”Standard & Poor’s”: 2020-ci ildədək dolların məzənnəsi dəyişməyəcək

”Belə təşkilatlar geniş imkanlardan məhrum olduqlarından dövlətin statistikasına əsaslanırlar”

Source:


”Belə təşkilatlar geniş imkanlardan məhrum olduqlarından dövlətin statistikasına əsaslanırlar”

Dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacağı gözlənilir.

Bu proqnozla “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi çıxış edib.

Agentlik Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirilib ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat olacaq.

Məlumatı “Report” yayıb.

Hesabata görə, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60 faizdən yuxarı qalıb. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır.

“AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır”, – deyə məlumatda qeyd olunub.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli təəssüflənir ki, “Standard & Poor’s” və digər beynəlxalq təşkilatlar Azərbaycan kimi ölkələrdə alternativ hesablamalar aparmaq imkanından məhrumdurlar. Deyir, bu tipli təşkilatlar geniş imkanlardan məhrum olduqlarından dövlətin statistikasına əsaslanırlar:

“Belə olanda isə həmin təşkilatların hesablamalarına şübhə yaranır. Məsələn, “Standard & Poor’s” ötən il ÜDM-nin cəmi 1,2 faiz daralmasını proqnozlaşdırmışdı, amma reallıq tam əksinə oldu. ÜDM 3,8 faiz azaldı. Əslində, bu cür səhvlər “Standard & Poor’s”un günahı deyil, istinad etdikləri rəsmi mənbələrin məlumatları belə nəticə ilə yekunlaşmalıydı”.

Natiq Cəfərli

Natiq Cəfərli bildirir ki, hesabatda diqqətdən yayınan bir məqam var: neft, qaz qiymətləri və ikincinin ixracatının artacağı ilə bağlı proqnozlar verilir:

“Bunun Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcəyi göstərilir. Amma bunların həyata keçəcəyi barədə heç bir zəmanət yoxdur. İkinci, hesabatda Dövlət Neft Fondunun Mərkəzi Banka transferləri ilə məzənnəni sabit saxlamağın mümkünlüyü qeyd olunub. Praktikada iqtisadiyyatı oturuşmuş ölkələrdə məzənnənin 15-20 faiz civarında “oynaması” o qədər də problemlər yaratmır. Ona görə də Azərbaycanla bağlı proqnozlarında kəskin devalvasiyanın olmayacağı qeyd olunur. Bəli, bu proqnozla razıyam, məsələ ondadır ki, hökumət və Mərkəzi Bank 2 kəskin devalvasiyanın ölkəni hansı vəziyyətə saldığını gördük. Ona görə kəskin devalvasiya olmayacaq, amma məzənnənin 1.70-1.80 civarında qalacağı da inandırıcı deyil”.

Natiq Cəfərli deyir ki, ilin sonunda məzənnədə 10-15 faiz “oynama” mümkündür. İqtisadi artımla bağlı proqnoza gəldikdə, ölkədə iqtisadiyyat o qədər kiçildi ki, 1-2 faizlik artım ciddi nəzərə çarpır:

“Məsələn, 2013-cü ildə dollarla ÜDM 75 milyard idi, amma “Standard & Poor’s” deyir ki, ən yaxşı halda 40 milyard olacaq. Son üç ildə ÜDM 2 dəfə aşağı düşüb. İndi 40 milyardlıq ÜDM-də 1 faizlik artım ümumi rəqəmlərə ciddi təsir göstərir. Bu anlamda Azərbaycanın dollar ekvivalentində 2013-cü ilə çatmağı mümkünsüzdür”.

Ana səhifəXəbərlər”Standard & Poor’s”: 2020-ci ildədək dolların məzənnəsi dəyişməyəcək