Spikerin “lazımsız təhsil” fikrinə deputatların reaksiyası

Spikerin sözügedən fikirlərinə aydınlıq gətirmək üçün Zahid Oruc, Sabir Rüstəmxanlı və Musa Qasımlı münasibət bildirib.

Source:

Dünən parlamentin sonuncu iclasında xaricdə təhsil alan gənclərə əsgərlikən möhlət hüqunu verilməsini məhdudlaşdıran dəyişikliyin müzakirəsi zamanı spikerin səsləndirdiyi fikirlər də müzakirələrə səbəb olub. Oqtay Əsədov bildirib ki, 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub: “1200 magistra da möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır”.

“Qafqazinfo” spikerin sözügedən fikirlərinə aydınlıq gətirmək üçün deputatlarla əlaqə saxlayıb. Millət vəkilləri isə bu məsələdə Oqtay Əsədovla həmrəy olduqlarını ifadə ediblər.

Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc açıqlamasında bildirib ki, qanuna edilən dəyişiklik və spikerin fikirləri mediada yanlış anlaşılıb: “Orada söhbət xaricdə təhsil alanlardan yox, saxta diplomla əsgərlikdən yayınanlardan gedir. Oqtay Əsədovun fikirlərinin belə şərh edilməsi yanlışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklik xaricdə təhsilə qarşı deyil. Sadəcə problem budur ki, minlərlə yeniyetmə müxtəlif ölkələrdə tanınmamış ali təhsil müəssisələrindən saxta diplom alaraq hərbi xidmətdən yayınıb. Qanuna edilən dəyişiklikdə nəzərdə tutulur ki, Təhsil Nazirliyi xaricdə təhsil müəssisələrinin siyahısını müəyyənləşdirəcək. Yalnız həmin siyahıda olan ali təhsil müəssisələrinə qəbul olan şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək. Siyahıda adı olmayan universitetə qəbul olan şəxsə möhlət hüququ verilməyəcək. Universitetlərin seçilməsi zamanı top reytinqlər əsas götürülməyəcək. Mənim fikrimcə, qanuna edilən bu dəyişiklik geriyə şamil olunmamalıdır. Çünki bunun özü əlavə problemlər yaradacaq. Spiker də onu nəzərdə tutub ki, hərbi xidmətdən kənarda qalmaq naminə saxta diplom alanlarla bağlı məsələ tənzimlənməlidir”.

Millət vəkili Sabir Rüstəmxanlı da açıqlamasında spikerin əslində o sözləri başqa mənada dediyini bildirib: “Məncə, parlamentin sədri o mənada deyib ki, gənclər xaricdə təhsil almaq adı ilə gedib ölkəyə qayıtmırlar. Bu da bir reallıqdır ki, 17-18 yaşlı gənclər gedib orada xarici təsir altına düşürlər. Azərbaycana qayıdanda psioxoloji cəhətdən dəyişilmiş olurlar. Onların Vətənlə, Azərbaycanla bağlılığı itir. Bu dəyişiklik bir sıra hallarda müsbət, eyni zamanda mənfi olur. Orada dini və bir sıra başqa qrupların təsiri altına düşürlər. Xaricdə təhsil məsələsi çox ciddi şəkildə nizamlanmalıdır. Oqtay müəllimin fikri işin ziyanına yox, xeyrinədir”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı bildirib ki, spikerin fikrinə münasibət bildirməsi etik deyil: “Biz bir məsələni təhlil etməliyik ki, dövlət büdcəsindən xaricə təhsil almaq üçün göndərilənlərin neçə faizi ölkəmizə dönür. Xaricə gedən gənclərə fərqli münasibət bəslənir və geri döndükdə isə bir qismi dövlətə münasibətdə tamamilə fərqli mövqe tuturlar. Bir tələbənin xaricdə təhsil alması üçün xərclənən vəsaitlə bir pofessoru öz universitetlərimizdən birinə dəvət edə bilərik. Bununla da bir professordan yüzlərlə tələbə yararlanar. Bu gün əgər Azərbaycan ordusu 5 min gənci öz sıralarına qəbul etmirsə, bu vətənimizin müdafiəsinə mənfi təsir edir. Millət vəkili fikir bildirməkdə sərbəstdir, amma bir deputatın digər deputatın fikrinə münasibət bildirməsi etik deyil”.

Murad Əhməd – Qafqazinfo

Ana səhifəXəbərlərSpikerin “lazımsız təhsil” fikrinə deputatların reaksiyası