Standartlar məsələsi…

Kişinin pulunu sayarlar, ya yox?

Source:

Son aylar cəmiyyətdə baş verən ilginc prosesləri təhlil etmək istənilən mənada mümkünsüz görünür. İldırım sürəti ilə bir-birini əvəzləyən son hadisələr, həbsə atılmış Xədicə İsmayılın, başqa jurnalistlərin araya gətirdiyi dəhşətli faktlar, az qala gündəlik hadisəyə çevrilmiş intiharlar, elementar bizim “parlament”dəki çıxışlar, onların forma və məğzi istənilən cəmiyyətdə nüvə partlayışı effekti verə bilərdi, amma bizdə vermir. Görəsən, cəmiyyətin bunca qeyri-adekvat reaksiyası nədən doğur, nədən baş verir? Bunu aydınlaşdırmaq üçün, ilk öncəgərək standart anlayışına müraciət edək.

Standart  kəlməsi (ingiliscədən standard – norma, nümunə) — geniş mənada işlənən nümunə, etalon, model, qısası digərləri ilə müqayisə üçün nümunəvi ölçü vahidi kimi işlənilir. Standart əsasən son əsrdə kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizliyini, bundan başqa unifikasiyasını müəyyənləşdirən norma olmudur. Qısaca, bildiyiniz kimi son yüz ildə az qala bütün sahələrdə standartlar insanların həyatında çox vacib bir rol oynayıb. Standartlar, şübhəsiz ki, inkişaf etmiş bir cəmiyyətin atributudur.

Daha geniş mənada Standart – şəxsi və ictimai mənada prinsip və qaydalar dəstidir, hər hansısa bir cəmiyyətin özünütəşkili zamanı bu prinsip və qaydalar çox vacib nizamlayıcı rolunda çıxış edir. Bu mənada istər Qərbdə, istərsə də Şərqdə uzun əsrlər bu nizamlayıcı qismində din və dini, daha doğrusu, klerikalların müəyyənləşdirdiyi qaydalar götürülüb. Yalnız Almaniyada reformasiyadan sonra və fransız maarifçilərinin səyləri nəticəsində Qərbdə allahmərkəzçi dünyagörüşü tədriclə insanmərkəzçi dünyagörüşü ilə əvəz edilməyə başladı və bu proses Avropada az qala 500 ilə qədər bir zaman çəkdi. Bu proseslər xüsusən Böyük fransız burjua inqilabından sonra daha geniş vüsət aldı.

Lakin insanmərkəzçi dünyagörüşünün Qərbi Avropada həqiqətən oturuşmasının və yetkin bir şəkildə təşəkkülünü tapması yalnız II Dünya Müharibəsindən sonra baş verdi. XX əsrdə çox ağır faciələrə səbəb olmuş dünya müharibələrindən sonra insanın, onun haqlarının bütün ideologiya və inanclardan daha ali dəyər olması fikri öz yetkin təşəkkülünü tapdı. Bununla da insanı, fərdi mərkəzə qoyan yeni ictimai münasibətlər forması meydana gəldi. Bizim hamımızın eşitdiyimiz, bildiyimiz insan haqları anlayışları məhz bu zamandan dominant faktora çevrilmişdir. Bu anlayışlara görə, hazırda istənilən ölkənin başlıca və əslində yeganə dəyəri (eyni zamanda potensialı) məhz insan olmalıdır.

Və əgər bu faktor önə çəkilmirsə, əksinə (bizdə, əslində az qala bütün Şərqdəki kimi) zibil yerinə sayılırsa, başlıca olan maddi dəyərlər olursa, o zaman gördüyümüz nəticələr meydana gəlir. Qəbul edilmiş qanunlar haqda burada söhbət getmir, çünki onlar hər zaman cəmiyyətdəki anlayışlara söykənir.

