Sübahir Qurbanov: Vidadi Zeynalov mənə pul verməyib

”MTN-nə hər ay 50 min manat göndərmişəm”

Source:


”MTN-nə hər ay 50 min manat göndərmişəm”

“Vidadi Zeynalov hər ay mənə pul göndərməyib. Lakin ondan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etmişəm. Həmin hədiyyələri mənə Ramil adlı sürücü gətirib. Hədiyyələrin dəyərini də ödəmişəm”.

Bu sözləri məhkəmə prosesində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanov deyib.



“MTN-ə hər ay 50 min manat göndərmişəm”

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən Sübahir Qurbanov ona rüşvət verildiyini təkzib edib.

Vidadi Zeynalov isə onun dediklərini yalanlayıb. Bildirib ki, MTN-nə hər ay 50 min manat göndərib.

MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general-mayor Teymur Quliyev də iclasda şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib və Vidadi Zeynalovdan pul almadığını deyib.

Vidadi Zeynalov da Teymur Quliyevə pul vermədiyini deyib. Bildirib ki, nazirin göstərişi ilə sürücüyə hər ay 50 min manat verib.

Teymur Quliyev ona pul çatmadığını söyləyib:

“Vidadi Zeynalov qonşum olub. Lazım olsaydı, özüm pulu götürərdim. Ondan nəsə almamışam”.



Şahid ifadəsini qismən təsdiqlədi

Elçin Ağayev də şahid qismində ifadə verib. O bildirib ki, “Aztelekom”un Qəbələ filalının baş mühasibi olub.

Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib və bildirib ki, işlər formal aparılıb.

Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində pulu Oktay Rüstəmova şəxsən verdiyini deyib.

Elçin Ağayev istintaqa verdiyi ifadəsini qismən təsdiqləyib və Oktay Rüstəmova pul vermədiyini deyib.

“Azərpoçt”un Həmkarlar İttifaqının sədri Eldar Həmzəyev də şahid kimi dindirilib. Onun sözlərinə görə, keçirilən tender komissiyasının üzvü olub:

“Tenderlərlərlə bağlı təklif gəlib. Paketlər açılıb, içərisində ən az məbləğ olan qəbul edilib”.



“Pul vermişəm, məbləğ yadımda qalmayıb”

Şahid Qurban Rüstəmov bildirib ki, Qəbələ Telefon Qovşağında mühasib işləyib. O, təqsirləndirilən Oktay Rüstəmovu tanıyıb: “Ona pul vermişəm, amma nə qədər məbləğ olduğu yadımda qalmayıb”.

Oktay Rüstəmov şahidi tanımadığını, ondan pul almadığını deyib:

“Bu şəxsi mən təklikdə görməmişəm. Hamının yanında da bu şəxsdən necə pul almışam, sayıb götürmüşəm? Bu, mümkün deyil”.

Şahid isə bildirib ki, Oktay Rüstəmova pulu onun xidməti otağında verib.

Proses yanvarın 27-də davam edəcək.


Tarixçə

İstintaq materiallarına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərSübahir Qurbanov: Vidadi Zeynalov mənə pul verməyib