”Standard&Poors”: Hökumətin dəstəyi olmasa, ”Azərenerji” çətinliklə üzləşəcək

İqtisadçı: ”Təbii inhisarçılar olsalar da, xərcləri üzərində nəzarət yoxdur”

Source:


İqtisadçı: ”Təbii inhisarçılar olsalar da, xərcləri üzərində nəzarət yoxdur”

“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.

“APA-Economics”-in

yazdığına

görə, “Standard&Poors” beynəlxalq reytinq agentliyinin məlumatında belə deyilir.

“Azərenerji” ASC-nin reytinqi ilə bağlı məlumat yayan agentlik bildirir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33 faiz artıb. “Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük”.

Agentliyin mütəxəssisləri düşünür ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.

Agentlik həmçinin “Azərenerji” -nin emitentin uzun və qısa müddətli kredit reytinqini “BB/B” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz “neqativ”dir.

Agentlik analitikləri düşünür ki, “Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklər var.

Buna səbəb kimi “Azərenerji”nin borc öhdəliklərinin 85 faizinin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalması göstərilir.

“Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, “Azərenerji”yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq “Azərenerji” aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, “Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur”, – deyə məlumatda qeyd olunub.

İqtisadçı-alim Nazim Bəydəmirli “Standard&Poors” beynəlxalq reytinq agentliyinin “Azərenerji” ASC-nin daxili vəziyyətindən tam xəbərdar olmasının şühbə doğurduğunu düşünür. Həmçinin “yaxın iki ildə enerji daşıyıcılarının qiyməti artırılmayacaq” deməsini Azərbaycan hökumətinin daxili işinə qarışması və ya sifarişlə yazılması kimi qiymətləndirir.

Nazim Bəydəmirli deyir ki, ümumiyyətlə, yalnız “Azərenerji” ASC deyil, iri vergi ödəyiciləri dövlət tərəfindən çoxlu investisiyalar alsa da, bu qurumlar kommersiya fəaliyyəti ilə məşğul olurlar:

“Əslində, təbii inhisarçı olaraq bu sahədə kifayət qədər gəlir əldə edə bilərlər. Görünür, idarəetmədə pozuntular, səhlənkarlıqlar var və istehsal olunan enerjinin maya dəyəri kifayət qədər artırılır. Elektrik enerjisinin tarifinin son artımına qədər müstəqil hesablamalar göstərirdi ki, başqa ölkələrdə enerjinin 1 kilovat saatı təqribən 2 qəpiyə olduğu halda Azərbaycanda iki dəfə yüksəkdir Hesablama Palatası və müvafiq dövlət qurumları nə üçün adekvat olaraq normal yoxlamalar aparmırlar? Bu mənada təbii inhisarçılıqla məşğul olan iri dövlət qurumlarının izafi xərcləmələri və ya müxtəlif “otkat”-ların olması açıq sezilir, şəffaf deyillər.

Beləliklə, qiymət şişirdilib, xidmətlər də vəsaitlərə adekvat olmur. Ona görə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin “Azərenerji”-yə bir neçə yüz milyon dollar köməyə ehtiyacı var açıqlamasını reallığa uyğun sayıram. Araşdırılsa, son 10-15 ildə enerji sektoruna təxminən 10 milyarda yaxın vəsaitin xərcləndiyi məlum olar. Yol infrastrukturundan sonra ən çox vəsait “Azərenerji”yə ayrılsa da, hələ də bu sahədə problemlər qalır. Bir daha deyirəm, söhbət yalnız “Azərenerji”dən getmir. Necə olur ki, “Bakıelektrikşəbəkə” aldığı elektrik enerjisini təqribən 2 dəfə baha satır, amma yenə də bu quruma küllli miqdarda vəsait ayrılır? Hətta cari xərclərinə də dövlət büdcəsindən yardımlar olur”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

İqtisadçının fikrincə, bir daha sübut olunur ki, belə qurumların menecerləri üzərində yaxşı fəaliyyət göstərəcək müşahidə şuraları yaradılmalıdır:

“Təbii inhisarçılar olsalar da, xərcləri üzərində nəzarət yoxdur, əsaslandırılmamış kifayət qədər maliyyə tutumlu layihələri bir anda gerçəkləşdirirlər və əksər hallarda məsləhətçi və podratçı şirkətlər müxtəlif ofşor zonalarla qeydiyyatdan keçmiş şirkətlərdir. Belə şübhəli maliyyə mexanizmləri ilə kifayət qədər mənimsəmələrin mövcud olması bir çox jurnalist araşdırmaları ilə sübut olunub”.

“Azərenerji”-dən məsələyə hər hansı münasibət bildirilməyib.

Ana səhifəXəbərlər”Standard&Poors”: Hökumətin dəstəyi olmasa, ”Azərenerji” çətinliklə üzləşəcək