Rəsmi Bakı sülh sazişini imzalamağa tələsmir?
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bağlanması üçün tarixi imkanın yarandığını, lakin iki əsas məsələdə Yerevan və Bakının ideyalarının bir-birindən ayrıldığını bildirib.
Ararat Mirzoyanın sözlərinə görə, razılaşdırılmayan birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınması, ikincisi infrastrukturların bloklanmasına aiddir.
Bu barədə nazir İctimai Televiziyaya müsahibəsində danışıb.
“Ermənistan sülh gündəliyinə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin bağlanması ətrafında aparılan danışıqlar zamanı biz artıq bir sıra razılaşmalar əldə etmişik. Ancaq təəssüf ki, tərəflərin baxışlarının hələ də bir-birindən uzaq olduğu iki əsas məsələ var. Birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır ki, növbəti demarkasiya prosesinə əngəl yaradır. İkincisi infrastrukturların bloklanmasına aiddir”,- deyə Mirzoyan vurğulayıb.
Nazirin sözlərinə görə, bu iki məsələni Alma-Ata Bəyannaməsi ilə əlaqələndirmək istəsələr də, Azərbaycanın istəksizliyi görünüb.
Ermənistan XİN rəhbəri gələcəkdə bu məsələlərdə etimada nail olmağın mümkünlüyünə ümid etdiyini bildirib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası proseslərindən danışan Mirzoyan bildirib ki, bu proseslər ayrı-ayrılıqdadır, lakin onlara münasibətlərin ümumi tənzimlənməsi kontekstində baxmaq lazımdır.
“Son vaxtlar Ermənistan və Azərbaycan komissiyaları arasında bir sıra işgüzar görüşlər keçirilib və hazırda müzakirə masasında bir sıra variantlar var. Ola bilsin ki, yaxın gələcəkdə bu məsələlərdə də irəliləyiş əldə etmək mümkün olsun”, – Mirzoyan qeyd edib.
Ancaq martın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı demişdi ki, delimitasiyaya haradan başlayacaqlarından danışarkən söhbət kəndlərdən yox, ərazilərdən gedir:
“Biz sözügedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil. Bağanis Ayrım kəndi sovet dövründə də Azərbaycanda olub. O, Ermənistanın Bağanis kəndi ilə üzbəüzdür. Ermənistanın Voskepar, Kirants və Berkaber kəndləri – Azərbaycanın Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri ilə üzbəüzdür və delimitasiya da bu kəndlərin arasında olacaq. Bakının istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir. Ermənistan bu ərazidə sovet respublikalarının (Azərbaycan SSR və Ermənistan SSR-red) səlahiyyətli orqanları tərəfindən təsdiq olunmuş topoqrafik xəritələr və sənədlər əsasında demarkasiyaya hazırdır” .
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan aprelin 9-da yerli mediaya deyib ki, təhlükəsizlik, sosial-iqtisadi və hüquqi aspektlər kimi mühüm prinsiplərin yekun həllinə qədər sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamaq barədə yekun qərar qəbul edə bilməzlər.
Azərbaycanın hansı əraziyə qayıtmağa hazır olması ilə bağlı suala cavab olaraq Mher Qriqoryan bildirib ki, hələlik yekun konsensus olmadığı üçün bu suala cavab verə bilməz. Onun sözlərinə görə, qalan fundamental məsələlərdə konsensus əldə olunarsa, Tavuş rayonundan delimitasiyaya başlamaq qərarı mümkündür.
“Bir çox məsələlər müzakirə olunur. Üst-üstə düşən məqamlar var, lakin elə məsələlər də var ki, onlar üzərində konsensus yoxdur” .
Amma Ermənistan parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan deyib ki, ölkə daxilində sülh prosesinə mane olanlar var.
A.Köçəryan sadəcə, fikrini konkretləşdirməyib. Güman olunur, deputat Ermənistandakı Rusiyameylli qüvvələri nəzərdə tutur.
Meydan TV Ararat Mirzoyanın söylədikləri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən açıqlama ala bilməyib.
Aprelin 9-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qırğızıstanın Xarici İşlər naziri Ceenbek Kulubayevlə görüşdə bildirib ki, sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslər qəbuledilməzdir:
“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqdir”.
