Stalinin ölümü?

Yalnız despotun azad olduğu məkan

Source:
Stalinin ölümü filminin afişası
Stalinin ölümü filminin afişası

Yalnız despotun azad olduğu məkan.

Son zamanların vacib (qeyri-)mədəni hadisəsi “Stalinin ölümü” komediyasının Rusiyanın ardınca Bakıda da qadağan edilməsi idi. Qəribədir, bunu edənlər, yəni bu aktın ən azından funksional anlamda mənasız olacağını və əksinə, bu filmə marağın artacağını başa düşmürdülərmi? Yeri gəlmişkən, bu filmin baxışına Rusiyanın ən yaxın müttəfiqləri – Belarus və Ermənistanda qadağa qoyulmamışdı, çox maraqlıdır, deyilmi?

Nəhayət ki, mənə komediyadan daha çox tragedik təsir buraxan bu kifayət qədər kədərli filmi izlədim. Bəlkə də bu hissi film boyunca səslənən və sanki xüsusi bir ayrıca rolda çıxış edən musiqi gətirdi – Mozartın 23 saylı Piano Konsertinin 2-ci hissəsi, Adagio.

Filmi Hegelin Şərq haqdakı məşhur kəlməsi çox gözəl xarakterizə edir – “Orada yalnız bir adam, despot azaddır” – əslində bu fikir bütün tiranik hakimiyyətlərin hamısına aid edilə bilər, burada nəinki Şərq-Qərb, zaman göstərdi ki, Afrika da aid ola bilər, bunun xüsusi bir coğrafiyası yoxdur.

Süjet xətti və konsepsiya çox sadədir – filmdə Sovet İttifaqında düz 65 il əvvəl baş vermiş tarixi hadisələr əksini tapıb, yəni adından göründüyü kimi 1953-cü ilin martın 5-də Stalinin ölümü və onun ətrafında baş verən olaylar.

Burada tarixçilərə yaxşı tanış olan məlum tarixi personajlar, Stalinin ən yaxın ətrafı var – Xruşov, Beria, Molotov, Malenkov, Kaqanoviç, Bulqanin, Mikoyan, marşal Jukov, onlardan başqa Stalinin övladları, Svetlana və Vasili. Lakin filmdə epizodik rollarda keçsə də, iki çox xarakterik və bir-birinə tam əkslik təşkil edən qadın obrazları üzərində dayanmaq istərdim.

Film Moskvada bir radio qovşağında konsert səhnəsi ilə başlayır. Səhnədə orkestr və pianoçu xanım Mozartın 23 saylı Piano Konsertin ifa edir, radio işçiləri isə onu birbaşa translasiya edirlər. Bu, əslində real bir hadisədən, o zaman Mayina Yudina (müstəsna aktrisa Olga Kirilenkonun ifasında, əvvəl onu türk xanımı obrazında “The Water Diviner” filmində görmüşdük) adlı bir pianoçu xanımın yaşadığı olaydandır. Mariya Yudina müstəsna istedadlı pianoçu olmaqla bərabər inanclı bir qadın idi, Konservatoriyadan başqa Peterburq Universitetini tarix-fəlsəfə ixtisası üzrə bitirmiş və tarixi-ictimai hadisələrə öz baxışı vardı.

Öz antisovet və dini baxışlarını açıq-aşkar hər yerdə bəyan edən Yudina kimi bir insanın sovet dövründə sağ qalması, ümumiyyətlə, möcüzə idi, lakin o müdhiş zamanın istisnası baş vermişdi – onun ifası şəxsən Stalinin çox xoşuna gəlirdi. O üzdən bir çox xəbərdarlıq və açıq-aşkar hədə-qorxulara baxmayaraq ona toxunulmamışdı.

