Nazir deputatların iradları ilə razılaşmayıb
“Biz niyə büdcədə neftin qiymətini 50 dollardan aşağı götürməliyik? Niyə bizim hökumət qiymətin aşağı düşə biləcəyini düşünür? Əgər biz 48-50 dollardan götürsək, bu zaman büdcədə canlanma yaranacaq, gəlirlər artacaq. Büdcə kəsiri 778 milyon manatdır. Ancaq bundan narahat olmağa dəyməz. Hər il “Əsrin Müqaviləsi”ndən 450 milyon dollar və ya 765 milyon manat əlavə vəsait daxil olacaq ki, bu da büdcə kəsirini aradan qaldırmağa imkan yaradacaq. Daxili və beynəlxalq borclara görə narahat olmağa dəyməz”.
Bu təkliflə 2018-ci ilin büdcə zərfinin müzakirəsində deputat Tahir Kərimli çıxış edib. O vurğulayıb ki, bütün beynəlxalq təşkilatların proqnozuna görə neftin 1 bareli 50 dollardan aşağı olmayacaq.
Spiker Oqtay Əsədov deputatın çıxışına münasibət bildirib:
“Neftin qiyməti 60 dollar qalacaqsa, çox gözəl. Lazım gəlsə, biz mayda büdcəyə yenidən baxa bilərik. Neftin qiyməti yüksək olarsa, mayda büdcəyə dəyişiklik etmək olar. Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Təki neftin qiyməti düşməsin”.
Hökumət dövlət büdcəsinə görə məsuliyyət daşıyır
Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov da neftin qiyməti ilə bağlı məsələyə münasibət bildirib:
“Büdcədə neftin qiymətini artırsaq, büdcənin gəlir hissəsini artıra bilərikmi? Fikrimcə, büdcədə neftin qiymətinin 45 dollardan götürülməsi düzgün qərardır. Neftin qiymətini yüksək götürən beynəlxalq qurumlar dedikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdiyi proqnozların yerinə yetirilməsinə kim məsuliyyət daşıyacaq? 80-ci illərin əvvəllərində İran körfəzi ölkələri arasında müharibə baş verəndə neftin qiyməti qalxmışdı, Sovet İttifaqının güclü vaxtı idi, sonra qiymətlər 3 dəfə aşağı düşdü.
Sovet İttifaqı nə günə qaldı? Bir qəpik də valyuta ehtiyatı yaranmamışdı, hamısı xərclənmişdi. Azərbaycanın nefti, qazı var, bunu satmaq lazımdır, lazım olanda, istifadə edə bilərik, əksəriyyətini isə gərək ehtiyat olaraq saxlayaq. Sabah nə olub-olmayacağını kim bilir? 90-cı illərin əvvlərində beynəlxalq qurumlar proqnoz verirdi ki, neftin qiyməti 2000-ci ilə bir bareli 25-27 dollar olacaq. 1998-1999-cu ildə bir barel 11-12 dollara düşdü. Hansısa qurum buna cavab verdimi? 2007-ci ildə dediyiniz beynəlxalq qurumlar deyirdilər ki, 2008-ci ildə neftin bir barelinin qiyməti 200 dolları keçəcək. Bir barel neftin qiyməti 39 dollara düşdü. Bunun məsuliyyətini kim daşıdı? Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi. Bu mövzunu dəfələrlə müzakirə etməyə dəyməz. Hökumət dövlət büdcəsinə görə məsuliyyət daşıyır. Məsuliyyət hiss etdiyinə görə də nə etdiyini bilir. Daha düzgün yol ehtiyatlarımızı artırmaqdır. Bunu etməklə gələcəyimiz üçün zəmanət yaranır. Heç kim bu gün deyə bilməz ki 3-5 ildən sonra dünya iqtisadiyyatında, maliyyə bazarlarında nə olacaq” – vitse-spiker bildirib.
