Sülhəddin Əkbər: “Gedişat NATO-Rusiya qarşıdurmasına çevrilə bilər”

“Bu hadisə Ankara-Moskva münasibətlərinə ciddi təsir edəcək”

Source:


“Bu hadisə Ankara-Moskva münasibətlərinə ciddi təsir edəcək”



Rusiya təyyarəsinin Türkiyə sərhədlərində vurulması bu gün gündəmi zəbt edən əsas mövzulardandır. Politoloqlar bu hadisənin iki ölkə arasında siyasi-iqtisadi problemlərin yaradacağını düşünürlər. Mövcud vəziyyət nələri vəd edir, hadisələrin gedişatında rəsmi Bakının mövqeyi necə olacaq və başqa suallarla Meydan TV siyasi şərhçi Sülhəddin Əkbəri hədəf seçdi


– Sülhəddin bəy, noyabrın 24-də Rusiya təyyarəsinin vurulması təsadüfdür, yoxsa iki dövlətin münasibətləri məqsədyönlü şəkildə münaqişə cığırına yönəlir?

– Mən təsadüflərə inanmıram. Suriya məsələsi dünyanın geopolitik hadisələrindən biridir. Əslində, Rusiyanın İranla birlikdə Suriya məsələsində beynəlxalq birliyə qarşı dirənməsindən sonra Ukrayna böhranı ortaya çıxdı. Ardınca İranla nüvə razılaşması əldə olundu. Bu, Rusiyanın strateji səhvi idi, ABŞ başda olmaqla Qərb geopolitik oyunu keçmiş sovet məkanına saldılar. Bu baxımdan Suriya və ətrafında baş verənlər təsadüfi deyil və Ukrayna böhranından sonra Rusiya yenidən geopolitik qarşıdurma xəttini özündən uzaqlaşdırmaq üçün Suriyada aktiv fəaliyyətə başladı. Mən Moskvanın sentyabrın 30-dan başladığı hərbi əməliyyatları nəzərdə tuturam. İlk günlərdən də Türkiyənin hava məkanını pozdu. Bu da təsadüfi deyildi, çünki Suriya məsələsində ən sərt mövqeyi Türkiyə sərgiləyir. Moskva sərhədləri təhdid etməklə Ankaranı öz yerində oturtmağa çalışırdı. Bu isə ilk günlərdən Ankara-Moskva münasibətlərinin gərginliyi ilə yadda qaldı. Xüsusən Amerika ilə razılaşmalardan sonra bu insidentlərin təkrar olunmayacağı güman olunurdu. Ona görə bu insidentdin təkrar olunması göstərdi ki, baş verənlər təsadüfü deyil. Yəqin ki, Vaşinqton və Ankaranın Suriyanın şimalında humanitar təhlükəsizlik bölgəsi yaratmaq planının olduğunu bilirsiniz. Prezident Ərdoğanın noyabrın 24-də səsləndirdiyi fikirlərdən bəlli olur ki, bu əməliyyatlara başlanacaq. Görünür, bunu bilən Rusiya danışıqlar prosesində özünün və Bəşər Əsədin mövqeyini gücləndirmək üçün humanitar təhlükəsizlik bölgəsi üçün yaradılan zonaya hücuma başlayıb. Bu hücumda Rusiya fəal şəkildə kəşfiyyat və hava dəstəyi verirdi, quruda isə İran və Əsədi dəstəkləyənlər iştirak edir. Bu bölgələr Bayır-Bucaq türkmənlərinin yaşadıqları ərazidir. Türkiyə həm sərhədlərinin təhlükəsizliyi, həm qaçqınların axının qarşısının alınması, həm də güvənli bölgə yaradılması baxımından məsələyə seyrçi qala bilməzdi. Bilirsiniz ki, Rusiya ilk gündən İŞİD-ı bəhanə edərək Əsəd rejiminə müxalif olan qüvvələri vurur. Onların arasında Suriya quruculuğunda iştirak edəcək qüvvələr də var. Sanki Rusiya-İran-Əsəd gələcək Suriya müxalifətini ortadan qaldırmağa çalışırlar. Onsuz da İŞİD və Əl-nusra başda olmaqla digər qüvvələri dünya birliyi qəbul etmir, onlara qarşı mübarizə barədə razılaşma da var. Deməli, əsas problem Suriya müxalifətini ortadan qaldırmaqdır. 24 noyabr hadisəsi göstərdi ki, Kreml bu məsələdə nə qədər qətiyyətlidir və qətiyyət növbəsi artıq Türkiyəyə də çatmışdı. Və Ankara Təhdidlərin Önlənməsi Qaydalarına uyğun olaraq hərəkət etdi və bu qaydaları pozmadığını ABŞ başda olmaqla digər güclər də təsdiqlədi. Şübhəsiz ki, hadisə Ankara-Moskva münasibətlərinə ciddi təsir edəcək.


–  Mübahisə təyyarənin sərhədi keçib-keçməməsi ətrafındadır. Mübahisə uzanacaq, yoxsa bununla bağlı son qərar veriləcək?