Filmdəki hadisə də reallıqdan götürülüb – bir dəfə radioda Yudinanın bir ifasını eşidən Stalin radio qovşağına telefon açıb əsərin valını istəyir. Valın yazılmadığını onu bir kimsə deyə bilmir. Pianoçu xanımı, orkestri və dirijoru gecə ikən yatağından qaldırıb səsyazma məntəqəsinə gətirirlər. O zaman gecə insanların qapısının döyülüb sonra hara aparılmasının nə demək olduğunu indi təsəvvür etmək belə çətindir.

Şostakoviçin memuarlarında əksini tapmış bu səhnə tam dəhşəti ifadə edir: valın kimin üçün yazıldığını anlayan və heç bir məşqsiz belə bir əsəri ifa etmək üçün gətirilən dirijorun həyəcandan əlləri əsirmiş, musiqiçilərin də donuq sifətləri qorxudan başqa heç nəyi ifadə etmirmiş. Çox dərin əsəb və stress keçirən səs rejissorlarının səhnə arxasından dəfələrlə işarə etməyinə baxmayaraq orkestr əsərə dağınıq başlayır, ifa baş tutmur, dirijorlarısa üç dəfə dəyişməli olurlar, yalnız sonuncusu özünü ələ alıb əsəri sonadək idarə etməyi bacarır.

Mariya Yudina
Mariya Yudina

O vahiməli gecədə ölümünü çoxdan gözünün altına almış, tam sakit olan yalnız solist Mariya Yudina imiş. Üzərinə düşən ən çətin missiyanı solist çox böyük ləyaqətlə yerinə yetirəndən bir neçə gün sonra ona 20 min sovet rublu məbləğində mükafat verilir, deyirlər ki, bu, Stalindən mükafatdır. Cavabında Yudina Stalinə qısa bir məktub yazır:

“Yardımınız üçün təşəkkür edirəm, İosif Vissarionoviç, sizin üçün gecə-gündüz dua edəcək və Yaradandan sizin xalq və ölkə qarşısındakı günahlarınızı bağışlamasını diləyəcəm. Rəbbimiz rəhmlidir, bağışlayar. Verdiyiniz məbləği isə getdiyimi kilsənin təmirini üçün verəcəyəm”.

Belə bir məktuba görə istənilən adamı ən yaxşı halda güllələnmə gözləyirdi, lakin Yudinaya toxunan olmur, o, ləyaqətlə öz sənəti ilə məşğul olur, Sovet İttifaqının say-seçmə pianoçusu kimi şöhrət qazanır. Ömrünün sonuna kimi də kommunizmə, şəxsən Stalinə, Sovet İttifaqındakı siyasi sistemə dərin ikrah hissini heç bir zaman gizlətmir.

Və maraqlıdır ki, buna rəğmən heç zaman böyük repressiyalarla, hətta peşəsindən uzaqlaşdırılmaqla da cəzalandırılmır, hər şeyə lap öncədən daxilən hazır olduğu üçün ona xüsusi münasibət vardı. Filmdə məhz onun obrazının istisna kimi canlandırılması çox xarakterikdir – demək istənilən, hətta ən dəhşətli totalitar sistemə rəğmən ləyaqətli ömür sürmək mümkünmüş…

Filmdəki ikinci spesifik qadın obrazı isə sovetlərin 2-ci rəsmi şəxsi Molotovun həyat yoldaşı, uzun zaman sovetlərin 1-ci xanımı hesab edilən Polina Jemçujina idi. Bu qadın 1918-ci ildən Kommunist Partiyasının üzvü və alovlu bolşevik idi, lakin bütün bunlara baxmayaraq həbs edilmişdi. Səbəbi də çox sadə idi.

Düz 70 il əvvəl 14 may 1948-ci ildə Sovetlərin böyük dəstəyi ilə Yaxın Şərqdə İsrail dövləti yaradıldı. Çox maraqlı idi ki, bununla yanaşı ölkə daxilində sionizm az qala faşizmə bərabər tutulurdu. Belə ki, 1948-in payızında Molotov sovetləri təmsil edən rəsmi şəxs qismində Golda Meir və başqa yəhudi diplomatlarla görüşür, sonra isə onları öz evində qəbul edir və burada təbii olaraq yəhudi mənşəli Polina da iştirak edir.

