Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında bəyannamə imzalandı


Tərəflər əlaqələrin inkişafı barədə bəyannamə imzalayıblar

Şimali və Cənubi Koreya hərtərəfli və tam münasibətlərin yaxşılaşdırılmasına çalışacaq və bununla da birgə inkişaf edib, birləşməni yaxınlaşdıracaqlar.

Rusiya mətbuatının verdiyi xəbərə əsasən, bu barədə Cənubi və Şimali Koreya liderlərinin Mun Çje İn və Kim Çen Inın görüşündən sonra tərəflərin imzaladığı bəyannamədə deyilir.

Koreyaların liderləri demarkasiya xəttində görüşüblər. Kim Çen In cənub tərəfə keçən Koreya Xalq Demokratik Respulikasının ilk lideri olub.

Danışıqların ilk raundundan sonra Kim Çen In qarşıdurmanın bitməsini istəyib. Cənubi Koreyanın lideri Mun Çje İn isə öz növbəsində ölkələr arasında dəmir yolu əlaqələrinin qurulmasını təklif edib.

Şimali və Cənubi Koreya liderlərinin imzaladığı “Koreya yarımadasının inkişafı və birləşməsi haqqında Pxanmundjom sülh bəyannaməsi” adlı sənəddə tərəflər yarımadanın atom silahından azad edilməsinin ümumi məqsəd olduğunu bildiriblər.

Sənəddə deyilir ki, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası bir birinə qarşı düşmən hərəkətləri dayandırılması barədə razılığa gəliblər.

“Koreya yarımadasında daha müharibə olmayacaq. Yeni era başlayır”, sənəddə deyilir.

Bundan əlavə tərəflər təbliğat alətlərinin ləğv edilməsi öhdəliyini götürüblər.

Hər iki Koreyanın hərbiçiləri daimi olaraq əlaqənin, o cümlədən müdafiə nazirləri səviyyəsində əlaqələrin qurulması barədə razılığa gəliblər.

Sənədə əsasən, mayın 15-də hər iki ölkənin generallarının iştirakı ilə danışıqların keçirilməsi razılığı əldə edilib.

Tərəflər həmçinin 1950-1953-cü illər Koreya müharibəsindən sonra ayrı düşən ailələrin görüşlərinin bərpa edilməsini razılaşdırıblar. Növbəti belə görüş avqustun 15-də baş tutacaq.

Humanitar məsələlərin həlli üçün sərhədyanı Keson bölgəsində birgə məntəqənin yaradılmasını razılaşdırıblar.

Şimali və Cənubi Koreya həmçinin iki ölkənin dəmir yollarının birləşdirilməsi üzərində işlərin başlanılmasına razılıq veriblər.

Ana səhifəVideoSülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında bəyannamə imzalandı