Su və gender bərabərliyi

Foto: Azərtac


Rövşən Hacıbəyli

Bakını ağuşuna alan yağış suyu ilə qarışdırmamalı

Bu günlərdə keçirilən bir tədbirin şokundan cəmiyyətimiz, tərəqqipərvər bəşəriyyət hələ də ayılmayib; Bakını iflic edən yağış suları kimi. Təsəllimiz odur ki, bu cür yığıncaqlar bizdə keçirilir, hər kəsi titrədən çıxışlar, təkliflər bizimkilərin dilindən səslənir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çağırışlar o qədər təsirlidir, kampaniya o qədər uğurla aparılır, adam paytaxt Bakıda kəsilən ağacları belə unudur. Ölkəmizin, eləcə də dünyanın nizamını pozan problemin çözülməsi üçün iki arvad-uşaq komitəsi (dövlət və Milli Məclis) mübarizəyə başlayıb; ADA Universiteti ilə birgə. Sevindirici haldır ki, Əhməd müəllimin MEDİA-sından qidalanan saytlar və qəzetlər də bu bəşəri problemə biganə qalmayıb. Söhbət “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransdan gedir.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Çox vacib, deyərdim ki, bir az da gecikmiş həmin konfransla bağlı “Azərtac”dan üzüaşağı, demək olar, bütün saytlardan informasiya almaq olar.

Belə bir qlobal problemə həsr olunmuş tədbirin “COP 29” yaxınlaşan günlərdə keçirilməsi, heç şübhəsiz, qəlbimizi qürur və fərəh hissi ilə nəyi var doldurur, gözümüzdən Parisi cənginə alan sel suları kimi yaş gətirir. Tolerant ölkəmizin dünyanın bütün problemlərinə diqqət və qayğısını (Yeni Kaledoniya, Qvadelupa, Korsika və s.) bir daha göstərir. Baxmayaraq ki, Yeni Kaledoniya kimi nankorlar bu diqqət və qayğının, eləcə də Sahibə Qafarovanın imzasının qədrini bilmir, ancaq belələri bizi haqq yolundan, başqa millətlərin azadlığı uğrunda mubarizəmizdən heç vaxt çəkindirə bilməz…

Konfransda maraqlı, təkcə Azərbaycan deyil, bütün dünya üçün önəmli olan çağırışlar səslənib. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı bu baxımdan çox yaddaqalan olub:

“Rayonlarda görürsən ki, suyu şırhaşır açırlar. Bir tərəfdən isə deyirik ki, su qıtlığı var, digər tərəfdən də belə edirlər. Məişətdə hansısa qadın sudan istifadə edir, halbuki evlərdə sayğaclar var, fikirləşmirlər ki, suyu açdımsa, bağlamalıyam. Maddi cəhətdən problem yaratsaydı, su israfını düşünərdilər. Çağırış etmirəm ki, qiyməti qaldıraq. Sadəcə, maarifləndirmə lazımdır…”.

Problemin həllinə yanaşmaya fikir verin, başqa qurumlar kimi cərimələrdən, qiymət qaldırmaqdan danışmır, məsələni maarifçilik yoluyla həll etməyə çağırır. H.Hüseynovanın Arvad-uşaq komitəsinin sədri olduğu dönəmdə qadınlara şiddətə qarşı hansı maarifçilik işini apardığı ilə bağlı indi nəsə yazmaq mövzudan çıxmaq sayıla bilər. Şübhə yoxdur ki, kim istəsə, komitənin saytında bununla bağlı mənbə axtarmaqda sərbəstdir; orada hesabatlar varsa…

Düzdür, bizim içərimizdə də bəzilərinin “çox ciddi” problemləri kənara qoyub “xırda”, cəmiyyətimizi maraqlandırmayan məsələləri qabartması narahatlıq doğurur. Məsələn, adını çəkmək istəmədiyim bir gənc vəkil var, qadınlara zorakılıqla bağlı hər ay hesabat yayır. Niyə? Nəyə xidmət edir, kimə gərəkdir, bu? Gender məsələsini qabartmaq istəyirsən? Gözümüzün qabağında bu məsələ ən yüksək səviyyədə muzakirə olunur, böyük-böyük adamlar qoşulub o müzakirəyə, suyu kişilər çox işlədir, yoxsa qadınlar, gender bərabərliyini kimlər pozur? Örnək götür, dəvət olunmamısan, hə, nə olsun, ölkənin bütün telekanalları, agentlikləri, qəzetləri, saytları o tədbiri işıqlandırdı. Bax, çıxışları oxu, şırhaşır su axıdanları sən də tanı. Yoxsa cəmiyyətimizə yad olan məsələləri hər ay fakt kimi, statistika kimi yaymağa nə ad verək? Öldürüldü, itkin düşdü, qaçırıldı, döyüldü, intihar etdi… Kim inanar bu statistikaya? Öz aramızdır, bu, bir az da arvad-uşaq komitələrinin işinə qarışmaqdı…

Şəxsən mənə ölkədə suyu şırhaşır axıdan qadınların statistikası daha maraqlıdır, nəinki intihar edənlərin, döyülüb öldürülənlərin… Əri öldürdü, oğlu öldürdü, qaynı öldürdü, qaynının oğlu öldürdü, sevgilisi öldürdü… ancaq cəmiyyətimizə yad şeylər. Qadınlarla bağlı statistika toplayan o vəkil, çox təəssüf, həmin qadınların neçəsinin şırhaşır su axıtdığına görə cəzalandırıldığını – döyüldüyünü, öldürüldüyünü yazmayıb. Məqsəd aydındır… Məncə, tədbirin yekunu kimi Arvad-uşaq komitələri birgə komissiya yaradıb o şırhaşır su axıdan qadınların adbaad siyahısını tutmalı, onları cəmiyyətə tanıtmalıdır. Hər il dövlət komitəsinə qadınlarla bağlı həm də bu və başqa məsələləri araşdırmaq üçün büdcədən böyük pullar ayrılır. 14 illik komitə sədrliyi dönəmində nə qədər büdcə vəsaiti xərcləndiyini o konfransın əsas məruzəçilərindən olan Hicran Hüseynova daha yaxşı bilər. Biz bildiyimiz rəqəm 35 milyon manata yaxındır…

Ancaq biz qadın və uşaqların problemlərinin həlliylə bağlı komitənin yox, daha çox xeyirxah adamların, bəzi ictimai fəalların adlarını çəkə bilərik. Problemi olan qadınlar və uşaqlar, əsasən, bu fəalların sayəsində, azsaylı yardımsevər insanların dəstəyi ilə ayaqda qala bilirlər…

Ana səhifəMənim FikrimcəSu və gender bərabərliyi