Natiq Cəfərli: “Yolların və prospektlərin düşüncəsiz tikintisi küçələrdə çayların, sellərin yaranmasına səbəb olur”
Sentyabrın 23-də səhər saatlarından yağan yağış Bakının mərkəzi küçələrindən tutmuş kənar qəsəbələrəcən problemlər yaratdı. Kimi bunu yağış suyu üçün əlavə xətlərin olmaması, kimi də həmin xətlərlə kanalizasiya xətlərinin birləşdirilməsi ilə əlaqələndirdi.
Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyəti “Azərsu” ASC-nin üstünə
atdı
. Bildirdi ki, ən çox şəhərin mərkəzi küçələrini və prospektləri, zirzəmiləri su basıb.
40 dəqiqə ərzində Bakıya 21 mm. (aylıq normanın 122 faizi) yağıntı düşüb. Nərimanov rayonunda bu göstərici 191 faiz olub.
“Təbii səbəblərlə yanaşı, texniki səbəblər də olub. Əsasən son illər ucaldılan çoxsaylı hündürmərtəbəli binalar. Digər tərəfdən, “Azərsu”nun (supaylaşdırıcı və kanalizasiya sistemi üzrə operator) kollektorlarının boyük həcmdə suyu qəbul etməyə gücü çatmayıb. Neftçilər prospekti boyunca kollektora yağış sularının nəqli üçün evakuasiya xətlərinin gec açılması da əlavə problem yaradıb. “Azərsu” gələcəkdə bu cür hallara yol verməmək üçün əlavə tədbirlər görməlidir”.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, başqa obyektlərin yağış suları ilə dolması barədə “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
Həmçinin yağışlı hava şəraiti bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.Güclü yağış nəticəsində metronun “Nizami” stansiyası yaxınlığında köhnə yaşayış binasının eyvanı da uçub. Hadisə yerinə polislər gəlib, lakin sakinlər bildirir ki, onlar FHN-ə məlumat versələr də, bir səs çıxmayıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, Bakının kommunal təsərrüfatı, o cümlədən kanalizasiya sistemi maksimum 2 milyon insana hesablanmışdı. Onun sözlərinə görə, sovet vaxtı kanalizasiya xətlərinə paralel yağış suyun üçün əlavə xətlər də çəkilmişdi, bu da yağmurlar zamanı kanalizasiya sisteminə yük gətirmirdi, yağış-qar suyu əlavə xətlərlə dənizə axıdılırdı:
“Bakı “amfiteatr” üslubunda tikilmişdi deyə yuxarıdan aşağıya kanalizasiya xəttlərinin diametrində fərq var idi – aşağı endikcə diametr daha da böyüyürdü. Ancaq son 25 ildə bir xeyli dəyişiklik baş verdi. Müxtəlif obyektiv (yəni, Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlər) və subyektiv (hökumətin bacarıqsızlığı, ölkənin proporsional inkişaf etdirilməməsi, regionlarda dolanışığın olmamağı) səbəblərdən, ölkənin bütün iqtisadi potensialının Bakıya toplanması əhali sayını artırdı, 4 mln.-dan çox insan paytaxta toplandı. 2000-ci illərdə xaotik tikinti bumu başlayanda təməl qazılarkən yağış üçün nəzərdə tutulan xətlərin çoxu sıradan çıxarıldı. Onları ya kəsib atdılar, ya da kanalizasiya xətlərinə birləşdirdilər ki, bu da həmin xətlərin daha çox yüklənməsinə səbəb oldu”.
Natiq Cəfərli deyir ki, xaotik tikinti Bakının stilini və seluetini pozdu, yolların və prospektlərin düşüncəsiz tikintisi, çox yerdə “şüşə boğazı” effikti yaratdı, yəni, çox geniş yollar sonda dar boğaza dirənir ki, bu da yağış sularının axıntısının olmadığı bir şəraitdə küçələrdə çayların, sellərin yaranmasına səbəb olur:
“Su və kanalizasiya sisteminə ayrılan milyardlarla manat korrupsiya sxemlərinə yem oldu. Bunu deməyə ən böyük əsas odur ki, bu günə qədər “Azərsu” ilə bağlı ciddi araşdırma, audit aparılmayıb, nə Beynəlxalq kreditlər, nə də büdcədən ayrılan vəsaitlərlə bağlı hesabatlar verilməyib. Korrupsiya sxemləri işlərin əhəmiyyətini, həcmini azaldır, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə çevrilməsinə imkan vermir – nəticə olaraq da 2-3 saatlıq yağış Bakını iflic edir. Problemlərin siyasi həlli Böyük Şəhər Bələdiyyəsinin yaradılması, Mer seçkiləri, şəhər hökumətinin formalaşdırılmasıdır”.