Subyektiv cavabları inkar

Dilqəm Əhmədə cavab

Source:

Artıq necə gündür ki, Azərbaycanın qürbətdəki mütəfəkkirlərindən biri Ağalar Məmmədovun Türkiyənin nüfuzunun  və rəsmi dilinin ölkəmizdə yayılmasına qarşı yazıları ətrafında geniş müzakirələr aparılır. Türkiyə sevdalıları Ağaları türk düşmənciliyində, Türkiyəyə nifrət etməkdə ittiham edirlər. Hətta onun bu mövqeyini ekzistensionalist filosof Haydeggerlə əlaqələndirənlər də var. Qərəz Ağalar Məmmədovun azad düşüncəsinin məhsulu kimi ortaya qoyduğu yazılarına gənclər arasında da qarşı çıxanlar az deyil.

Onlardan biri də Dilqəm Əhməddir. Buna görə də onun Ağalar Məmmədova yazdığı cavabları bir az interpretasiya etmək istəyirəm. Əvvəla, bu yazımla Dilqəm Əhmədə niyə cavab verirəm? Çünki Dilqəm bəy, özü öz yazısını Ağalar Məmmədova yox, ona inananlara müraciətlə yazdığını deyir. Gələk, onun verdiyi cavablara.

Dilqəm Əhməd Türkiyəni tənqid edən Ağalar Məmmədovun yazısını səfsəfə, onun göstərdiyi səbəbləri isə cəhalət hesab edir. Bunu demək lazımdır ki, ilk başlanğıc kimi, kiməsə rəddiyyə yazarkən onu aşağılamaq rasionallıqdan çox emosionallıqdan xəbər verir. Bu isə, orta əsr müsəlman mütəfəkkirlərinin yazı üslubu idi. Bu cür köhnəlmiş üslubdan istifadə etmək nə dərəcədə düzgündür, bunu artıq obyektivliyə üstünlük verən oxucuların öhdəsinə buraxıram.

Daha sonra Dilqəm Əhməd Səfəvi Osmanlı münasibətlərindən yazarkən bitərəfliyini nümayiş etdirməyə çalışır. Lakin təəssüf ki, bu cəhd onda alınmır. İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Səfəvi Osmanlı münasibətlərini bizim tarixcilər günü-gündən daha dolğun tədqiq etməyə başlayıb. Bu gün də, proses davam edir. Həmişə də Azərbaycan tarixçiləri bu tarixi hadisəyə obyektiv qiymət verməyə calışıblar.

Lakin Dilqəm Əhməd nə edir? Sırf Ağalar Məmmədov Osmanlını tənqid etdiyi üçün, o da, Səfəviləri tənqidə kecir. Və bildirir ki, “Osmanlı ilə Səfəvi arasındakı münasibətlərdə Səfəvi sarayında gəzən Avropa diplomatları da az rol oynamayıb”. Bu nəyi göstərir? Səfəvilərin guya avropalılarla işbirliyinə girdiyini. Lakin Dilqəm Əhmədə sual vermək lazımdır: bu vaxta qədər hansı Türkiyə tarixçisi, yazıçısı, tədqiqatçısı məhz bu tarixi hadisəyə obyektiv yanaşa bilib?

Türkiyədə nəşr olunan istənilən tarix kitabına baxdıqda, pafosdan başqa heç nə görmək mümkün deyil. İstənilən Türkiyə tarixçisi çox gözəl bilir ki, Şah İsmayıl Xətayi türksoyludur, buna baxmayaraq, yenə də onu İran hökmdarı və fars kimi təqdim edirlər. Heç kim iddia edə bilməz ki, Türkiyə tarixçilərindən kimlərsə Əmir Teymurla Bəyazid arasındakı Ankara döyüşünə verdikləri obyektiv qiyməti  Şah İsmayılla Yavuz Səlim arasındakı Çaldıran döyüşünə də verirlər. Xeyr. Bunu heç kim görə bilməz, bu, mümkünsüzdür.

Bu arada  Osmanlıları az qala məsum edən Dilqəm Əhmədə xatırlatmaq lazımdır ki,  Sultan Səlim “Yavuz” (zalım, qəddar) ləqəbi almış biridir, Şah İsmayıl yox.

Dilqəm Əhmədin Türkiyə vurğunluğu onun qeyd etdiyi ikinci cəhalətə cavab yazısında da açıq büruzə verir.  Nuru paşanı az qala Azərbaycan türklərinin məsihi elan edən Dilqəm bəyə yenə xatırlatmaq lazımdır ki, Nuru paşa Azərbaycana 1918 ci il iyun ayında gəlib. Sual yaranır. 1918-ci il 31 mart-2 aprel Bakıda və digər bölgələrdə daşnaklar tərəfindən qırğın törədildiyi halda bizim xilaskarımız saydığı Nuru paşa harda idi? Niyə görə üç gün davam edən qətliama paşamız səsini çıxartmadı, kömək əlini uzatmadı?

Əgər Dilqəm bəy obyektiv olsaydı, buna rahatlıqla cavab verə bilərdi. Onu deyə bilərdi ki, həmin qırğın o vaxtkı Xalq Komisarlar  Sovetini böyük nüfuzdan saldı və Nuru paşa da bunu yaxşı bildiyi üçün Azərbaycan türk “qardaşlar”nın qətliamına səsini çıxartmadı.

