Söz var dağa qaldırar, söz var dağdan salar

Sözün qüdrətindən bütün müqəddəs kitablar yazıb

Source:

Sözün qüdrətindən bütün müqəddəs kitablar yazıb. İndinin özündə də hakimiyyətdə olan qüvvələr sözü ən kəsərli və qorxunc silah sayırlar. İnanmırsınız? Yadınıza salın, ölkəmizdə çap mediasının neçə, elektron mediasının neçə faizi hakim qüvvə tərəfindən inhisara alınıb. Baxın görün, sadə insanlara ləyaqətli həyat səviyyəsi təmin etməkdə xəsislik edən hakimiyyət satqın yazarları necə səxavətlə yağ-bal içində bəsləyir!

Bütün müasir siyasi çaxnaşmalarda TV-nin, qəzetlərin, saytların rolu həlledicidir.

Lenin jurnalistləri və yazıçıları qanla və zorakılıqla ideal cəmiyyət quran partiyanın müsəlləh əsgəri görmək istəyirdi. Hakim zümrə azəri yazarlarını tək əsgər yox, həm də arsız böhtançı, arzuedilməz vətəndaşların siyasi qatili, məzlum kütləni hakimiyyətin müti quluna çevirən sehrli çubuq görmək istəyir.

Hakim zümrə medianı həm də onun Kreml qarşısında öhdəlik götürdüyü əbədi münaqişənin keşikçisi görmək istəyir. Milli jurnalistikamız, azəri yazarları, nadir istisnaları çıxmaq şərtilə, hakimiyyətin bu arzusunu biabırçı bir tamahkarlıq və kütbeyinliklə icra edir. Özü də tək jurnalistlər deyil, həm də bütün ictimaiyyət, içi siyasi partiyalar və ictimai təşkilatların əksəriyyəti olmaqla, eyni dəstə qulluqçusu mövqeyində durub kütlənin oynadılmasına, sürü kimi idarə edilməsinə xidmət edir. Belə olmasaydı, ictimai şüurumuza ədavət və barışmazlıq deyil, dünyada nadir də olsa, rast gəlinən barış nümunələri hakim kəsilərdi.

Bu, təkcə bizə deyil, həm də, və özü də, ilk növbədə, Ermənistana, erməni mediasına və yazarlarına aid ediləsi diaqnozdur. Tarix nə vaxtsa məhkəmə qursa, nadir erməni millətçi yazarı özünə bəraət ala biləcək. Hamısı vətən xaini, imperiya əlaltısı kimi lənətlənəcək.

Üzdə olan düstur o qədər sadədir ki, onu dərk etməmək mümkün deyil. Münaqişədən imperiya və onun yerli nökərləri qazanır. İtirən xalqlardır, sadə ermənilər və azərbaycanlılardır. Ədavəti qızışdıran hər kəlmə münaqişənin qorunmasına, uzadılmasına, xalqa yad qüvvələrə xidmət edir.

Bundan hansı məntiqi nəticə çıxır? Xalqı, Vətəni sevirsənsə, öz peşənə hörmət edirsənsə, gərək savaşa deyil, barışa xidmət edəsən. Əgər heç olmasa azca məntiqi düşüncə qabiliyyətin varsa, anlamalısan ki, xalqın bütün müsibətlərinin, o cümlədən müstəbid hakim quruluşun kökündə yad və düşmən qüvvənin qafqazlılara sırıdığı münaqişə durur. Özü də bu münaqişəni heç bir saya alınası imkanı olmayan erməni xalqı deyil, “ayır-buyur” siyasətinin ali ustası Rusiya başlamış, bu əsnada cahil qafqazlıları bir-birilə sınanmış üsullarla vuruşdurmuşdur.

Kifayətdir ki, Cəfər Cabbarlının “atan kazaklardır” cümləsini yada salaq.

Əgər özünü vicdanlı və peşəkar jurnalist sayırsansa, gərək peşə qaydalarına riayət edib yalnız xəbər çatdırasan, heç kim üçün maraqlı olmayan şəxsi mövqeyini və ehtiraslarını qabartmayasan.

Lakin bizdə, səd heyf ki, belə deyil. Orta məktəbdə yaxşı inşa yazmağı öyrənmiş və dünyanın mürəkkəb və dolaşıq işlərindən tam bixəbər vücud müasir Azərbaycanın müasir jurnalistikaya dəxli olmayan jurnalistika (və ya digər eyni məzmunlu) fakültələrində 4 il vaxt sərf etdikdən sonra hesab edir ki, xalqın ehtiyac duyduğu yeganə şey – onun dünya haqqında rəyidir.

Və başlayır döşəməyə! Xəbər qalır kölgədə, oxucuya və dinləyiciyə bu kəmsavad vücudun bəsit, çox zaman hakimiyyətin xalqı itaətdə saxlamağa xidmət edən xəbis mövqeyinin təkrarı olan rəyi çatdırılır.

Vücud hesab edir ki, cəmiyyətin onun rəyinə əşəddi-ehtiyacı var. Bu rəy isə ibarətdir erməni xalqını və bütün erməniləri aşağılamaqdan, onların barəsində bədii təhqirlərin işlədilməsindən. Nə qədər gülünc olsa da, bu vücud anlamır ki, özü də bilmədən Ermənistandakı tay-tüşünu təqlid edir. Zira orada da eyni savad və dərrakə sahibi “mənfur turkes”i eyni tərzdə və eyni ibarələrlə təhqir edir.

