Nazim Bəydəmirli: ”Hökumət vətəndaşların izafi xərclərini azaltmaq üçün inhisarçılığın aradan qaldırılmasına nail olmalıdır”
2015-ci il üçün dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş “Büdcə zərfi”nə daxil olan məlumatlarda əhali xərclərinin həcmi 31 mlrd. 964,6 mln. manat, real artım tempi isə 5,2% proqnozlaşdırılıb. İlin sonunda isə əhali xərcləri proqnozdan həm həcm, həm də faiz ifadəsinə görə yüksək olub.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat rəyində əksini tapıb.
Rəydə qeyd olunub ki, 2015-ci ildə əhalinin qənaətinin həcmi əvvəlki illə müqayisədə 23,7% azalıb: “Əgər 2013-2014-cü illərdə qənaətin strukturunda maliyyə aktivləri üzrə azalma, qeyri-maliyyə aktivləri üzrə artım müşahidə edilirdisə, 2015-ci ildə sonuncu istiqamətdə də 13% azalma müşahidə edilib. Əhalinin qənaətinin azalmasını əsasən hesabat ilində son istehlak xərclərinin artması ilə də əlaqələndirmək olar. Belə ki, istehlak qiymətləri üzrə artım, o cümlədən ərzaq məhsulları üzrə müşahidə edilmiş qiymət artımı əhali qənaətinin azalmasını şərtləndirib”.
Rəydə bildirilir ki, hesabat ilində əhalinin adambaşına düşən gəlirləri orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb: “Əhali gəlirlərinin artımı pərakəndə ticarət dövriyyəsinə də öz təsirini göstərib. 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü il ilə müqayisədə 10,9% artaraq 25,7 mlrd. manat olub. Hesabat ilində pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 224,9 manatlıq və ya 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb”.
Məlumata əsasən, 2015-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7%-i avtomobil yanacağının, 6%-i elektrik malları və mebelin, 1,2%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Başqa sözlə, ötən il istehlakçılar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 12 mlrd. 850 mln. manat, avtomobil yanacağına 1 mlrd. 722 mln. manat, əczaçılıq və tibbi mallara 308,4 mln. manat xərcləyib (APA).
Hesablama Palatasının illik rəyini Meydan TV-yə şərh edən iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli bildirib ki, ötən il 2 dəfə devalvasiyanın olması istehlakçıların aldığı malların əksər hissəsinin idxal məhsulları olduğunu sübut edir: “Bu, elə məhsullardır ki, vətəndaş onsuz keçinə bilməz. Məcburdur ki, almaq üçün əlavə vəsait xərcləsin. Nəzərə alın ki, idxal məhsullarının qiyməti 34-50 faiz arasında artıb. Vətəndaş nə qədər qənaət etsə də, zəruru qida məhsullarını almalıdır. Ona görə istehlakçının xərclərinin artması daha çox baş verməliydi, ancaq qənaət rejiminə keçdiyi üçün, qida rasionu məcburən azaltdığına görə bu vəziyyət yaranıb. Əslində, Statistika Komitəsinin məlumatı bir neçə gün əvvəl inflyasiya haqda öz dediklərinin təkzibidir. Bu, o deməkdir ki, vətəndaşlar daha çox ərzaq məhsulları alır”.
Nazim Bəydəmirli BMT-nin bir neçə il öncə Azərbaycan vətəndaşlarının aylıq gəlirlərinin təqribən 70 faizinin ərzağa xərclənməsi haqda məlumatını xatırlatdı: “Düzdür, Statistika Komitəsi bu rəqəmin 50 faiz civarında olduğunu qeyd edir, ancaq BMT-nin məlumatında 69 faiz var idi və bizdən öndə Afrika qitəsindən olan ölkəydi. Bu baxımdan hökumət inflyasiyanın yaratdığı mənzərədən sığortalanmaq üçün büdcə təşkilatlarında işləyənlərin maaşını artırmalıdır. Eyni zamanda, vətəndaşların izafi xərclərini azaltmaq üçün inhisarçılığın aradan qaldırılmasına nail olmalıdır. Çünki əsas qiymət artımından biri də obyektiv yox, subyektiv səbəbdir. Yəni inhisarçıların süni qiymət artımıdır ki, əhalinin real gəlirlərinə mənfi təsir göstərir.