Dilqəm Əhməd daha bir cəhəti unudur. Nuru paşanın xüsusiyyətini. Kim olub Nuru paşa? Nuru paşa Osmanlı monarxist sistemin zabiti idi. Monarxist sistemin böyük rütbəli şəxsi necə ola bilər ki, başqa ölkəyə gəlib, demokratik sistem yaradıb gedir. Bu, nə dərəcədə düzgündür? Məgər Nuru paşa bilmirdi ki, bir müsəlman dövlətində demokratik qüvvələrə yardım etməklə, öz ölkəsində də demokratik ruhu qaldıracaq? Bunu çox gözəl bilirdi. Nuru paşanın niyyəti heç də Azərbaycanda demokratiya qurmaq deyildi, sadəcə Baki nefti və  həmin nefti idarə etmək üçün bir vassal idarəçilik lazim idi. Bunu da paşa elə ilk gündən etmişdi. Təkcə İrəvanın Ermənistana verilməsində Nuru paşanın az rol oynamadığını qeyd etmək kifayətdir.

Dilqəm Əhməd daha sonra Atatürkə bir kamalist kimi yanaşır. Atatürk nə edibsə, deməli, düzgün və doğru edib. Atatürkün Azərbaycan Xalq Cumhuriyyətini Sovetlərə satdığını rədd edir. Atatürk kim olub? Atatürk daima ona qarşı çıxan ziyalılara təzyiq edən, divan tutan olmayıbmı? Mehmet Akifin, Nazim Hikmətin başına müsibət gətirən bir şəxs necə Azərbaycan türklərinin dərdinə yana bilər?  Dilqəm Əhməd sonra davam edərək yazır ki, Atatürk Türkiyəyə mühacirətə gəlmiş Azərbaycan türk ziyalılarını himayə edib. Bu, heç də onları sevdiyindən yox məcbur olduğundan edib. Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi nüfuzlu və savadlı kadrlar istənilən yeni yaranmış dövlətə lazım deyilmi? Mustafa Kamal da bunu bilirdi və bu intellektual kapitaldan səmərəli istifadə edib.

Diqəm Əhməd türk ordusunu da müqəddəsləşdirir. Güya Türkiyədəki Azərbaycan türk zabitlərinin sovetlərə təhvil verilməsinə o vaxt türk ordusu qarşı çıxsa da,  İsmət İnönünün əmrini icra etməyə məcbur olmuşlar. Dilqəm bəy sadəcə bununla kifayətlənir, lakin sual yaranır: Türkiyə tarixi boyu hökumət devirən, konstitusiyanı dəyişən bir ordunun  həmin etirazı necə olmuşdur?

Dilqəm bəy Güney Azərbaycan türkləri ilə kürdlərin istiqlaliyyətini müqayisəyə qarşı çıxır. Onun iddiasına görə PKK terroru 35 min insan həyatına son qoyub lakin güneydəki Azərbaycan türkləri bunların heç birini etməyib. Təbii, Dilqəm bəy hər bir xalqın müstəqillik hərəkatında xarici qüvvələrin rolunu dərindən bilsəydi, belə gülməli müqayisə aparmazdı. Tarixi azdan-coxdan bilənlərə yaxşı məlumdur ki, PKK təşkilatı əvvəlcə sovetlərin, daha sonra qərbin böyük dəstəyi ilə fəaliyyət göstərib, lakin güneydə bu proses mövcud olmayıb. Buna baxmayaraq 1920 ci il Şeyx Xiyabani silahlı hərəkatında nə qədər insanın öldüyü məlumdur.

Bu hərəkatın ingilislərlə əlaqəsinin olduğu çoxuna məlumdur. Sadəcə Türkiyə Suriyada ərəblərə verdiyi dəstəyi öz “qardaşlar”na vermir. Bu isə Ağalar Məmmədovun da qeyd etdiyi kimi, kürdlərin müstəqilliyinə aparır deməkdir, çünki Türkiyədəki kürdlərin vəziyyətilə İrandakı Azərbaycan türklərinin mədəni vəziyyəti demək olar ki, eynidir. Misal: heç birinə hələ də ana dili müstəqilliyi verilməyib.

Sonda Dilqəm bəy Türkiyəni ümumilikdə müqəddəsləşdirməkdən belə çəkinmir.

“Doğmalıq” deyilən şeyi “Türkiyə Azərbaycana nə edib?” kimi yazsaq, məsələ siyasi və iqtisadi, yardımlaşma sahələrinə qalxacaq. Bunları bilmək üçün isə çox sadə yollar var. Xarici İşlər Nazirliklərinin, TİKA-nın və bu kimi qurumların hesabatlarına baxmaq kifayətdir” deyən Dilqəm bəyə sual vermək istəyirəm: sadəcə yaxın tarixə diqqət edək; Niyə görə Türkiyə Ermənistanla sərhədlərini Xocalı qətliamından sonra bağlamadı? Niyə görə Elçibəyin maliyyə yardımı istəyinə  türkiyəlilər vaxtında cavab vermədilər?

Sadəcə onu bilmək kifayətdir ki, ən az İran qədər Türkiyə də Qarabağ münaqişəsinin mövcudluğu marağındadır. Mən nə Türkiyə, nə də Türkiyədəki insanlara nifrət etmirəm, sadəcə tarixi reallıq budur ki, Türkiyənin siyasət, mədəniyyət, elm adamlarının çox böyük əksəriyyəti üzdən bizə qardaş desələr də, daxillərində həmişə bizə ikinci növ insan kimi yanaşıblar.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəSubyektiv cavabları inkar