Etməyin tənbəllik, açın (əlbəttə, əgər rus və ya erməni dilini bilirsinizsə) erməni saytlarını və oxuyun həm erməni yazarlarının azərbaycanlılar barədə nifrət və kinayə dolu yazılarını, sonra isə bizim jurnalistlərin münaqişə və ermənilər barədə yazılarını. Qəribə və gülməli-ağlamalı oxşarlıq, hətta eynilik görəcəksiniz.

Bu eyniliyin mənbəyi nədir? İdeoloji qəliblərin eyniliyi, düşüncə tərzlərinin oxşarlığı, savaş mədəniyyətinin yeknəsəqliyi… Orada korrupsiyaya uğramış “kriminal diktatura rejimi” münaqişədən bəhrələnərək öz istibdadını möhkəmləndirir, bunun üçün satqın və ya cahil yazarların xidmətindən yararlanır, burada eyni təbiətli “kriminal diktatura rejimi” münaqişədən bəhrələnərək xalqı xamlayır, diqqətini həyati məsələlərdən yayındıraraq “erməni düşməni”nə tərəf yönəldir və bu məqsədlə satqın və ya cahil azəri yazarlarının ədavət püskürən yazılarından istifadə edir.

Deyəndə ki, bəli, münaqişədə hər iki tərəf eyni cinayətləri törədib, zira etnik-ərazi münaqişələrinin təbiəti belədir, dünyada bir belə münaqişə yoxdur ki, hansısa tərəf tam məsum qalsın, vətənşivənlər şaxə qalxır: “O tərəf edib, biz isə etməmişik!”

Belə münaqişələrin mahiyyəti cinayət və zorakılıqdan, etnik təmizləmələrdən, zorakı deportasiyalardan ibarətdir, günaha batmadan qalmaq mümkün deyil. Etiraf etsən də, etməsən də, bu, danılmaz həqiqətdir. Ermənistanda azərbaycanlıları döyüblər, qovublar, öldürüblər. Paşinyan bunu bilsə də, bilməsə də, bu, faktlarla sübuta yetmiş tarixi həqiqətdir. Yüz dəfə de ki, qədim və mədəni erməni xalqı heç vaxt vəhşilik törətməz, budur, adlar, tarixlər, məkanlar, şahidlər, məzarlar.

Azərbaycanı guya ki, sevərək “biz vəhşilik tərətməmişik” deyənlərə bir sadə məsləhətim var: dünyanı özünüzə güldürməyin. Erməni tərəfi öz vəhşiliklərini əyalət şəhərciklərində və kəndlərdə, dağ keçidlərində törədəndə azərbaycanlı tərəfi bu əməlləri iri şəhərlərdə, dünyanın gözü önündə etmişdir. Görünür, hadisələrin rejissoru tamaşanı belə görürmüş.

Bu utanc gətirən hadisələr danılmazdır, onların günahsız qurbanları olmuşdur və hadisədən 30 il keçməsinə baxmayaraq, dövlət səviyyəsində qurbanlar barəsində bir kəlmə belə rəhmət, təəssüf və peşimançılıq bildirilmir.

20 Yanvar qeyd edilir, 13 yanvar isə sanki olmayıb. Heç kəs etiraf etmək istəmir ki, 20 Yanvar 13 yanvarın məntiqi davamı idi, hər iki hadisədə qırılanlar son nəticədə eyni cəlladın eyni oyununun eyni məsum qurbanı idi.

Danılmaz həqiqətdir ki, bu vəhşilikləri imperiyanın xüsusi xidmət qurumları təşkil etmişdi və ifaçılar sadəcə küt və avam alət rolunda çıxış edən qaragüruh olmuşdu. Kütləvi məsuliyyət məfhumundan sui-istifadə edərək bütöv xalqı bu cinayətlərdə ittiham etmək ağılsızlıq və xəbislikdir. Lakin bu sadə izahı qəbul etmək üçün vücudda heç olmasa bir qədər ağıl və məntiq olmalıdır. Hələlik Ermənistan və Azərbaycan mediasında at oynadan vücudlarda bu ağıl və məntiqin varlığından xəbər verən heç bir əlamət müşahidə edilmir. Müşahidə edilmir və tərəflər bir-birini bayağı ittiham və təhqir atəşinə tutur. “Siz bizi qırdınız, biz isə sizi qırmadıq…”

Çörəyi hakimiyyətə nökərçilikdən çıxan jurnalistlərə heç bir sözüm yoxdur. Hər bir kəs çörəyini vicdanı və bacarığı sayəsində qazanır. Sizin vicdanınız və bacarığınız, görünür, belədir və çörəyinizi də belə çıxarırsınız.

Sözüm düşünməyi bacaran, çörəyini iynə ilə gor qazaraq qazanan azsaylı kasıb yazarlaradır . Küyə uymayın, millətçilik qızdırmasına yoluxmayın. Unutmayın ki, millətimizin mitinqlərdə “biz erməniləri tüpürcəyimizlə qovacağıq” bağıran Xəlil Rza Ulutürk adlı şairi ilə yanaşı, nə yaxşı ki, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlil Məmmədquluzadəsi, Üzeyir bəy Hacıbəylisi olmuşdur. Onların heç bir yazısında etnik ədavət doğuran bir kəlməyə və hətta işarəyə rast gəlməzsiniz.

Onların əqidəsi buna yol verməzdi.

Kimi özünüzə örnək seçəcəksiniz? Seçim sizindir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSöz var dağa qaldırar, söz var dağdan salar