tərəfindən Ermənistana satılıb. Vəziyyət budur. Bu, çox vacib məlumatdır. Çünki ATƏT-in silah embarqosu çox vacibdir. Birləşmiş Krallıq isə bu prosesin güclü dəstəkləyicisidir. Britaniya şirkətləri yalnız ATƏT embarqosuna daxil olan ölkə deyil, istənilən şəxsə və ya ölkəyə silah satarkən çox mürəkkəb prosedurdan keçirlər. Bu, yalnız Müdafiə Nazirliyi və ya şirkətin verə biləcəyi bir qərar deyil. Britaniya şirkəti silah və ya hərbi avadanlıq satmaq istəyərkən lisenziya üçün müraciət etməlidir. Bu lisenziyanın verilməsi üçün çoxlu meyarlar var. Məsələ təkcə Müdafiə Nazirliyi deyil, Xarici Əlaqələr Ofisi və Beynəlxalq İnkişaf Departamenti tərəfindən təsdiq olunmalıdır. Bu, o deməkdir ki, silah satışı üçün lisenziyanın verilməsi üçün bizdə 3 müxtəlif qurumun təsdiqi lazımdır.



NATO-Azərbaycan əlaqələri barədə nə düşürsünüz?

– Azərbaycan mükəmməl töhfə verə bilən ölkə və NATO üçün yaxşı tərəfdaşdır. Azərbaycan NATO əməliyyatlarına qoşulmaq üçün Əfqanıstana qüvvə göndərir. Mən özüm Azərbaycanın sülhməramlı batalyonu ilə əməkdaşlıq işinə cəlb olunmuşam. Biz general-mayor H. Mahmudovla bu sülhməramlı batalyona təlim keçmək imkanları barədə danışdıq. Biz bilirik ki, Azərbaycan beynəlxalq təhlükəsizliyin təminatına kömək etmək istəyir. Azərbaycan kimi qoşun təklif edərək beynəlxalq təhlükəsizliyə töhfə vermək istəyən bir ölkənin olması çox yaxşıdır. Bu, bizim daim narahat olduğumuz məsələdir. Biz NATO ilə istənilən əməkdaşlığa töhfə vermək və həvəsləndirməkdə maraqlıyıq.


– Əlavə etmək istədiyiniz bir şey varmı?

– Mən həmişə Bakıya gəlməkdən zövq almışam. Hesab edirəm ki Azərbaycanla Birləşmiş Krallıq arasında hərbi əməkdaşlıq inkişaf edir. Bu, çox müsbət əməkdaşlıqdır. Təəssüf ki, mən regionu sentyabrda tərk edəcəyəm. Səlahiyyət müddətim başa çatır. Burada 3 il oldum. Lakin mənim burada mükəmməl nümayəndəliyim var. Əminəm ki, iki ölkə arasında əlaqələr inkişaf etməyə davam edəcək.

Ana səhifəVideo”Sülhməramlılar məsələsi qaldırılmazdan əvvəl keçiləsi hələ çox mərhələ var”