Status: Kimə və niyə?

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Məndən soruşan olsa, lap elə rəhmətlik dostum Georgiy Vanyan kimi, deyərdim ki…

Erməni əhalisinə Azərbaycanda status verilməsi məsələsinin arxasında ilk növbədə xarici qüvvələrin marağının güdüldüyünü yalnız tam sadəlövh insan anlamaz.

Bu status məsələsini qabardan siyasilər, alimlər və ictimai fəallar adətən statusun lüzumunu Azərbaycanda etnik azlıqların haqqını daim yeyən hakimiyyətin səlahiyyətlərini hüquqi üsullarla məhdudlaşdıran, etnik azlıqları daha səmərəli qoruyan mexanizm kimi təqdim edirlər. Deyirlər ki, əgər hüquq müstəvisində tanınan status olmasa, erməniləri Azərbaycandan sıxışdırıb çıxaracaqlar. Bu isə azlıqların hüquqlarına həssas olan Rusiyanın və Qərbin incə qəlblərini zədələyəcək.

Soruşanda ki, bəs sizin bu həssas qəlbiniz yarım milyon azəri türkünün Ermənistandan bir əsr boyu mütəmadi və ardıcıl olaraq sıxışdırılıb çıxarılmasından niyə zədələnmədi, özlərini karlığa, korluğa və lallığa qoyurlar. Niyə? Çünki ədalətli və açıq söhbət onların xəbis siyasi nəqşələrinin üstünü aça bilər. Bu korluq, karlıq və lallıq yalnız rus imperialistlərinə deyil, həm də istisnasız olaraq bütün Qərb imperialistlərinə aiddir. Onlardır indi çırmanıb Cənubi Qafqaz dağlarını və çöllərini siyasi cıdır meydanına döndərənlər.

Bu xəbis nəqşələri artıq külli-Qafqaz əhalisi görür və anlayır. Hətta erməni xalqının əksəriyyəti anlayıb ki, “can-can” deyən xarici dostları onların deyil, öz mənfəətlərini güdürlər.

Azərbaycan qanlı müharibədən sonra öz qanuni hüquqlarının tanınmasını tələb edir. Lakin dünya yenə ikibaşlı “status” mətləbini ortaya atır. Rusiya və Qərb yenə ermənilərin qırılma və qovulma təhlükəsinin qarşısını ala biləcək statusun vacibliyindən danışır.

Status möhtəkirliyinin qarşısını ala biləcək yeganə çarə status məfhumunun mahiyyətini açmaqdır.

1.Status erməni azlığının hüquqlarını təmin edə biləcək sehirli çubuqdurmu? Yəni hansısa qara qüvvə məsum erməni azlığının üzərinə getmək istəsə, status sözünü eşitcək, status sənədini görcək kor-peşiman niyyətindən əl çəkəcəkmi?

Məgər münaqişə başlayanda, Azərbaycanda erməni azlığının Dağlıq Qarbağ Muxtar Vilayəti (DQMV) adlanan statusu yox idimi?

Var idi və 120 000 erməninin rəhbərləri bu statusdan gen-bol istifadə edib DQMV-də etnik azlıq olan azərbaycanlıların hüquqlarına qara qəpiklik hörmət qoymurdu.

Buğda yeyib cənnətdən çıxmış əksər azərbaycanlılar bu DQMV statusu barədə qanunu heç görməyib, nəmənə olduğunu heç bilmir. Sizin həqir bəndəniz isə bu qanunu nəinki görüb, hətta bu qalın sənədi diqqətlə oxuyub. Oxuyub və görüb ki, sovet hakimiyyəti bu qanunla erməniləri Qarabağın tam ağası etmişdi. Qarabağın erməni əhalisi bu qanunun gücü ilə bu ərazidə bütün iqtisadi, mədəni, dini, inzibati məsələləri özü həll edə bilirdi və heç vaxt Bakı məmurlarının icazəsinə ehtiyac duymurdu.

Lakin! Erməni daşnaklarına və onların xarici ağalarına əslində zavallı ermənilərin hüquqlarının müdafiə edən status deyil, özlərinin Cənubi Qafqaz üzərində ağalıqlarının təmin edilməsi lazım idi. Buna görə onlar mövcud olan və erməni azlığına geniş səlahiyyətlər verən DQMV statusuna tüpürüb “miatsum” hərəkatına başladılar. Hərəkatın başlanması barədə icazə və göstərişi isə bilavasitə sovet quruluşunun süqutuna vargücü ilə can atan Qorbaçovdan aldılar.

Nə isə, hadisələr hamının gördüyü və bildiyi məcrada cərəyan etdi və nəticədə Ermənistan Respublikasının ordusu Azərbaycan Respublikasının Qarabağ bölgəsini işğal etdi, oradakı qeyri-erməni əhalinin hamısını qovdu. 120 000 erməninin təhlükəsizliyini təmin etmək məqsədilə 600 000 azərbaycanlını didərgin saldılar.
Daşnakların ülvi arzusu – türklərsiz Qarabağ – çin oldumu? Bu türklərsiz Qarabağda erməni əhalisi erməni cənnəti yarada bildimi?

Heyhat! İnsan hər şeydən qaça bilər, yalnız özündən, öz zatından, öz taleyindən qaça bilməz. Erməni əhalisi “turkes”i Qarabağdan qovandan sonra girişdi ən mütərəqqi meyarlara cavab verə biləcək demokratik erməni dövləti qurmağa. Çox çalışdılar, çox əlləşdilər, tikdilər, qurdular, 25 il keçəndən sonra gördülər ki, nümunəvi faşist dövləti qurublar.

