Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Üçtərəfli görüşə qədər Azərbaycan prezidenti və Ermənistaın baş naziri ayrılıqda Mişellə görüşüblər.
Birgə görüşdən sonra Mişel mediaya açıqlama verib. O, müzakirələrdə sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyi bildirib. Mişel deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər.
Sitat: “Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”, – açıqlamada deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel görüşünü haqqında bildirir ki, bu formatda sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirlər.
Tərəflərin birgə səylərinə Aİ-nin tövhə verməyə hazır olduğunu bildirən Mişelə görə, lazım gəldikdə Brüssel görüşlərinin tez-tez keçirməsilə bağlı razılıq da əldə olunub. Onun sözlərinə görə, liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər.
Nikol Paşinyan Şarl Mişellə qeyri-rəsmi görüşdə Azərbaycanı sülh danışıqlarını pozmağa cəhddə ittiham edib. Görüşdə Laçın dəhlizi və Qarabağda yaranmış vəziyyət, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.