Sülh naminə amnistiya

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Amnistiya ictimai-hüquqi tədbir kimi ağır siyasi böhranlardan sonra hansısa mühüm siyasi hadisənin şərəfinə tətbiq edilə bilər

Qarabağda yeni geniş müharibə barədə söz-söhbət qol-qanad açır. Döyüş meydanından uzaq olanlar sevinir, ağlı başında olanlar isə anlaşılan təşviş hissini yaşayırlar.

Ermənistan öz şakərinə uyğun olaraq barış imkanlarını fotə verir, şərəfli sülh müqaviləsi hazırlayıb imzalamaq əvəzinə danışıqları yubadır və hansısa möcüzəyə əbəs ümid bəsləyir.

Azərbaycan tərəfi isə “müvəffəqiyyətdən başı gicəllənmiş” qalib kimi barış potensialını unudub elə-hey “vuraram, kəsərəm” deyir.

Sizin həqir bəndəniz isə vəziyyəti təhlil edib sayır ki, barış imkanlarını genişləndirmək mümkündür.

O cümlədən, münaqişənin keçmiş mərhələlərində hərbi əməliyyatlara zorən qatıldıqlarından, barış olarsa, cinayət məsuliyyətinə cəlb ediləcəklərindən ehtiyatlanaraq istənilən barışa qarşı fəal çıxış edən insanların  qorxusunu dağıtmağa xidmət edən amnistiya haqqında qanunun qəbul edilməsini təklif edirəm.

Amnistiya qanunu cəmiyyətin ümumi rəyinin ifadəsi kimi hansısa böyük bir ziddiyyətin və ədavətin keçmişdə qaldığını bildirən hüquqi addımdır. Bəşər tarixində qədim Yunandan və Roma imperiyasından tutmuş SSRİ-yə qədər xeyli dövlət bu hüquqi alətdən siyasi məqsədlər naminə istifadə etmişdir.

Etnik-ərazi münaqişələrinin istisnasız olaraq hamısında münaqişəyə cəlb edilmiş tərəflərin istisnasız olaraq hamısı əlinə silah götürüb hərbi əməliyyatlarda iştirak etmiş, düşmənə atəş açmışdır. Əgər müharibə iştirakçısının bəşəriyyətə qarşı törədilmiş hansısa cinayətdə sübut edilmiş günahı yoxdursa, bu insan, beynəlxalq və yerli qanun baxımından, məsumdur.

Fəqət münaqişə dövründə tərəflər qarşılıqlı nifrət zəminində ədavəti o həddə çatdırırlar ki, əks tərəfə məncub insanların hamısını cani qismində görürlər. Gerçəklik və qanun isə bunun əksini deyir.

Amnistiya qanununu qəbul edən dövlət qurumu bu addımı ilə bəyan edir ki, cinayət törətmiş və ya bu əməldə şübhəli bilinən şəxs əməlinə görə daşıdığı və ya daşıyacağı məsuliyyətdən tam və ya qismən azad olunur və ya cəzası nisbətən yüngülləşdirilir.

Məncə, Azərbaycan bu məsələni Ermənistanla müzakirə edib bu addımı ikilikdə eyni vaxtda atmaq barədə razılığa gələ bilər və bu addımla hər iki dövlət ədavətin keçmişdə qaldığını dünyaya bəyan edər.

Mən sadəlövh deyiləm və anlayıram ki, həm ilahi, həm dünyəvi qanunlara görə bağışlanılması mümkün olmayan cinayətlər var və onlar Qarabağ naminə aparılmış müharibə dövründə törədilmişlər. İndi yeri deyil və mən onları xatırlayıb barış axtarışı dövründə qan qaraltmaq istəmirəm. Bu cinayətləri törətmiş şəxslər barədə hər iki tərəfin hüquq-mühafizə qurumları, azı nəzəriyyə və ictimai fayda baxımından, zəruri tədbirləri görməli və qaçılmaz cəzaları verməlidir.

30 il davam etmiş münaqişə dövründə hər iki tərəfdən yüz minlərlə insan bu qanlı qarşıdurmaya cəlb edilmişdir və onların hamısına ədavətlə yanaşmaq məntiqdən uzaqdır. Hər uki dövlətin bahəm qəbul edəcəyi amnistiya qanununun mənası odur ki, “bitdi, olan olub, keçən keçib, düşmənçilik dövrü arxada qaldı, iki xalq gələcəyə, barışa doğru baxmalıdır”.

Amnistiya qanununun tarixinə baxsaq, görərik ki, bu addımın əsas məqsədi onun yunan dilində olan “”bağışlamaq və unutmaq” mənalarına nail olmaqdır. Amnistiyanı adətən humanizmlə izah edirlər, lakin onun siyasi (məsələn, barış) məqsədi də olur. Bəzi ölkələrdə amnistiya yalnız cəzaya məhkum edilmiş insanlara tətbiq edilir, lakin siyasi və hərbi qarşıdurmalardan sonra amnistiya məhkəmə keçirilmədən geniş əhali kəsiminə aid edilə bilər.

Amnistiya ictimai-hüquqi tədbir kimi ağır siyasi böhranlardan sonra, vətəndaş müharibələrinin yekunu kimi, hansısa mühüm siyasi hadisənin şərəfinə tətbiq edilə bilər.

Möhtərəm oxucu düşünüb belə bir sualın cavabını tapmağa çalışsın: məgər 30 il sürmüş, hər iki tərəfdən on minlərlə həyatı aparmış, böyük ərazini xərabəyə çevirmiş, milyonlarla insanı didərgin salmış bir qanlı münaqişənin sona çatmasını bildirən bu qarşılıqlı “bağışlamaq və unutmaq” tədbiri yeni dinc, qansız-qadasız dövrün müjdəsini verməyə layiq deyilmi?

Ana səhifəMənim FikrimcəSülh naminə amnistiya