“Sputnik Azərbaycan” agentliyinin ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb

Xəbər yenilənib

Sputnik

Peskov jurnalistlərin azad olunacağına ümid etdiyini bildirib

“Sputnik Azərbaycan” agentliyinin ofisində keçirilən əməliyyat zamanı saxlanılan 7 nəfərin məhkəməsi keçirilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə agentliyin icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.


Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı 7 nəfər saxlanılıb.

Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (193-1-ci maddə) maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Həbs olunanlar İqor Kartavıx və Yevgeni Belousovdur.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

DİN-dən bildirilib ki, “Sputnik Azərbaycan”ın 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla danışıqlar əsasında jurnalistlərin azad olunacağına ümid etdiyini bildirib.

Peskov qeyd edib ki, media nümayəndələrinə qarşı belə tədbirlər ümumi normalara, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə uyğun gəlmir.

“Biz hesab edirik ki, bu fövqəladə emosional reaksiya birbaşa təmaslarla əvəz olunacaq və həmin təmaslar çərçivəsində bütün suallara cavab veriləcək”, – Prezidentin sözçüsü əlavə edib.

“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur.

Azərbaycanda 2015-ci ilin mayından fəaliyyətə başlayıb.

Ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.

2025-ci ilin fevralında Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq “Sputnik”in Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu bildirib.

XİN-nin məlumatında qeyd olunub ki, qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Bildirilir ki, “Sputnik Azərbaycan”ın ofisində axtarış 2000-ci illərin əvvəllərində törədilmiş qətllərə görə Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin kütləvi şəkildə saxlanılmasından sonra yaranmış Rusiya-Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda aparılır.

Ana səhifəSiyasət“Sputnik Azərbaycan” agentliyinin ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb