“Sputnik Azərbaycan” informasiya agentliyinin həbs olunmuş şef redaktoru Yevgeniy Belousovun barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bununla bağlı oktyabrın 24-də Xətai rayon Məhkəməsində qərar qəbul olunub.
“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialı “Sputnik Azərbaycan”ın əməkdaşlarının həbsi Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin pisləşməsi fonunda baş verib.
Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra kəskinləşib. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Azərbaycan mediası Rusiya hərbçisinin səhvən təyyarəni vurmaq əmri verdiyini iddia edib.
Azərbaycan hüquq-mühafizə orqanları 2025-ci il iyunun sonunda İqor Kartavıx və Yevgeniy Belousov da daxil olmaqla “Sputnik Azərbaycan”ın yeddi əməkdaşını saxlayıb. Azərbaycan Daxili İşlər Nazirliyi onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açıb. Saxlanmalar Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı qətl və sui-qəsd işləri ilə bağlı aparılan reydlərdən sonra baş verib.
Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Putin AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə raketləri ilə vurularaq qəzaya uğradığını etiraf edib. Növbəti gün, yəni oktyabrın 10-da “Sputnik Azərbaycan”ın Bakıda saxlanmış icraçı direktoru İqor Kartavıxın azad edilməsi xəbəri yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 20-də məlumat verib ki, Kartavıx bir gün öncə Rusiyaya göndərilib.