Siyasi şərhçi İlqar Vəlizadə Meydan TV-yə deyib ki, uzunmüddətli sülhün bağlanmasına maneənin yaranmasında xarici amil təsir göstərir:
“Hazırda Ermənistana daha çox Qərb ölkələrindən dəstək var, onlar da Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın şərtlərinin qəbul edilmədiyini açıq bildirirlər. Konkret olaraq, ABŞ rəsmiləri kommunikasiyaların hər dövlətin nəzarəti altında olmasını vurğulayırlar”.
Zəngəzur dəhlizinin açılması məsələsinə gəlincə, Vəlizadə “Bəli, faktiki olaraq, Ermənistan ərazisi olduğundan belədir, amma prosedur baxımından eksklavlarla Azərbaycanın birləşməsi müəyyən dərəcədə prefersianal şərtlərlə həyata keçirilməlidir. Yəni sadələşmiş rejim tətbiq olunmalıdır. Bunu Qazaxın kəndlərinə aid etmək olmaz, çünki Naxçıvan eksklavdır. Orda gedən yol bir qədər fərqlənməlidir”, – deyə siyasi şərhçi bildirib.
Onun fikrincə, hətta Kalininqrada gedən yola xüsusi yanaşma var, fərqli şərtlər tətbiq edilib:
“Nəzərə alın ki, Naxçıvana 44 kilometr yol var və Ermənistanın heç bir yaşayış məntəqəsində dayanacaq olmamalıdır. Çünki azərbaycanlılar birbaşa Naxçıvana getmək istəyir. Əgər ərazilər 1991-ci ilə qədərki vəziyyətə qayıtsa, o zaman Ermənistana məxsus olan Başkənd adlı eksklavla birləşib xüsusi qayda tətbiq edilməlidir”.
Ancaq İlqar Vəlizadə kommunikasiyaların açılmasına maneçilikdə Rusiya amilinin olmasını düşünmür:
“Bəlkə Qərb Rusiya ordusunun orda olmasını ona görə istəmir, çünki xüsusi rejim tətbiq edilsə, rus hərbçiləri orada olacaq. Bu, üçtərəfli bəyanatda razılaşdırılıb. Amma bu Azərbaycanın yox, Rusiyanın Ermənistanla problemidir. Sadəcə, burada bir incə məsələ var, tutaq ki, dəmiryol çəkildi, Ermənistanın dəmiryolları Rusiyanın idarəçiliyində olduğundan Kreml ora nəzarət etməlidir”.
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-nin suallarını cavablandırarkən Azərbaycan tərəfinin delimitasiya məsələsinin sülh sazişinə salınmasına istəksiz olmasını qeyri-obyektiv sayıb:
“Hələ bir müddət əvvəl Ermənistan rəsmiləri bəyanat vermişdi ki, Alma-Ata sənədinə əsaslanaraq sərhədlərin delimitasiya və demarkasiyası zamanı 1975-ci il xəritələri əsas götürüləcək. Rəsmi Bakı əleyhinə çıxsa da, nə təklif etdiyini bilmirik. Məncə, delimitasiya və demarkasiyanın hansı prinsip üzrə aparılacağı əsasdır. Ola bilər SSRİ vaxtında bir sıra ərazilərin Ermənistana verilməsinə görə Bakı Yerevanın təklifini qəbul etmir. Əgər Azərbaycanın ciddi arqumentləri varsa, ictimaiyyətə açıqlamalıdır. Bəli, İlham Əliyevin bəyanatlarına baxmayaraq, Azərbaycanın bu məsələdə mövqeyi qeyri-müəyyəndir. Ona görə bunlar açıqlanmalıdır, çünki doğrudan da, Bakı sülh prosesini ləngidən tərəf kimi görünməyə başlayır“.
R.Mirqədirov infrastrukturla bağlı fikir ayrılığının səbəbini Azərbaycanın Zəngəzur dəhlizinə fokuslanması ilə əlaqələndirir:
“Rəsmi Bakı həmin 44 kilometrlik yolda xüsusi rejimin tətbiqini istəyir. Ermənistan isə kommunikasiyaların hər bir dövlətin suveren nəzarəti altında olmasının tərəfdarıdır. Mən istisna etmirəm ki, Naxçıvana gedən yüklər və insan axını ilə bağlı müəyyən bir xüsusi rejim tətbiq oluna bilər. Amma bu rejim tamamilə Ermənistanın suveren nəzarətindən kənarda olmamalıdır. Əgər elə bir rejim Ermənistan ərazisində tətbiq olunarsa, eyni tələblər müxtəlif istiqamətdə Azərbaycana da yönəldilər. Hər halda bu gün görünən odur ki, Rəsmi Bakı sülh sazişini imzalamağa tələsmir“.