Məsələ nədən ibarətdir? Misal üçün Xədicə İsmayıl 2010-cu ilin yayında Azadlıq Radiosuna məşhur aktyor Yaşar Nurini dəvət etmişdi. Orada ondan prezidentin dubaydakı villaları haqda o zaman Washington Post qəzetində dərc edilən məqalə haqda rəyini sormuşdu. Xalq artisti mat qalmışdı: “Necə yəni, padşahın, yəni prezidenti villası da olar, sarayı da, bunu da heç soruşarlar?” Bu adam həqiqətən və səmimi olaraq verilən suala mat qalmışdı. Çünki istənilən faktın təqdimatından öncə fərdin və cəmiyyətin ona münasibəti, toplumun dəyərlər məcmusunda bu məsələlərə verilmiş ölçülər, standartlar gərəkdir. Belə bir fakt istənilən qərb cəmiyyətində istənilən hakimiyyətin iflasına gətirərdi, çünki cəmiyyət üçün bunlar qəbuledilməzdir. Bizim cəmiyyət üçün isə bu çox rahat qəbul ediləcək bir məsələdir – padşahla padşahlıq etmirlər ki? Necə yəni, onun villası olmamalıdır? Necə yəni, “kişinin pulunu sayarlar”?

Bir zamanlar Qazaxıstan prezidentinin yeznəsi Rahat Əliyevin “Xaç qaynatası” əsəri onun siyasətinn ifşası kimi çıxmışdı. Orada bir çox faktlardan başqa Nazarbayevin az qala rəsmən üç zövcəyə malik olmasından danışılırdı. Prezidentin hərəmxanasında baş xanımdan başqa, biri onun şəxsi təyyarəsinin stüardessası olmaqla, daha iki qadın da varmış. Məhz bu fakt o zaman ümumiyyətlə, heç bir müzakirəyə səbəb olmamışdı. Kişinin lap dörd arvadı da ola bilər, baxa bilirsə, burda nə var ki?

Christian Wulff 2010-cu il yayında Almaniya prezidenti seçilmişdi, lakin 2012-ci ildə bu postu çox cüzi bir şübhə – keçmiş dostu Egon Geerkens ilə kredit anlaşmasına görə tərk etməli oldu, çünki cəmiyyətin təmayülü belə idi və o bu basqılara davam gətirə bilməzdi. Məsələnin mahiyyəti Wulff ailəsinin bu şəxsdən hələ 2008-ci ildə (Christian prezident postunu almazdan öncə) 500 min avro krediti illik 4% ilə almaları idi. Burada işi hər hansı bir məbləğin ölçüsü həll etmir, başlıca məsələ cəmiyyətdəki standartlar və anlayışlardır. Bu ölkənin müdafiə naziri Karl-Theodor zu Guttenberg də bir il sonra, 2011-ci ildə dissertasiyasında bəzi hissələrin copy-paste olduğu ittihamından sonra istefa verməyə məcbur olmuşdu.

Hətta şərqi Avropa ölkəsi olan Macarıstanın prezidenti Schmitt Pál belə 2012-ci ildə bu ittihamlar (dissertasiya və elmi ad saxtakarlığı) səbəbindən istefa vermişdi. Bu da istənilən halda cəmiyyətin basqısı, təmayülü, toplumun düşüncəsindəki standartların tələbi idi.

İstənilən cəmiyyətin, toplumun, “kollektiv şüurunun” məhsulu olan standartlar və təmayüllər çox məsələnin həllində açar rolunu oynayır. İctimai qınağın və eyni zamanda insanmərkəzçi təfəkkürün dominant rol oynamadığı cəmiyyəti heç bir faktologiya, heç bir skandal araşdırması belə silkələyə bilməz. Cəmiyyətin formalaşması çox dərin laylardan başlanmalı və sonda sivil cəmiyyətlərin əksərinin qəbul və istifadə etdiyi standartlar, norma və qaydalara gəlməlidir.

İctimai şüurda sivil normalar və standartlar mövcud olmayınca, hansısa müsbət nəticələrə gəlmək müəssər olmayacaq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir..

Ana səhifəMənim FikrimcəStandartlar məsələsi…