”Statistik rəqəmlər dövlət rəsmilərinin açıqlamalarını inkar edir”

İqtisadçı: “Azərbaycan qonşu ölkələrin təcrübəsindən faydalana bilər”

Source:


İqtisadçı: “Azərbaycan qonşu ölkələrin təcrübəsindən faydalana bilər”

Bu ilin yanvar ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 82,3 milyon manat az olub.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda belə deyilir.



Bu, nə deməkdir?

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan bu rəqəmlər dövlət rəsmilərinin daim yeni iş yerlərinin yaranması barədə dediklərini, bir sözlə, işsizliklə bağlı açıqlamalarını inkar edir:

"Bu azalma 2018-ci ildə Azərbaycanda 118 min daimi iş yerlərinin yaradılması ilə bağlı açıqlamaların əsassız olduğunu bir daha təsdiq edir. İqtisadi göstəricilər arasında asılılığa görə, yeni iş yerlərin açılması əhalinin gəlirlərinin artımını təmin etməlidir. Çünki iş yerlərində ödənilən əmək haqları əhalinin başlıca gəlir mənbəyidir, bu halda, iş yerləri artıqca, əhalinin nominal gəlirləri də artmalıdır".

Qubad İbadoğlu deyir ki, bunun bir açıqlaması ola bilər. Görünür, ötən il bağlanan iş yerlərinin sayı açılanlardan çox olub:

"Dövlət bağlanan müəssisələrlə bağlı statistika açıqlamadığından bunu dəqiqliyi ilə bilməyəcəyik. Ancaq yaxşı olardı ki, açıqlan yeni iş yerləri kimi, qapadılan müəssisələrin də statistikası aparıla və açıqlana. O zaman şəffaf dəyərləndirmə aparmaq da mümkün olar".

Rəsmi sənədlərdə və dövlət məmurlarının çıxışlarında daim ölkədə yeni iş yerlərinin yaradıldığı, işsizlərin sayının hər il aşağı düşdüyü bildirilir.

Məsələn, belə

sənədlərdən

birində bildirilir ki, 2004-2018-ci illər ərzində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb. 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

İqtisadçılar isə daim açıqlamalarında açılan iş yerləri, işsizlik və yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə ciddi şübhə edirlər. Deyirlər ki, açılan müəssisələr haqqında statistika verilsə də, bağlanan müəssisələr ilə əlaqədar rəqəmlər açıqlanmır.

İqtisadçı Rövşən Ağayev isə deyir ki, hətta çalışan insanlarla bağlı da problemlər mövcuddur. Məsələn, Azərbaycanda 15 il əvvəl də, 2018-ci ilin sonuna da məşğul əhalinin 65 faizinə yaxını sosial sığortasız çalışıb.

Əmək müqavilələrinin elektronlaşdırılmasından tutmuş tikinti sahələrinin videomüşahidəyə götürülməsinə, əmək müfəttişliyinin yaradılmasınadək heç bir tədbir bu göstəricini dəyişə bilməyib:

"Son ümid Vergi Məcəlləsinə dəyişikliklərə bağlanıb. Onun da nəticəsini yaxın aylarda görəcəyik. Amma istənilən halda, yaxınlıqdakı iki qonşu dövlətə baxmaq lazımdır ki, onlar son 15 ildə işçi qüvvəsinin leqallaşması üçün bizdən fərqli hansı mexanizmləri işə salıblar. Öyrənmək həmişə faydalıdır və heç vaxt gec deyil…"

İqtisadçı deyir ki, sosial sığorta olmadan çalışanların rəsmi statistikanın məşğul saydığı əhaliyə nisbəti hazırda Türkiyədə 33, Gürcüstanda 50 faizdir:

"Amma məsələ ondadır ki, 2000-ci illərin başlanğıcında həmin göstərici Türkiyədə 60, Gürcüstanda 65 faiz idi. Son 15 ildə Türkiyə 27, Gürcüstan 15 faiz azalmaya nail olunub. Azərbaycan da bu iki ölkəyə baxıb, onların təcrübələrindən faydalana bilər".

Ana səhifəXəbərlər”Statistik rəqəmlər dövlət rəsmilərinin açıqlamalarını inkar edir”