Vahid Məhərrəmov: “Su anbarlarının bir hissəsində məmurlar öz bizneslərini qurublar”
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Facebook səhifəsində MDB respublikalarının su itkisi ilə bağlı siyahısını yayıb. Siyahıda ən çox su itkisinə Azərbaycanın məruz qaldığı qeyd olunub, 34 faiz. Növbəti sıraları Ermənistan -25, Qırğızıstan -19,Qazaxıstan -16, Ukrayna -15, Rusiya – 11, Moldova -7, Belarus -5 faizlə bölüşdürür.
Vahid Məhərrəmov Meydan TV-yə siyahını Dövlət Statistika Komitəsinin məlumatı əsasında yaydığını bildirdi: “Bizim alternativ statistik məlumatlarımız olmadığından fikrimizi komitənin məlumatları əsasında formalaşdırırıq.
Ekspert su itkisinin səbəbləri barədə də danışdı: “Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi qonşu respublikalardan-İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu əhalinin istehlak tələbatımızdan 4-5 dəfə çoxdur. Ekspertin fikrincə, problem ondan ibarətdir ki, Azərbaycanda başqa ölkələrdən fərqli olaraq yağış suyu yığılmır: “Digər ölkələr yağış yağan və çaylarda su bolluğu zamanı onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların bir hissəsində məmurlar balıqçılıqla məşğuldurlar, öz bizneslərini qurublar. Qalanları isə uzun müddət təmir edilmədiyindən sıradan çıxıb, söhbət təsərrüfatlardakı anbarlardan gedir. Su itkisinin hansı səbəblərdən qaynaqlandığına gəlincə, su kanalları sovet dövründən təmir-bərpa işləri aparılmır. Ona görə baş verən sızmalar yalnız su itkisinə səbəb olmur, həm də ətrafdakı əkin sahələrində bataqlıq yaradır, bir çoxlarında isə şoranlaşmaya gətirib çıxardır. İkinci səbəb sudan qənaətcil istifadə edilmir. Qənaətlə istifadə olunsa, məhsuldarlıq da artır. Əks halda suvarma nəticəsində bitki normal qidalana və havalana bilmir. Üçüncü səbəb isə şişirtmələrlə bağlıdır, həddindən artıq şişirdilmiş rəqəmdir, guya, su itkisinə gedilib. Təsəvvür edin ki, Azərbaycanda 12 milyard kubmetr təbii su mənbəyindən su götürülür, bunun 8 milyardından istifadə edilir, 4 milyardı itkiyə gedir. Halbuki, Azərbaycan qədər kənd təsərrüfatı məhsulu istehsal edən İsrail cəmi 1,2 milyard kubmetr sudan istifadə edir. Görün, Azərbaycanda nə qədər israfçılığa yol verilir. Əlbəttə, bütün bunlar təsərrüfatla bərabər büdcəyə və ekologiyaya da ziyan vurur”.
Vahid Məhərrəmov dövlətə nə qədər maddi ziyan dəyməsini konkretləşdirə bilmədi: “Xüsusi hesablamalara ehtiyac var, həm təsərrüfata
ziyan dəyir, şoranlaşma, bataqlığın yaranması, torpağın münbit qatının yuyulub aparılması, nəhayət, su itkisinə görə dövlət konpensasiya ödəyir. Amma bütün bunlara baxmayaraq, ilbəil su itkiləri artır. Ötən 3,7 milyard kubmetr, bu il isə 4,2 milyard kubmetr su itkisi olub. Bu, ondan xəbər verir ki, mövcud vəziyyətin yaranmasında maraqlı qüvvələr var, çünki ortalıqda böyük maliyyə vəsaiti dövr edir”.