Yanacaq qalxsa, qiymət artımı baş verəcək
Tahir Kərimlinin digər təklifi maliyyə amnistiyası elan olunması barədə olub:
“Maliyyə amnistiyası olmalıdır ki, bir çox şəxslər öz kapitallarını ölkəmizə qoysun”.
Deputat həmçinin Taarif Şurasında nazirlərin şəxsən təmsil edilməsinin də önəminə diqqət çəkib:
“Mərkəzi Bankın sədri dedi ki, manat xarici şoklardan asılıdır. Mən çox narahatam. Taarif Şurası deyə bilərmi ki, yanacaq qalxacaq, ya yox? Çünki qalxsa, qiymət artımı baş verəcək. Deputat həmkarlarım da çıxışlarında bu məsələlədən narahatlığını dilə gətirdilər. Məncə, Taarif Şurasına ya nazirlərin özləri daxil olsun, ya da bu məsələni hökumət nəzarət etsin”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanda xəbər televiziya kanalı yaradılması, həmçinin “onlayn” mətbuata 1 milyon manat vəsait ayrılmasını təklif edib.
Deputat Azərbaycanda İnformasiya Ombudsmanın yaradılması təklifi ilə də çıxış edib:
“Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılmır? Fikrimcə, İnformasiya Ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.
Maliyyə naziri deputatların bir çox iradları ilə razılaşmayıb
Müzakirələrdən sonra maliyyə naziri Samir Şərifov deputatların təklif və iradlarına münasibət bildirib. O, büdcə layihəsində bəzi sosial xərclərin azaldılması ilə bağlı fikirlərlə razılaşmadığını deyib. Nazir qeyd edib ki, sosial xərclərin heç biri azaldılmayıb, ən azı builki səviyyədə saxlanılıb. O, tələbələrin təqaüdlərinin azaldılmadığını da qeyd edib: “Bilirsiniz ki, təqaüdlərin verilməsinin yeni mexanizmi tətbiq edilir. İlk növbədə, yaxşı qiymət alan tələbələr, o cümlədən ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlər verilir”.
S.Şərifov qeyd edib ki, gələn il əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək ki, bu da müəyyən artımlara səbəb olacaq. O vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Nazir qeyd edib ki, bu, cari illə müqayisədə 50% və ya 161 mln. manat çoxdur.
İcbari tibbi sığorta ilə bağlı nazir deyib ki, gələn il daha iki rayonda icbari sığorta prinsipləri tətbiq ediləcək. Onun sözlərinə görə, hələlik pilot layihələrin nəticələrinin təhlilinə ehtiyac var:
“Hesab edirəm ki, qarşıdakı illərdə ölkədə icbari sığortanın tətbiqi geniş vüsət alacaq”.
O, Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı olmadığını da deyib. Nazirin sözlərinə görə, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır:
“Bu məsələyə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.
Nazir vurğulayıb ki, bəzi xərclərin artırılmasına ehtiyac ola bilər, bununla belə, dövlətin xərcləri gəlirləri ilə uzlaşmalıdır. Onun sözlərinə görə, gəlir mənbəyi olmadan xərclərin artırılması yolverilməzdir:
“Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək və bu, böyük problemlər yarada bilər. Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın. Azərbaycan hökuməti neftin satışından əldə olunan gəlirlərin istifadəsinə xeyli həssas yanaşır və böyük hissəni ehtiyatlara saxlayır. Çünki ehtiyatlara həssas dönəmlərdə ehtiyac olur”.
İlin əvvəlindən dövriyyəyə 1 milyard manata yaxın vəsait ayırmışıq
Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deputatların təklif, sual və iradlara cavab verərkən neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib:
“Bütövlükdə biz neftin qiymətləri ilə bağlı olduqca ehtiyatlı davranmalıyıq. Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur”.
Baş bankir qeyd edib ki, ilin əvvəlindən pul kütləsi 12% artıb və ilin sonunadək də artacaq: “İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib”.
Büdcə zərfinin müzakirələri noyabrın 23-də davam edəcək.