– Xeyr, mübahisə uzanmayacaq, çünki məlumatlar yalnız Türkiyənin hava hücumundan müdafiə qərargahından deyil. Bilirsiniz ki, həm Aralıq dənizində ABŞ-nin təyyraləri, radarları var, həm də İncirlik hərbi bazasının hava radarları var. Nəhayət, Pentaqon da Rusiya təyyarəsinin sərhədi pozmasını təsdiqlədi. Əsas məsələ ondan ibarətdir ki, Təhdidlərin Önlənməsi Qaydalarına görə Türkiyə hava sahəsinə yaxınlaşan hər bir aparat kodlara əsasən müəyyən olunur. Yəni kodlara görə sərhədi pozan təyyarə, yaxud helikopter dost, yoxsa düşməndir?! Bu məsələ aydınlaşandan sonra xəbərdarlıq olunur, noyabrın 24-də rus təyyarəsinə 5 dəqiqədə 10 dəfə xəbərdarlıq edilib. Ancaq bu xəbərdarlıqlara cavab verilməyib, Pentaqon və NATO bunları təsdiqləyib. Bu qaydalar da oktyabrın əvvəlində baş verən insidentlər zamanı Rusiya tərəfinə izah olunmuşdu.


–  Artıq NATO-nun iclası çağrılıb və Rusiya hərbi gəmilərini Türkiyə sərhədinə göndərib. Gedişat NATO-Rusiya qarşıdurmasına çevriləcək, yoxsa Ankara-Moskva qarşıdurması kimi qalacaq?

– Əgər Rusiya hər hansı növbəti səhvə yol verməyəcəksə, Türkiyənin dəniz, quru və hava sərhədini pozmayacaqsa, yaxud aqressiv hərəkət etməyəcəksə, 24 noyabr insidenti tədricən tarixə çevriləcək. Yox, əgər Moskva aqressiv siyasətini davam etdirəcəksə, Türkiyə sərhədinin həm də NATO sərhədi olduğunu bilirsiniz, bu, gec-tez Rusiya-NATO böhranına çevrilə bilər.


– Başlanan proses son nəticədə türkmənlərin başında çatlamayacaqmı?

– Onsuz da sizin təbirinizcə desək, onların başında çatlayır. Hazırda hərbi əməliyyatlar Bayır-Bucaq bölgəsində gedir, 3 strateji yüksəklikdən ikisi alınıb, yeni qaçqınlar ordusunun bir hissəsi Türkiyə sərhədinə yaxınlaşır. Mən bayaq prezident Ərdoğanın ABŞ-la birgə humanitar təhlükəsizlik bölgəsinin yaradılması əməliyyatlarına başlaması haqda fikirlərinə toxundum. Əməliyyatlar Türkiyə ilə Suriya sərhədində 98 kilometr enində olan ərazinin qapadılması, ordan İŞİD-ın təmizlənməsi məqsədilə həyata keçirilir. Bir tərəfdən Türkiyə sərhədi bağlanacaq, digər tərəfdən qaçqınlar orda yerləşdirilməklə Türkiyə və Avropaya olan axının qarşısını alınacaq. Bu isə Rusiyanı, İranı və Əsədi narahat edir. Hazırda konfliktin əsas səbəbi bu məsələdir.


– Güman ki, Azərbaycan hökuməti mövcud vəziyyətdə susmağa üstünlük verəcək…

– Hakimiyyətin narahat vəziyyətdə olması şübhəsizdir. Onsuz da hakimiyyət Ukrayna böhranı yaranandan qorxmuşdu və ardınca Moskva ilə daha da yaxınlaşdı. İndiki hadisə bir qədər fərqlidir, çünki yeganə tərəfdaşımız Türkiyədir. Bu mənada böhran dərinləşərsə, Bakı Ankara və Moskva arasında seçim etməli olacaq. Xatırlayırsınızsa, Ukrayna böhranı zamanı Rusiya-Türkiyə yaxınlaşması olmuşdu, Azərbaycan hakim elitası buna çox sevinmişdi. Səbəb də Türkiyə ilə birgə Rusiya ilə yaxınlaşma planları hazırlayırdılar, indi bu planlar da “suya düşdü”.


– Belə olduqda hökumətdən hansı addımlar gözləyirsiniz?

– Hökumətin hər hansı addım atacağını düşünmürəm, neytral qalmağa çalışacaqlar. Nəzərə alın ki, Türkiyə Azərbaycanın təbii müttəfiqidir, 2010-cu ilin dekabrında iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə qüvvəyə minib. Sənədə əsasən bu cür böhranlar yaranarsa, Türkiyə Azərbaycandan hətta yardım istəyə bilər. Son hadisə iki ölkə münasibətlərinin testidir həm də.


– Dünəndən sosial şəbəkələrdə və mətbuatda rusiyapərəstlər çox fəallaşıb, onlar Türkiyənin üzr istəməsini də deməkdən çəkinmirlər…

– Son ilyarımda Rusiyanın hakimiyyət də daxil olmaqla cəmiyyətdə beşinci kolonun güclü olması aşkarlandı. Eyni zamanda, hakimiyyət daxilində Rusiyanın mövqeyinin güclü olması hamımıza bəlli idi. Ukrayna böhranından sonra dəyişiklik qorxusu Bakını Moskva ilə daha da yaxınlaşdırıb. Bu yaxınlaşmada  “beşinci kolon” fəalları özlərini daha rahat hiss edirlər və getdikcə aqressivləşəcəklər.

Ana səhifəXəbərlərSülhəddin Əkbər: “Gedişat NATO-Rusiya qarşıdurmasına çevrilə bilər”