Su bolluğunda susuz

“Məcburi köçkün olanda nə olar, axı biz də insanıq…” “Hamı Hacıkəndin bulaqlarından danışır. Ətraf ərazilərə burdakı su anbarlarından su paylanır. Amma bizi adam yerinə qoyub şərait yaradan yoxdur. Məcburi köçkün olanda nə olar, axı biz də insanıq. İçməyə, yuyunmağa, təsərrüfatda işlətməyə suyumuz yoxdu. Körpə uşaqlar var, natəmizlikdən xəstəlik tapacağıq”.

Source:


“Məcburi köçkün olanda nə olar, axı biz də insanıq…”

“Hamı Hacıkəndin bulaqlarından danışır. Ətraf ərazilərə burdakı su anbarlarından su paylanır. Amma bizi adam yerinə qoyub şərait yaradan yoxdur. Məcburi köçkün olanda nə olar, axı biz də insanıq. İçməyə, yuyunmağa, təsərrüfatda işlətməyə suyumuz yoxdu. Körpə uşaqlar var, natəmizlikdən xəstəlik tapacağıq”.

Bunları 22 ildir Hacıkənddə məskunlaşmış Şuşadan olan məcburi köçkün Vüsalə Mürsəlova deyir. 28 yaşlı Vüsalə onu da bildirir ki, su ehtiyatı zəngin olan Hacıkənddə susuz qalmaları məmurların onlara qarşı laqeyd münasibətinin nəticəsidir.

Gəncə Şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsi paytaxt Bakıdan təqribən 400 km qərbdə yerləşir. 107 ha ərazisi olan qəsəbə səfalı bulaqlarla zəngindir. Buna görə də yerli əhali əsasən su sarıdan əziyyət çəkmir. Yalnızca Qarabağ müharibəsi nəticəsində öz doğma yurdunu tərk edib Hacıkəndə sığınan məcburi köçkünlərdən başqa.

Əsasən Şuşadan və Xocalıdan olan 600 nəfərə yaxın məcburi köçkün el arasında “Beş ulduz” kimi tanınan sovet dövrünün məşhur istirahət bazasının binasında məskunlaşıb. Vaxtilə “Beş ulduz” adına layiq olsa da, hazırda bu bina xarabalığı xatırladır. Barmaq nazikliyində karton arakəsmələrlə bir-birindən ayrılan darısqal otaqlarda 3-5 nəfər iç-içə yaşayır. Atəşkəs elan ediləndən bəri bu ağır şəraitdə bir neçə nəsl yetişib. Körpə ikən Şuşadan, Xocalıdan çıxanların indi boyları qədər övladları var.

Vüsalə Mürsəlova deyir ki, Şuşanı tərk edəndə yenicə təmirdən çıxmış bərbəzəkli ikimərtəbəli evlərindən kiçik gəlinciyindən savayı heç nə çıxara bilməyib. Kədərli xatirələrinə müharibə günlərinin atəş səsləri, doğmaların itkisi, anasının göz qurumayan yaşları da iz salıb.

“Bizim Şuşada hər şeyimiz var idi. Evimiz cəmi 10-15 gün idi təmir edilmişdi. Bütün qapılara qırmızı lent bağlamışdım. Atam qurban kəsəcəkdi. Alınmadı. İndi Allahın qismətinə bax, bu çökək nəmli evlərdə gəlin cehizim bəzəndi. Elə bu qəsəbədə olan köçkünlə evləndim. Bircə gəlinciyim var, qayğısız, xoşbəxt uşaqlığımdan mənə qalan”.

Vusalə xatirələrdən ayrılıb reallığa qayıdır. Gileylənir ki, yaşadıqları onca faciədən sonra heç olmasa güzəranları yaxşı olardı. Qapının yanında cərgə ilə düzülmüş boş su qablarını göstərib deyir ki, hər gün onlarla su qabını 200 metr aralıdakı bulaqdan gedib doldurmalı olur.

Qəsəbəyə gedən yol boyu gördüyümüz bulaqların başında qadınlardan kimisi vedrələrini, bidonlarını doldurur, kimisi isə pal-paltar yuyurdu.

Başqa bir məcburi köçkün Saidə Cəfərova danışır ki, Gəncənin bütün əhalisi Hacıkənd ərazisindəki su anbarından çəkilmiş su xəttlərindən faydalansa da, qəsəbənin özünə su çəkən yoxdur.

“Oğlum məktəbdə müəllimdir. Səhər dərsə gedir, işdən gələn kimi də su daşıyır. Hansı zamanədir ki, biz bir ocuc suyu qollarımız qırıla-qırıla daşıyırıq?!”.

Xocalı sakini Sahil Abbasov deyir ki, dəfələrlə onlara da su çəkilməsi üçün müvafiq qurumlara müraciət ediblər. Lakin heç kim əhəmiyyət verməyib.

“Göygölün suyu bu tərəflərə axır. Amma borularla çəkmək lazımdır. Sarıyalıdan (Hacıkənddən təxminən 200 metr aralıda yerləşən kənd-G.R) aşağıdakı düşərgəyə öz hesabımıza su çəkmişik, ordan da vedrələrlə daşıyırıq. İcra nümayəndəliyinə də, su idarəsinə də ərizə yazmışıq. Dəfələrlə şifahi də məlumat vermişik, amma faydası yoxdur”.

Göygöl şəhəri, Toğanalı, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərində olan bulaqların dünya standartlarına uyöun şəfalı su mənbəyi olması ilə bağlı 2000-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sertifikat müəyyən etdi. 2011-ci ildən başlayaraq isə 2031-ci ilə qədər artım proqnozunu nəzərə almaqla bu su mənbələrindən faydalanaraq əhalini fasiləsiz su ilə təmin etmək üçün yeni layihənin icrasına başlanılıb.

Hacıkənd qəsəbə icra nümayəndəsi Hümbət Hüseynov bildirir ki, Hacıkənddə 12 içməli bulaq var ki, bunlardan 6 su anbarı yaradılıb. Həmin anbarların ikisi hələlik Hacıkənd qəsəbəsi, dördü isə Gəncəni içməli su ilə təmin edir. Hümbət Hüseynov əlavə edir ki, Gəncəyə içməli su xəttləri Almaniya və İsveçrə Bankının layihəsinə əsasən çəkilir. Hacıkənddə başlanan layihə isə sırf dövlət sifarişi ilə reallaşır.

“Bizim yeni layihəmiz də var, onun icrasına hazırlıq işləri aparılır. Hələlik anbarların tikintisi reallaşır. Anbardan sonra xəttlər çəkiləcək. 2014-cü ilin sonunadək 600 ailə su ilə təmin olunacaq”.

Hümbət Hüseynovun dediyinə görə, 2016-cı ildə artıq bütün Hacıkənd qəsəbəsindəki hər evdə içməli su olacaq.

Vüsalə Mürsəlova isə Şuşaya qayıtmaq ümidini itirdiyi kimi, bu qəsəbədə nə vaxtsa normal şəraitinin olacağına da inanmır.

“Çox istəyərdim ki, balalarım isti suyu olan, damı dammayan, qışda isti, rahat bir evdə böyüsünlər. Amma geridə qalan 20-22 ildə dəyişən heç nə yoxdu. Bu gedişlə heç olmayacaq da…”

Qeyd: Məqalə IWPR Azerbaijan ofisinin International Alert təşkilatının dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb

Ana səhifəXəbərlərSu bolluğunda susuz