Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib
“Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar başlayıb. Səfirlər, diplomatik nümayəndələr hədələnir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında bu barədə danışıb.
“Artıq erməni təxribatı işə düşüb. Bundan sonra daha diqqətli olmaq lazımdır. Tarixi yada salmalıyıq. Türkiyə səfirlərinin ASALA tərəfindən xaricdə güllələnməsi faktları mövcuddur. İndi bu təhdidlər Azərbaycan səfirlərinə qarşı da var”, – deputat deyib.
O sonra qeyd edib: “Xaricdə oturub erməni pulu alan sapı özümüzdən olan baltalar təxribat dolu çıxışlar edirlər”.
Spiker: “ Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb”
Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclasını sədr Sahibə Qafarova açıq elan edib və Azərbaycanın dövlət himni səsləndirilib.
S.Qafarova vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb:
“Milli Məclis Prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir. Biz artıq Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və biz bu torpaqlarda əbədi yaşayacağıq”.
Əli Məsimli: “İşsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməlidir”
Deputatı Əli Məsimli qanunvericiliyi şəhid ailələrinin xeyrinə dəyişməyi təklif edib:
“Əsasən də, çoxuşaqlı ailədən olan şəhid ailələrinin üzvlərinə müavinət verilməsi məsələsinə bu cür dəyişiklik edilməsinə ehtiyac var. Bundan əlavə, bizə şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur. Təklif edirəm ki, küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin”.
Zahid Oruc: “Prezidentin tapşırığını gözləməyə nə ehtiyac var?”
Deputat Zahid Oruc bildirib ki, Qaradağ rayonunda dəfn edilən şəhidlərin məzar yerləri ilə bağlı problem həllini tapıb: “Məzar yerləri ailələrinin istəyi ilə dəyişdirilib. Ümid edirəm ki, çətin yerlərdə xidmət edən hərbçilərimizə də ikiqat ödəmələr edilməsi davam edəcək. Şəhidlərlə, qazilərlə bağlı məsələlərin dərs kitablarına salınması üçün Prezidentin tapşırığını gözləməyə nə ehtiyac var? Bundan başqa, şəhidlərimizlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır”.
Deputat Elman Nəsirov Azərbaycan Ordusunun hərbçilərinin aylıq əməkhaqlarının artırılmasını təklif edib.
Deputat Aydın Mirzəzadə Azərbaycanın bəzi bölgələrində işsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməli olduğunu bildirib. O təklif edib ki, həmin bölgələrdə yaşayanların vergi yükü azaldılsın.
İclasda Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.