Bu hadisədən xəbər tutan Stalin cütlüyə çox bərk qəzəblənir, Kremldə, Politbüroda Polinanın sionistlərlə əlaqəsi və siyasi sayıqlığı müzakirə edilir – başlıca ideyası sinoizm, yəni yəhudilərin öz qədim məskənlərinə qayıtması ideyasınn canlı mücəssiməsi İsrail dövləti də bu zaman rəsmən sovetlərin kreaturası idi, sovetlər yəhudi dövlətinin yaranmasından sonra ona silah-sursatla yardım edən ən başlıca ölkə idi.

Müzakirələr nəticəsində Polinanın partiyadan çıxarılma məsələsi (bu o zaman ölüm hökmünə bərabər idi) səsə qoyulur, təbii ki, hamı buna səs verir, yalnız müzakirə zamanı səsini çıxarmağa belə cəsarət etməyən Molotov səsvermə zamanı bitərəf qalır – bu, Stalinin tamamilə cinləndirir.

Molotov vəziyyətin nə qədər qorxunc olduğunu başa düşərək ona yalvarış dolu məktublar yazır, özünün günahkar olduğunu deyir, həyat yoldaşının partiyadan çıxarılmasını istədiyini, bu işdə özünün də günahkar olduğunu dayanmadan yazır. Sonda Stalin onu yanına çağırıb deyir ki, onun (yəni Polinanın) günahları yuyula bilməz, partiyaya xəyanət bağışlanmır, siz ayrılmalısınız. Molotov söhbətdən sonra evə qayıdır və 27 il bir yerdə ömür sürdüyü həyat yoladışından ayrılır, bunun üstündən bir həftə keçməmiş Polina həbs edilir.

Stalin və Polina
Stalin və Polina

1949-cu ildən Stalinin ölümünə qədər sovet düşərgələrində qalmış Polina haqda Molotov uzun illər bircə dəfə də söz açmır, deyilənə görə yalnız hərdən Beriya onun qulağna “Polina sağdır” pıçıldayırmış. Stalinin ölümündən dərhal sonra azad edilən Polina Moskvaya gətirilir və əri ilə görüşür.

Lakin başına gələnlərə rəğmən bu qadın ömrünün sonuna kimi stalinist olaraq qalır, 60-cı illərdə sovetlərdəki qismən yumşalmaya da nifrətini gizlətmir. Demək totalitar sistemlər həm də psixoloji fenomendir – onların yeni insan tipi yarada bilmək kimi xüsusiyyətləri də vardır (Şimali Koreyanın misalında buna əmin ola bilərik) və homo soveticus sovetlərin ölümündən sonra da hələ çox uzun müddət yaşayacaqdır.

Filmdə bu iki tamamilə əks xarakterli, real həyatdan götürülmüş qadınların təzadlı obrazı dərin məna danışıyır.

Azərbaycanda bu filmin hətta Belarus və Ermənistana rəğmən nümayişinin qadağan edilməsinin hansısa məntiqi izahını çətin ki, kimsə izah edə bilər. Lakin çox maraqlıdır ki, ömrüboyu Qərbi “ikili standartlar”a görə ittiham edən hakimiyyət Putinin bir neçə gün öncəki bəyanatında keçmiş Sovet İttifaqın Rusiyanın ərazisi olması haqda açıq-aşkar səslənmiş fikirə əsla cavab vermədi və verə də bilməzdi. Maraqlıdır, biz artıq rəsmən Rusiyanın protektoratıyıqmı, yoxsa bunun rəsmiləşdirilməsi sonraya buraxılıb? Zatən Putinin dünyaya yönəlik açır-aşkar hədə-qorxu və hərbə-zorba dolu bəyanatı fonunda bu suallar əbəsdir.

Baş verənlərin fonunda tamamilə başqa sual aktualdır – ölümündən bu gün 65 il ötən Stalin, doğrudan da, ölübmü?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəStalinin ölümü?