Bu dövlətdə sıravi erməniləri sıravi olmayan paqonlu ermənilər əzişdirib sındırır, bir ovuc tüfeyli mütərəqqi Avropanın zəngin vətəndaşlarının səviyyəsində keflə yaşayır, əhalinin əksəriyyəti isə Ekvatorial Afrikanın geridə qalmış ölkələrinin bədbəxt əhalisinin kökündə həyat sürür.

Bəlli oldu ki, türklərdən qurtulmuş ermənilər öz mahiyyətlərindən, öz erməni mədəniyyətindən, şüurundan heç cür xilas ola bilməyiblər. Zülm, korrupsiya, dərəbəylik tək müstəqil Azərbaycanın deyil, həm də müstəqil Ermənistanın, həm də “müstəqil” Qarabağın bəlasıdır. Bəlli oldu ki, dərin qarşılıqlı nifrətə baxmayaraq, biz mahiyyətcə çox yaxın xalqlarıq. Bizi tək dolma, xaş, zurna-balaban, “Sarı gəlin” deyil, həm də cəmiyyətdə hakim mövqe tutan dəyərlər yaxınlaşdırır.

2.Erməni qələbəsini legitimləşdirən Bişkek protokolunun imzalanmasından keçən 25 ildə azərbaycanlı sülhpərvərlər erməni cəmiyyətində özünü sülhpərvər sayan həmkarları ilə yüzlərlə görüş keçirib dünyada olan və olmayan bütün muxtariyyət statuslarını müzakirə etdilər.
Tirol statusunu istəyirsiniz? Heç vaxt!
Şimali İrlandiya statusunu istəyirsiniz? Əbəda!
Tatarıstan statusunu istəyirsiniz? Yox!
Aland adalarının statusunu istəyirsiniz? Bİz qalib müstəqil dövlətik, nə üzlə siz, məğlub tərəf, bizə müstəqillikdən imtina edib hansısa miskin muxtariyyət statusu ilə razılaşmağımızı təklif edirsiniz? Yox və bir də yox!

25 il “yox” və yalnız “yox”!

Yox? Di gəldi!

44 günlük müharibədən sonra erməni tərəfi “qroqqi” vəziyyətinə düşdü. Nədir bu vəziyyət? Boks döyüşü zamanı güclü zərbə almış boksçu yıxılmasa da, müvazinətini itirir, gicəllənir və başlayır ləngər vurmağa, dəxi özünü müdafiə edə bilmir. Rəqib döyüşçü bir zərbə ilə onu yerə sərə bilər. İnsaflı peşəkar hakim bu anda döyüşü saxlamalı, “qroqqi” vəziyyətinə düşmüş boksçunun tam məğlub olduğunu elan etməlidir.

Lakin bizim müharibədə hakim rolunu insaflı və tərəfsiz dövlətlər deyil, münaqişədən hədsiz maddi və siyasi mənfəət götürən dövlətlər icra edirdi. Məhz onlar “qroqqi” vəziyyətinə düşmüş Ermənistana “nokaut” saymadılar və fasilə elan edib öz siyasi oyunlarına davam etdilər.

İndi Ermənistan da, onun xarici hamiləri də Qarabağ erməniləri üçün status tələb edirlər. Bu status kimə verilməlidir? Son müharibədən sonra təcili olaraq bütün Ermənistandan süpürülüb-yığılmış, avtobuslarla Stepanakertə daşınmış 50 min erməniyəmi? Sovet vaxtı 120 000 erməniyə verilmiş yüksək “DQMV” statusu bu xalqa təhlükəsizlik və səadət gətirmədisə, 50 000 erməniyə veriləsi naməlum status onlara bu arzuedilən əmin-amanlığı və səadəti təmin edəcəkmi?

Təbii ki, indi Qarabağ erməniləri üçün status tələb edən dövlətləri erməni əhalisinin gerçək əmin-amanlığı və rifahı əsla maraqlandırmır. Onları status tələbini Azərbaycana sırıyandan sonra “erməni əhalisinin təhlükəsizliyinə “zamin duracaq dövlətlərin bölgədəki “status”u maraqlandırır.

Vəziyyət həqiqətən mürəkkəb və dolaşıqdır. Həm erməni xalqı, həm Azərbaycan xalqı çətin seçim qarşısındadır. Düşmənçiliyi davam etdirib yad qüvvələrin əlində alət olaraq qalmaqmı? Yaxud indi ağlasığmaz görünən, lakin əslində yeganə həqiqi çıxış yolu olan barış yolunu seçib çağırılmamış hakimlərə və münsiflərə “sağ olun, səlamat qalın” demək, oturub bu mürəkkəb düyünü birgə səylə aşmaq, itirilmiş əmin-amanlıq kələfinin ucunu birgə tapmaq?

Məndən soruşan olsa, lap elə rəhmətlik dostum Georgiy Vanyan kimi, deyərdim ki, “Ermənistan Respublikasının bir nömrəli müttəfiqi Azərbaycan Respublikası olmalıdır və erməni xalqının əmin-amanlığı və səadəti Azərbaycan xalqı ilə səmimi əməkdaşlıqdan, etimaddan, etibardan, dostluqdan keçir”.
Beyni ədavətdən zəhərlənmiş, gözü bəlalardan tutulmuş, haqqı nahaqdan seçməyi unutmuş bu iki qonşu, fəqət çox yaxın xalqlar bu sadə tənliyi öz xeyirlərinə həll edə biləcəkmi?

Oxucum, bu tənliyin həlli həm də şəxsən sizin tutacağınız mövqedən asılıdır. Həlledici məqamdır, heç kəs kənarda durub “bu, mənim işim deyil” deyə bilməz.

Ana səhifəMənim FikrimcəStatus: Kimə və niyə?