Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın Səsi”nə müsahibəsi
1953-cü il 28 May
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar…
Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!