Ali məktəblərə qəbulda orta bal göstəricisi ilbəil aşağı düşür
İqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə “pullu təhsilin ayaqları altında qalan ali təhsilimiz”, – başlıqlı statistika paylaşıb.Göstəricilərə əsasən, 2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla 67 faizə çatıb:
“2008-ci ildə bu göstərici 59 faiz olub Hətta ayrı-ayrı rayonlar üzrə bu göstərici daha yüksəkdir. Məsələn, ali məktəblərə qəbul olanların Qubada 77 faizi , Şamaxıda 76 faizi, Xızıda 79 faizi, Daşkəsəndə 83 faizi ödənişli ixtisaslara daxil olublar”.
Ekspert bildirir ki, 2008-ci ili müqayisə bazası kimi seçməyinin səbəbi var. 2003-2008-ci illərdə ayrı-ayrı universitetlərə qəbul üzrə abituryentlərin orta balı artan templə gedib və 2008-ci ildə ən yüksək səviyyəyə çatıb. 2008-2014-cü illərdə isə universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb və 2014-cü ildə son illərin ən aşağı göstəricisi kimi qeydə alınıb:
“Qəbul üzrə orta bal Bakı Dövlət Universitetində 2008-ci ildə 488.4, 2014-cü ildə 426.8, İqtisad Universitetində 2008-ci ildə 449.4, 2014-cü ildə 390.6, Slavyan Universitetində 2008-ci ildə 455.7, 2014-cü ildə 350.9, Sumqayıt Dövlət Universitetində 2008-ci ildə 391.4, 2014-cü ildə 275.9, Gəncə Dövlət Universitetində 2008-ci ildə 407.9, 2014-cü ildə 322.8 olub”.
“2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb”, – bu sözləri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib. Qəbulda toplanılması mümkün olan maksimal bal isə 700-dür:
“0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “02”, 13.6 faizi “3”, 15.7 faizi “4”, 6.0 faizi isə “5” qiymət alıb”.
2013-cü illə müqayisədə bu göstəricilərin müvafiq olaraq 65.0 faiz, 13.8 faiz, 15.7 faiz, 5.6 faiz olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib.
Yanvarın 24-də isə prezident İlham Əliyev “biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. Hazırda Azərbaycanda savadlılıq səviyyəsi yüz faizdir”, – deyə tvit atmışdı.
Bundan əlavə, o, Rusiyanın “Rossiya-24” informasiya telekanalına müsahibəsində də bildirib ki, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir:
“Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz”.