Şübhəli şəxsin saxlanma müddəti azaldılacaq

Hüquqşünaslar qanunvericiliyə edilən dəyişiklikləri fərqli şərh edirlər

Source:


Hüquqşünaslar qanunvericiliyə edilən dəyişiklikləri fərqli şərh edirlər

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar tətbiq ediləcək.


Milli Məclisdən Trend-ə bildiriblər ki, Cinayət-Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliyə görə, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Təklif edilmiş əlavə və dəyişikliklərlə həmin müddət 48 saatdan 24 saata endirilib. Belə ki, hazırda qüvvədə olan qanunvericilikdə şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.

Yeni layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləsinə 148.6. və 148.7. maddələri əlavə olunur.

Tanınmış hüquqşünas Fuad Ağayev layihəni Meydan TV-yə şərh edərkən verilən məlumatın bir qədər dəqiq olmadığını söylədi. Onun sözlərinə görə, məcəllənin 148.4 maddəsində göstərilib ki, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənə qədər qəbul olunmasa, saxlanmış şəxs dərhal azad olunmalıdır: “Həmin qayda bu gün də mövcuddur, amma söhbət ondan gedir ki, qərar oldu-olmadı saxlanma 48 saatdan artıq ola bilməz. Sadəcə, məcəlləyə iki əlavə edlilir, 148.6 və 148.7 maddələri. Bunun da mənası ondan ibarətdir ki, bir sıra maddələr üzrə şəxsin həbsdə saxlanılma müddəti artırıla bilər. Yəni, 48 saat üstəgəl 48 saat ola bilər, nəticə budur. Əslində, təklif olunan layihə qanunvericiliyin “yumşaldılması” deyil, əksidir”.

Ancaq həmkarından fərqli olaraq, layihəni insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından müsbət dəyərləndirilən tanınmış vəkil Yalçın İmanlı qanunun işlənməsində problemlərin olduğunu dilə gətirdi: “Praktikada şübhəli şəxsin saxlanması qaydasına əməl olunmur. Dəfələrlə şahidi olmuşam ki, 48 saat müddəti pozulub. Məsələn, 2011-ci ilin 2 aprel aksiyasında həbs olunanlardan müsavatçı Əhəd Məmmədli Nəsimi Rayon Polis İdarəsində 48 saat ötdükdən 1 saat sonra təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ittiham elan edildi. Halbiki, qanunvericilik onun dərhal azadlığa buraxılmasını tələb edirdi. Bir daha deyirəm, təklif olunan layihə müsbətdir, ancaq onun icra mexanizmi hansı səviyyədə olacaq, buna nə dərəcədə riayət olunacaq, bu, artıq problemli məsələdir”.

“Əgər icra prosedurunda süni problemlər yaradılırsa, niyə 48 saatdan 24 saata endirirlər, olmazdırmı ki, vaxtı artırsınlar” sualına hüquqşünas belə cavab verib: “Azərbaycan qanunvericiliyi bu və ya digər nöqsanları ilə bərabər kifayət qədər normaldır. Dəyişikliklər Avropa qurumlarının nəzarəti altında həyata keçirilir. Güman ki, son layihə təklifi də həmin tələblərdən biridir və daha çox görüntü xarakterinə hesablanıb. Müddətin aşağı endirilməsi vətındaşların hüquq və azadlıqlarının təminatı baxımından irəliliyə doğru atılıb. Amma qanunun icrasının  təmin olunmasına müsbət cavab vermək mümkün deyil”.

Ana səhifəXəbərlərŞübhəli şəxsin saxlanma müddəti azaldılacaq