Statistika Komitəsi ərzağın bahalaşdığını, Əli Əhmədov isə əksini deyir

“Ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur”

Source:


“Ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur”

2017-ci ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 11.9 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Bu ilin yanvarında 2016-cı ilin dekabrına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2.3 faiz yüksəldiyi bildirilir:

“Ərzaq məhsullarının qiymətləri bu bir ayda 2.8, qeyri-ərzaq məhsullarının qiymətləri 2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1.9 faiz artıb. Əksər ərzaq məhsulları bahalaşıb”.

Baş nazirin müavini Əli Əhmədov isə ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artımın olmadığını deyib. O, Bakının bəzi ticarət mərkəzlərində aparılan reyd zamanı jurnalistlərə bildirib ki, prezidentin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün zəruri addımların atılmasıdır:

“Görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerdədir. Hökumətin apardığı siyasətlə ərzaq məhsullarının qiymətinin süni surətdə artırılmasının qarşısı alınır. Bu gün ticarət mağazasında qarşılaşdığımız vəziyyət, bizə verilən məlumatlar da bunu təsdiqləyir. Ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları içərisində daxili istehsal üstünlük təşkil edir: “Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Yəni, qiymətlərin artırılması üçün obyektiv əsaslar yoxdur. Manatın dollara nisbətdə məzənnəsi ilə məlum olan dəyişikliklər, əgər istehsal daxildə həyata keçirilirsə, ərzaq məhsullarının qiymətlərinə elə də ciddi təsir etməyəcək”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə həmişə açıqlamalarında Azərbaycan iqtisadiyyatının idxaldan tam asılı olduğunu söyləyir.

Ana səhifəXəbərlərStatistika Komitəsi ərzağın bahalaşdığını, Əli Əhmədov isə əksini deyir