Komitə məhsul istehsalı 2,4 faiz artıb, eskpet isə 20 faiz azalıb deyir
“2016-cı ilin 9 ayı ərzində Azərbaycanda ümumi kənd təsərrüfatı məhsulu istehsalının həcmi 4 mlrd 614,3 mln manat olub. Bunun 51,9 faizi bitkiçilik məhsullarının payına düşür”.
“Turan” agentliyi Dövlət Statistika Komitəsinə istinadən yazıb ki,dənli və dənli-paxlalı bitkilərin istehsal həcmi 2,8 mln ton olub. Bu, ötən ilkindən 1,9 faiz çoxdur. Taxılın məhsuldarlığı 1 hektara 29,6 sentner olub.
Oktyabrın 1-dək 29,6 hektardan174,5 min ton qarğıdalı yığılıb. Daha 17,8 faiz sahədən qarğıdalı yığılacaq. Beləliklə, qarğıdalı nəzərə alınmaqla dənli bitki istehsalı 3 mln tonu keçib.
Bundan başqa, 871 min ton (+48,6 min ton) kartof, 1 mln 150,3 min ton (-22,4 min ton) tərəvəz, 461,4 min ton (-20,1 min ton) bostan bitkiləri istehsal edilib. Kartofun məhsuldarlığı 5 sentner, tərəvəzin məhsuldarlığı 3 sentner, bostan bitkilərinin məhsuldarlığı 2 sentner artıb.
Meyvə və giləmeyvə istehsalı (539 min ton) 5,4 min ton artıb, üzüm istehsalı (98,7 min ton) 13 min ton azalıb.
Bu il diri çəkidə ət istehsalı 341,3 min ton (+3 faiz), süd 1,5 mln ton (+2,5 faiz), yumurta istehsalı 1,2 mlrd ədəd (+4,9 faiz) olub.
İribuynuzlu mal-qara 0,6 faiz artaraq 2 mln 720,8 minə çatıb, qoyun və keçi sayı dəyişməyib – 8 mln 740 min baş.
Statistika Komitəsinin məlumatına görə, 9 ayda ümumi kənd təsərrüfatı məhsulu 2,4 faiz artaraq 2,5 mlrd manata çatıb. Kənd təsərrüfatına investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz azalaraq 173,3 mln manat olub.
Ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları reallığı əks etdirmir. Ekspert hesab edir ki, Statistika Komitəsinin hesablama metodologiyaları ilə real göstərici əldə etmək mümkün deyil: “Komitə arzu edilən rəqəmi səsləndirir, yuxarıdan göstəriş verilir ki, hansı sahədə hansı rəqəmi ictimai rəyə çatdırmaq lazımdır. Bizim hesablamalarımız göstərir ki, ölkədən ixracın azalması və idxalın artması nəticəsində ötən ilin 9 ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalında təxminən 800 milyon dollara yaxın azalma var.İstehsalda 20 faiz azalma varsa, çəkidə də bir o qədər azalma var. Əgər kənd təsərrüfatında istehsal artsaydı, qiymət artmazdı, alıcılıq qabiliyyəti azaldığı vaxtda qiymətin artımı ondan xəbər verir ki, istehsal ciddi şəkildə azalıb”, – deyə Vahid Məhərrəmov bildirib.