Sülhə məcburetmə prosesi başlaya bilərmi?

Danışıqlar nəticə vermədiyi üçün beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edə bilər

Source:


Danışıqlar nəticə vermədiyi üçün beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edə bilər

Üçgünlük savaş Qarabağ danışıqlarını “ölü nöqtə”dən çıxardı. Lakin Kremlin müəllifi olduğu “nə müharibə, nə sülh” status-kvosu davam edəcək. Məsələ ondadır ki, hər iki ölkədə pozitiv qarşılana biləcək sülh şərtlərinə nail olmaq mümkün deyil. Hər iki ölkədə cəmiyyətin böyük bir kəsimi sülh şərtlərinin əleyhinə çıxəş edirlər. Azərbaycanda situasiya bir qədər fərqlidir. İqtidar istədiyi şərti ictimai rəyə təlqin edə bilir. Ermənistanda isə situasiya Azərbaycandan fərqlənir. Ölkədə güclü müxalifət var və prezident Sarkisyanın müxalifət lideri, eks-prezident Levon Ter-Petrosyanın evinə gedərək, məsləhət alması deyilənlərə sübutdur. Həmin arada Azərbaycan müxalifətinin liderinin evi qarşısında hakimiyyət aksiya keçirirdi. Bu, Ermənistan və Azərbaycanda müxalifətin fəaliyyətinə yaradılan şəraitin bariz nümunəsidir.

Ümumiyyətlə, Ermənistanda müxalifətin həm dövlət strukturlarında, həm də güc strukturlarında tərəfdarları var.  İqtidar oppenetləri həmçinin cəmiyyətdə kifayət qədər güclü dəstəyə malikdirlər. Yəni Ermənistan müxalifəti real siyasi müstəvidə fəaliyyət göstərə bilir.  Belə bir şəraitdə Sarkisyanın sülh şərtlərini cəmiyyətə qəbul etdirə biləcəyi bir qədər şübhə altındadır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Ermənistanın regionda ciddi şəkildə asılı olduğu iki dövlət var və onlar nə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, nə də ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında. Hamıya da məlumdur ki, bu gün Ermənistanın asılı olduğu bu dövlətlər Rusiya və İrandır. Onlar da Ermənistana diktə edərək sülhə maneçilik törədə bilirlər. Bu baxımdan, üçgünlük savaşın mahiyyəti də bəlli olur. Kreml Azərbaycanın Rusiyanın təsir dairəsində olmasını arzulayır.  Üçgünlük savaş və atəşkəsdən sonra Kreml şərtlərini bir daha açıqladı – Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalı, Rusiya qoşunları sülməramlı adı ilə Azərbaycana (münaqişə zonasına) qayıtmalıdır.  Moskvanın geosiyasi istəyi bəllidir – Azərbaycanın Türkiyə və İranla sərhədlərinə nəzarəti ələ keçirmək, hava məkanını nəzarətə almaq, Xəzər dənizinə çıxışı dost olmayan ölkələrə bağlamaq. Bu plan reallaşarsa, artıq Azərbaycan Rusiyanın tərkib hissəsinə çevirməsi elə də çətin olmayacaq.  Bir sözlə, vaxtilə Heydər Əliyevin imtina etdiyi “5 rayon tələsi” yenidən gündəmdədir və bu dəfə Kremlə qarşı duruş gətirmək çətindir. Azərbaycan hakimiyyətində təmsil olunan “5-ci kolon”  Moskvanın planlarının reallaşması üçün açıq sabotaja başlayıb.

İşğal olunmuş ərazilər qaytarıla bilərmi? Reallıq ondan ibarətdir ki, Azərbaycanın işğal altında 20 faiz torpağı var, nə rəsmi İrəvan, nə də ki vasitəçilər bu torpaqların qaytarılması ilə bağlı nikbin bəyanatlar vermirlər. Vasitəçilərin rəsmi bəyanatlarına nəzər salsaq görərik ki, əsas məsələ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən gedir və tərəflərin mövqeləri diametral əksdir. Bu halda yaxın zamanlarda müsbət nəticə əldə ediləcəyi də real görünmür. Hazırda Rusiya və Ermənistan atəşkəsə nail olmaq  və Kreml öz qoşunlarını Qarabağa yeritmək istəyir.

Yaranmış situsiyada danışıqlarla bağlı müsbət yöndə iki halda sıçrayış ola bilər – ya tərəflər bu məsələdə özləri dil tapsınlar, ya da ki, vasitəçilər tələb səviyyəsində olan konkret bir təkliflə çıxış etsinlər. Hazırda isə bunların heç biri yoxdur.  İctimai rəydə belə bir fikir formalaşdırılır ki,  yaxın zamanlarda hansısa sənəd imzalana bilər. Vəziyyətin təhlili isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda heç bir ciddi irəliləyiş baş verə bilməz. Bunun əsas səbəblərindən biri həmsədr ölkələr arasında münaqişənin necə həll edilməli olduğu haqda ortaq mövqenin olmamasıdır. Eyni zamanda hər iki ölkədə hakimiyyətlərin ictimaiyyətlə münasibətləri birmənalı deyil. Ona görə də mümkün sülh razılaşmasını ictimaiyyətlə razılaşırmaq çətin olardı. Münaqişənin həllini istəmək və buna imkanı olmaq fərqli məsələlərdir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir – əgər hansısa nüans razılaşdırılmayıbsa, onda heç nə razılaşdırılmayıbdır. Bu isə problemlərin addım-addım həllinə imkan vermir.

Yaranmış situasiya “mərhələli həll” anlayışını da gerçəkləşdirməyə imkan vermir. Üstəlik, belə olan təqdirdə Ermənistana şərait yaranır ki, məsələni Dağlıq Qarabağın statusu ilə şərtləndirsin və faktiki olaraq danışıqların sonsuzluğa qədər uzanmasına gətirib çıxarsın. Rusiyanın da elə istəyi budur. Yəni danışıqlara belə yanaşma hərbi münaqişəni şərtləndirən səbəblərdən biridir. Digər səbəb isə beynəlxalq güc mərkəzlərinin maraqlarıdır. Bu maraqlar da regionda çox ciddi rol oynayır. Onların region dövlətlərinə kifayət qədər təsir imkanları var. Bir sıra halda bu maraqlar münaqişənin qızışdırılmasına gətirib çıxara bilər. Burda düşünmək lazım deyil ki, münaqişənin qızışdırılması ona görə maraqlı ola bilər ki, onlar Ermənistanın və yaxud da Azərbaycanın tərəfindədirlər və ya məsələnin həllində maraqlıdırlar. Burda bir məsələni də nəzərə almalıyıq. Bir qədər əcaib səslənsə də, ikinci Qarabağ müharibəsinin başlanmasının özü regionda sülhün bərqərar olmasını tezləşdirə bilərdi. Bu, heç də Azərbaycanın və yaxud da Ermənistanın üstünlük əldə etməsi ilə bağlı olmaya bilər. Bu, onunla əlaqədar ola bilər ki, hazırkı danışıqlar nəticə vermədiyi üçün həmin beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edir, sonra isə sülhə məcburetmə prosesi başlaya bilər. “Sülhə vadar edilən kim olacaq” – sualı isə açıq qalır…

Ana səhifəXəbərlərSülhə məcburetmə prosesi başlaya bilərmi?