“Sputnik Azərbaycan”ın icraçı direktoru azad olunaraq Rusiyaya göndərilib

Mariya Zaxarova. İllüstrasiya: Meydan TV

“Sputnik Azərbaycan” informasiya agentliyinin icraçı direktoru İqor Kartavıx azad edilib və artıq Rusiyaya yola salınıb. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Kartavıx azad olunub və Rusiyaya uçub”, – Zaxarova oktyabrın 19-u jurnalistlərə açıqlamasında deyib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra kəskinləşib. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Azərbaycan mediası Rusiya hərbçisinin səhvən təyyarəni vurmaq əmri verdiyini iddia edib.

Azərbaycan hüquq-mühafizə orqanları 2025-ci il iyunun sonunda “Sputnik Azərbaycan”ın İqor Kartavıx da daxil olmaqla yeddi əməkdaşını saxlayıb. Azərbaycan Daxili İşlər Nazirliyi onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açıb. Saxlanmalar Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı qətl və sui-qəsd işləri ilə bağlı aparılan reydlərdən sonra baş verib.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Putin AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə raketləri ilə vurularaq qəzaya uğradığını etiraf edib.


Ana səhifəSiyasət“Sputnik Azərbaycan”ın icraçı direktoru azad olunaraq Rusiyaya göndərilib